Devid Kemeron: Azərbaycan dünya iqtisadiyyatında mühüm rol oynayacaqdır

 

Avropa-Azərbaycan Cəmiyyəti (AAC), Avropada yaşayan azərbaycanlılar və ölkəmizin dostları Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgisi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə  göndərdiyi məktubda qeyd olunan fikirlərini yüksək qiymətləndirir. Bu barədə AAC-in bəyanatında qeyd olunur.

Bəyanatda vurğulanır ki, məktubda Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin gələcəyinin təmin olunmasındakı davamlı rolu önə çəkilir: "Azərbaycan gələcəkdə dünya iqtisadiyyatında mühüm rol oynayacaq enerji resursları ilə seçilən regionun mərkəzində yerləşir. Azərbaycan bu sərvətlərin hamının rifahına yönəldilməsində əsas və fəal rol oynamışdır".

Bundan əlavə, Avropanın enerji təminatının şaxələndirilməsi istiqamətində aparılan danışıqlarda Azərbaycanın önəmli ölkə olduğu vurğulanır.

Məktubda Xəzər dənizinin Azərbaycana aid hissəsindəki layihələrə toxunan D.Kemeron demişdir: "Ötən ilin sonunda imzalanmış mühüm hökumətlərarası saziş "Şahdəniz" qazının Avropaya nəqli məqsədilə "Transanadolu" boru kəmərinin çəkilməsi istiqamətində işin başlanması ilə yanaşı, "Cənub" qaz dəhlizi layihəsinin reallaşmasına yardım edəcəkdir. Bu, Avropa enerji təchizatında şaxələndirməyə doğru atılan addımdır. Bu, həmçinin regionun karbohidrogen ehtiyatlarının işlənilməsinə imkan yaratmaq üçün vacibdir. Məmnunuq ki, Azərbaycanda ən böyük xarici sərmayədar olan "bp" şirkəti bu işdə çox yaxından iştirak edir".

D.Kemeronun məktubuna münasibət bildirən AAC-in Hökumətlərlə Əlaqələr Bölməsinin rəhbəri Leon Kukun fikrincə, Baş nazirin fikirləri Londonda və digər yerlərdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolunun artıq daha yaxşı başa düşüldüyünü göstərir. L.Kuk demişdir: "Böyük Britaniya hökuməti Azərbaycanın bir çox enerji məsələlərinə dair Avropa ilə birgə işləmək istiqamətində səylərini, Xəzər dənizindəki enerji layihələri üzərindəki öhdəliklərinə sadiq qalmasını yüksək qiymətləndirir".

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 9 iyun.- S. 4.