İsveçrənin
nüfuzlu “UN Special” jurnalında Azərbaycanın dilbər guşəsi
olan Şuşa
haqqında geniş məqalə dərc edilmişdir
Məqalədə Şuşa
şəhərinin Azərbaycan mədəniyyətinin nadir mərkəzlərindən biri olduğu bildirilmişdir
Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş diplomatik korpusun 10 minlik tirajla çap edilən nüfuzlu "UN Special" jurnalının (www.unspecial.org) 718 nömrəli buraxılışında Azərbaycan Respublikasının Cenevrədə BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Murad Nəcəfbəylinin "Şuşa. Azərbaycan mədəniyyətinin məbədi" adlı məqaləsi dərc olunmuşdur.
Azərbaycan Respublikasının Cenevrədə BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, İsveçrədə geniş oxucu kütləsinə malik "UN Special" jurnalında dərc olunmuş məqalədə müəllif çoxmədəniyyətli Azərbaycanın zəngin tarixi və mədəni irsi barədə ətraflı məlumat verir. Tarix boyu Azərbaycanın xarici ölkələr ilə mütəmadi əlaqədə olduğunu, bunun nəticəsində mədəniyyət və incəsənət mübadiləsinin baş verdiyini qeyd edən müəllif Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin nadir mərkəzlərindən biri olduğunu yazır.
Məqalənin əvvəlində Azərbaycanın Qarabağ xanlığının mərkəzi olan Şuşa qala-şəhərinin tarixi və abidələri haqqında ətraflı məlumat verilir. Müəllif həmçinin XVIII və XIX əsrlərə aid milli memarlığın və şəhər quruculuğunun nadir nümunələri - Gəncə qala divarları, Xan bağı, Qara Böyükxanım qəsri, Yuxarı və Aşağı Gövhərağa məscidləri barədə də yazır.
Jurnalda Şuşanın Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynadığı vurğulanır. Şuşanın nəinki nadir abidələr şəhəri, eləcə də Qasım bəy Zakir, Mir Möhsün Nəvvab, Xurşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Üzeyir Hacıbəyli kimi görkəmli azərbaycanlıların Vətəni olduğu bildirilir.
Məqalədə Azərbaycan muğamının beşiyi sayılan Şuşanın XIX əsrdə "Qafqazın konservatoriyası" adlandırıldığı qeyd olunur, bu şəhərdə yaşayıb-yaratmış Azərbaycan musiqisinin görkəmli nümayəndələri - Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Bülbül, eləcə də Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında ətraflı məlumat verilir.
Yazıda 1970-80-ci illərdə Şuşada yeni mədəniyyət və incəsənət abidələrinin, o cümlədən ikimərtəbəli mineral su qalereyasının, M.P.Vaqifin mavzoleyinin, M.M.Nəvvabın və Ü.Hacıbəylinin abidələrinin, bir çox Azərbaycan şairlərinin büstlərinin ucaldığı bildirilir. Şuşanın Azərbaycanın tarixində və mədəniyyətində əvəzsiz rolundan bəhs edilən məqalədə şəhərin mədəni irsinin hər zaman Azərbaycan hökumətinin və xalqının diqqət mərkəzində olduğu vurğulanır.
Bundan əlavə, məqalədə
Şuşada yerləşən XIX əsrə
aid Saatlı məscidinin tavanı, şəhərin
görünüşü və xalq yaradıcılığına dair fotoşəkillər yerləşdirilmişdir.
Azərbaycan.- 2012.- 9 iyun.- S. 4.