İtaliyada keçirilən konfransda
Azərbaycan Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurası sədrinin məruzəsi dinlənilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Avropa Şurası və Yerli Demokratiya Qurumları Assosiasiyasının təşkilatçılığı ilə İtaliyanın Venesiya-Friuli Giulia regionunda keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir.
Şuradan AzərTAc-a bildirmişlər ki, "Fəal vətəndaşlıq və qonşu ölkələrdə yerli demokratiyanın gücləndirilməsi: qazanılmış təcrübə və Cənub-Şərqi Avropadan orta regionlara qədər olan imkanlar" mövzusunda keçirilən konfransda A.Quliyev vətəndaş cəmiyyəti institutlarının möhkəmləndirilməsi və vətəndaşların ictimai fəaliyyət üzrə təcrübə mübadiləsi imkanlarının genişləndirilməsində Azərbaycanın təcrübəsi haqqında məruzə etmişdir.
A.Quliyev məruzəsində QHT, hökumət, bələdiyyə orqanlarının birgə fəaliyyəti və beynəlxalq əməkdaşlıq sahəsində Azərbaycanın əldə etdiyi uğurlardan danışmış, ölkəmizin QHT və bələdiyyə mənzərəsi, ictimai institutların fəaliyyətini tənzimləyən qanunvericilik bazası, Şuranın məqsədi və strukturu, QHT-lərə və bələdiyyələrə dövlət dəstəyi proqramları çərçivəsində ayrılan maliyyə yardımı və başqa məsələlərə toxunmuşdur. Şura sədri QHT-bələdiyyə əməkdaşlığının daha da gücləndirilməsi üçün bu sahədə strategiya sənədinin hazırlanması, beynəlxalq təcrübə və informasiya mübadiləsinin aparılması, birgə qrant müsabiqələrinin keçirilməsi və bu əməkdaşlığa özəl sektorun dəstəyinin təmin edilməsi təklifləri ilə çıxış etmişdir.
Konfrans iyunun
10-dək davam edəcəkdir.
Azərbaycan.- 2012.- 9 iyun.- S. 4.