Eduard Lintner: “Bütün beynəlxalq sənədlər
Azərbaycanın ərazi bütövlüyünü
dəstəkləyir”
İyunun 8-də Azərbaycanda səfərdə olan Avropa Parlamentinin və Almaniya Bundestaqının üzvləri kənd təsərrüfatı naziri İsmət Abasov ilə görüşmüşlər.
Görüşdə Azərbaycanda kənd təsərrüfatı sahəsində mövcud vəziyyət və əldə olunan nailiyyətlər barədə məlumat verilmiş, Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərə dair həqiqətlərdən, qaçqın və məcburi köçkünlərin vəziyyətindən söhbət açılmışdır.
İ.Abasov qonaqlara ölkəmizdəki sosial-iqtisadi vəziyyət, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində aqrar sahədə əldə olunmuş nailiyyətlər və bu sahəyə göstərilən dövlət qayğısı barədə məlumat vermişdir. Nazir bildirmişdir ki, ötən dövrdə kənd təsərrüfatının ümumi məhsulu 5,4 faiz artmışdır. Ölkə əhalisinin 38 faizi kənd təsərrüfatı ilə məşğul olur. Nazir beynəlxalq təşkilatlarla əməkdaşlığın uğurla davam etdirildiyini də diqqətə çatdırmışdır.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalından danışan nazir bildirmişdir ki, əvvəllər xaricdən idxal olunan malların bir qismi - bitki yağları, şəkər, pivə, tütün, süd məhsulları, meyvə şirələrinin əksəriyyəti ölkədə istehsal olunur.
Dağlıq Qarabağ probleminə toxunan İ.Abasov vurğulamışdır ki, Azərbaycanın 20 faizdən çox ərazisi ermənilər tərəfindən işğal edilmiş, 1 milyondan çox insan yurd-yuvasından qaçqın və məcburi köçkün düşmüşdür. İşğal nəticəsində Azərbaycanın ən məhsuldar kənd təsərrüfatı torpaqları itirilmişdir.
Dağlıq Qarabağ münaqişəsinə toxunan Almaniya Bundestaqının və AŞ PA-nın keçmiş üzvü Eduard Lintner demişdir: "Azərbaycanın ən ağrılı yeri Dağlıq Qarabağ problemidir. Ölkəniz bu məsələdə haqlıdır. Biz bunu aydın görürük. Üç il bundan əvvəl Almaniya Bundestaqında qətnamə qəbul olunmuş və həmin qətnamədə ölkənizin ərazi bütövlüyü dəstəklənmişdir. Bütün beynəlxalq sənədlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir".
Azərbaycanın kənd təsərrüfatı
sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığını
yüksək qiymətləndirən Eduard
Lintner Almaniyanın Azərbaycan ilə aqrar sahədə əlaqələrin daha da genişləndirilməsində
maraqlı olduğunu demiş
və müəyyən işlərin
aparıldığını qeyd etmişdir. Qonaq əlavə
etmişdir ki, gənc
fermerlər üçün məktəb
ilə bağlı iki layihə hazırda
müzakirə olunur. Azərbaycanın gənc
fermerləri almaniyalı həmkarları ilə təcrübə
mübadiləsi aparacaq, onlara
alman təcrübələri öyrədiləcəkdir.
Azərbaycan.- 2012.- 9 iyun.- S. 4.