Azərbaycan Gənclər Fondunun təqdimatı keçirilmişdir

 

 İyunun 8-də Bakıda, "JW Marriott Absheron" otelində Azərbaycan Gənclər Fondunun təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, gənclər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Tədbiri açan fondun icraçı direktoru Fərhad Hacıyev bildirmişdir ki, ötən ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın bəndlərinin biri məhz ölkəmizdə Gənclər Fondunun yaradılması ilə bağlı idi. Bundan sonra dövlət başçısı 2011-ci il dekabrın 19-da Gənclər Fondunun yaradılması ilə bağlı fərman imzalamışdır. Ötən dövrdə fondun əsasnaməsi hazırlanmış, fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş, müxtəlif gənclər təşkilatları, Avropadakı tərəfdaşlar ilə müzakirələr aparılmışdır.

Sonra fondun loqosu və saytı təqdim olunmuş, videoçarx nümayiş etdirilmişdir.

Qeyd edilmişdir ki, fondun loqosunun dizaynı ilə bağlı elan olunmuş müsabiqə nəticəsində 181 təklif alınmışdır. Müsabiqədə həmçinin Avropanın bir sıra ölkələrindən, o cümlədən Belçika, Avstriya, Macarıstan və Polşadan olan gənclərin də fəal iştirak etdiyi bildirilmişdir. Müsabiqənin şərtlərinə əsasən, Azərbaycan Gənclər Fondunun loqosu özündə milliliyi, inkişafı, müasirliyi və gəncliyi təcəssüm etdirməli idi. Loqo müsabiqəsi Avropa Şurasının gənclər portalında da yerləşdirilmişdi. Müsabiqə nəticəsində qalib elan olunmuş müəllif Elçin Aşurov fondun fəxri diplomuna və mükafatına layiq görülmüşdür.

Fondun internet səhifəsi barədə məlumat verən F.Hacıyev saytın dünyada ən qabaqcıl texnologiyayanaşmalar əsasında hazırlandığını vurğulamışdır. Qeyd olunmuşdur ki, fondla əməkdaşlıq, müəyyən təşəbbüslərlə çıxış etmək üçün qurumun qeydiyyatından keçmək lazımdır. Saytda altı bölmənin olduğunu vurğulayan icraçı direktor burada layihə elanlarının, tərəfdaşların, tədbirlərin, ölkəmiz haqqında ümumi məlumatların yerləşdirildiyini bildirmişdir. Fondun saytı sosial şəbəkələrdə də fəaliyyət göstərir. Fond hazırda beş yerliiki beynəlxalq qurumla tərəfdaşlıq edir.

Azərbaycan Gənclər Fondunun fəaliyyət istiqamətləri barədə məlumat verilərkən vurğulanmışdır ki, qurum ölkəmizdə gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edəcəkdir. Beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri təsdiqləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək qurumun əsas hədəflərindəndir.

Fondun yaradılması münasibətilə təbriklərini çatdıran gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, qurumun təsis olunması gənclərlə sahəsində fəaliyyətin yeni formalarda davam etdirilməsinə imkan verəcəkdir. Azərbaycanda gənclərin əhalinin əksəriyyətini təşkil etdiyini vurğulayan nazir bu sahənin hər zaman dövlətin diqqət mərkəzində olduğunu söyləmişdir. Xalqımızın ulu öndəri Heydər Əliyevin "gənclər bizim gələcəyimizdir" fikrini xatırladan A.Rəhimov bu siyasətin bu gün də yüksək səviyyədə davam etdirildiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın tərkib hissəsi kimi yaradılan fond dövlət başçısının ölkəmizdə gənclərə yüksək diqqət və qayğısının göstəricisidir.

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Fondun yaradılması ilə bağlı təşəbbüsün ötən il Prezident İlham Əliyevin gənclərlə görüşündə irəli sürüldüyünü xatırlatmışdır. Bildirilmişdir ki, bu təşəbbüs dövlət başçısı tərəfindən dərhal dəstəklənmiş və qurumun yaradılması "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nda əksini tapmışdır.

Prezident Administrasiyasının şöbə müdiri vurğulamışdır ki, intellektual və təşəbbüskar Azərbaycan gəncliyinin formalaşması baxımından fondun qarşısında çox mühüm vəzifələr durur. Azərbaycan Gənclər Fondu fəaliyyətini məhz bu istiqamətdə təşkil etməlidir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Gənclər Fonduna beş milyon manat vəsaitin ayrıldığını vurğulayan E.Aslanov bu quruma dövlətin diqqət və qayğısının, ayrılacaq vəsaitin gələcəkdə daha da artırılacağını, yeni fəaliyyət istiqamətlərinin müəyyənləşdiriləcəyini bildirmişdir. Diqqətə çatdırılmışdır ki, fondun əsas məqsədi gənclərin təqdim etdikləri təşəbbüskar layihələrin maliyyələşdirilməsini həyata keçirməkdir. Bu da Azərbaycanda təşəbbüskar, intellektual, kreativ gənclərin formalaşmasına zəmin yaradacaqdır. İstəyimiz odur ki, bu fonda təqdim olunan layihələr cəmiyyətimizin, dövlətimizin, gənclərimizin inkişafına xidmət etsin.

Gənclərin olduqca həssas bir dövrdə yaşadıqlarını qeyd edən E.Aslanov bu baxımdan daha səmərəli layihələrin təqdim olunmasının əhəmiyyətini vurğulamışdır. Gənclərimiz Azərbaycan dövlətini layiqincə yaşatmalı, inkişaf etdirməlidirlər. Ümidvaram ki, yaxın gələcəkdə Azərbaycan Gənclər Fondunun yeni təşəbbüslərinin, təqdimatlarının şahidi olacağıq.

Gənclər Fondunun yaradılmasını əlamətdar hadisə kimi qiymətləndirən BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Fikrət Akçura bildirmişdir ki, Azərbaycan gənclərin çoxluq təşkil etdiyi inkişafda olan dövlətdir. Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənclərin inkişafına yüksək diqqət və qayğının göstərildiyini deyən F.Akçura Azərbaycanın ən ciddi meyarlar baxımından artıq orta inkişaf səviyyəsində olan ölkələr sırasında yer aldığını vurğulamışdır. Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi Azərbaycanın yüksək inkişafını bütün dünyaya göstərmişdir. İnanıram ki, yaxın zamanlarda Azərbaycan gənclərin fəallığı ilə yüksək inkişaf edən dövlətlər qrupuna daxil olacaqdır. Bunun üçün Azərbaycan gəncliyinin inkişaf etməsinin vacibliyini vurğulayan F.Akçura fonda hər cür dəstək verməyə hazır olduqlarını bildirmişdir.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycan Gənclər Fondunun yaradılmasını çox böyük ictimai-siyasi hadisə kimi qiymətləndirmişdir. O, Azərbaycanın dövlət siyasətində gənclər sahəsinin prioritet istiqamətlərdən olduğunu vurğulamışdır.

Komitə sədri Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi, bu sahənin canlandırılması, gənclərimizin irəli sürdüyü təşəbbüslərin dəstəklənməsi, onların layihələrinin maliyyələşdirilməsi baxımından fondun yaradılmasının əhəmiyyətini qeyd etmişdir. Diqqətə çatdırılmışdır ki, Milli Məclisdə hazırlanan "Sosial sifariş haqqında" qanun layihəsində fondun vəsaitlərinin istifadə olunması məsələsi də əksini tapacaqdır.

Təqdimat mərasiminə yekin vuran F.Hacıyev gəncləri fondla yaxından əməkdaşlığa və müasir, təşəbbüskar layihələrlə çıxış etməyə çağırmışdır.

 

 

Azərbaycan.- 2012.- 9 iyun.- S. 4.