Azərbaycan gəncliyi Azərbaycanın gələcəyidir

 

 İstənilən cəmiyyətdə aparıcı sosial-demoqrafik qrup kimi dəyərləndirilən gənclik tarixən inkişaf prosesində böyük rol oynayıb və ötən zaman bu reallığın daha möhkəm əsaslar üzərində qurulması ilə müşayiət olunub. Məhz bunun nəticəsidir ki, yaşadığımız yeni yüzillikdə gənclərin ümumi tərəqqi prosesinə verdiyi töhfələr artan xətt üzrə inkişaf edir. Getdikcə daha böyük sürətlə qloballaşan müasir dünyamıza nəzər salmaqla bir daha aydın görmək mümkündür ki, ictimai-siyasi, sosial-iqtisadi və digər vacib sahələri əhatə edən hadisələrin mərkəzində yer alan əsas qüvvələr məhz gənclərdir. Bu mənada təsadüfi deyil ki, gənc nəsillə bağlı dəqiq və dərin düşünülmüş siyasətin hazırlanması inkişaf səviyyəsinə görə ön sıralarda olan dövlətlərin əsas diqqət mərkəzində yer alır və Azərbaycan da burada istisnalıq təşkil etmir.

Danılmaz həqiqətdir ki, dövlət, onun rəhbəri tərəfindən gənclərlə bağlı həyata keçirilən məqsədyönlü siyasət bu təbəqənin nümayəndələrinin ictimai həyata daha çox cəlb olunmasına və müasir Azərbaycanın daha dinamik tərəqqisində oynadıqları rolun artmasına gətirib çıxarır. Azərbaycanın gənclər siyasətini formalaşdıran ümummilli lider Heydər Əliyev hər zaman gənc nəslə böyük qayğı ilə yanaşaraq bu təbəqənin təmsilçilərinin dövrün tələblərinə cavab verən formada inkişafını əməli tədbirlərlə stimullaşdırdı. Bunun konkret təzahürü kimi 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılmasını, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafına diqqətin artırılması, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlərin görülməsi, bir sıra dövlət proqramlarının hazırlanmasını qeyd etmək olar.

1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun keçirilməsi, bundan bir il sonra Azərbaycan gəncliyi günü elan edilməsi, 1999-cu ildə "Dövlət gənclər siyasəti haqqında" fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi ulu öndərin gənc nəslə yüksək diqqətinin konkret nümunələri qismində çıxış edirdi. Gənclərlə bağlı daha bir mühüm sənəd isə 2002-ci ildə qəbul olunan "Gənclər siyasəti haqqında" qanun oldu. Bununla yanaşı, gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının səmərəli şəkildə reallaşdırılması, onların cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması istiqamətində adıçəkilən qanun mühüm əhəmiyyət kəsb etdi. Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştiraklarında, onların sağlamlığının qorunmasında və fiziki inkişafında, istedadlı gənclərə, gənc ailələrə və gənclər təşkilatına dövlət qayğısının yüksəlməsində, gənclərin məşğulluğunun təmin olunmasında da bu qanunun böyük rolu var.

Ulu öndərin zəngin irsinin ən böyük davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında isə bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasəti yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Dövlət başçısının rəhbərliyi altında böyük müvəffəqiyyətlə həyata keçirilən gənclər siyasəti sözügedən  nəslin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması ilə nəticələnməkdə, daha böyük uğurların əldə olunmasına rəvac verməkdədir. Həm də bunun nətiəcəsidir ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir.

Prezident İlham Əliyevin 2011-ci il 6 aprel tarixli "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramı haqqında sərəncamı da gənclərə yüksək diqqət və qayğının real təzahürü kimi çıxış edir. Qeyd etmək yerinə düşərdi ki, sərəncam ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək kimi mühüm məqsədlərə xidmət edir.

Danılmaz həqiqətdirki, beynəlxalq sferada gənclərimiz dövlətimizin dəstəyi ilə Azərbaycanı bir çox yarışlarda, tədbirlərdə, kofranslarda xarici ölkələrdəki təhsil müəssisələrində təmsil edirlər. Bunu dövlətimizdən daim qayğı görən bir gənc kimi böyük qürur və fərəh hissi ilə vurğulayıram. Elə iştirak etdiyim tədbirlər, beynəlxalq konfranslar da dövlətimiz tərəfindən bu müstəvidə həyata keçirilən siyasətin real təsdiqi hesab oluna bilər. 2009-cu ildə Bakı Dövlət Universitetinin təşəbbüsü ilə Almaniyanın Ilmenau şəhərində keçirilən Beynəlxalq tələbələr həftəsini bu konekstdə qeyd etmək yerinə düşərdi. Sözügedən tədbirdə dünyanın 57 ölkəsindən gələn tələbələrlə əsas mövzu olaraq beynəlxalq tələbə mübadiləsi proqramı və onun daha səmərəli realizəsi üçün strateji planın qurulması müzakirə olundu. Eynilə də bu proqramın bir sıra universitetlərdə həyata keçirilməsi və daha çox gənc tələbənin bu proqramdan faydalana bilməsi üçün görüləcək işlərlə bağlı təlimlər keçirildi. Azərbaycanı belə bir tədbirdə təmsil etmək isə heç şübhəsiz ki, olduqca qürurverici haldır. 2011-ci ildə Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi və Amerika Vəkillər Assosiasiyasının rəsmi dəvəti ilə Kanadanın Toronto şəhərində keçirilən Beynəlxalq vəkillərin toplantısında  iştirakım da dövlətimizin gənclərə dəstəyinin əyani sübutudur.

2012-ci il mart ayının 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın mərkəzi şurasında yer aldığı Dünya Azərbaycanlı Gənclərin Təsis Qurultayı keçirildi.  Qurultayda apardığımız müşahidələrdə belə bir nəticəyə gəldik ki, Dünya Azərbaycanlı Gənclərin Təsis Qurultayının keçirilməsi nəinki Azərbaycanda yaşayan gənclərin, eləcə də xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və cəmiyyətə inteqrasiyası, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müasir informasiya texnologiyalarının tətbiqi, lobbi quruculuğu istiqamətində mühüm addımlardan biri oldu.

Dövlətimiz tərəfindən gənclərin bilik və bacarıqlarının yüksək qiymətləndirilməsi, onların problemlərinin həlli istiqamətində atılan konkret addımlar indi bu sahədə həyata keçrilən siyasətin ən mühüm istiqamətləridir. Eyni zamanda, gənclərin təşkilatlanması, onların potensiallarından səmərəli istifadə də əsas prioritet istiqamətlərdən birini təşkil edir. Hazırda ''Gənclər siyasəti haqqında'' Azərbaycan Respublikasının qanununa əsasən gənclər təşkilatları  gənclərin problemlərinin həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının öyrənilməsi məqsədi ilə qanunvericilikdə müəyyən olunmuş qaydada yaradılan ictimai birliklər və fondlar olaraq bu siyasətin əsas təkanverici qüvvəsidir. Qeyd olunan kontekstdə təmsilçisi və baş katibi olduğum Avropa Hüquqşünas Tələbələr Assosiasiyası da artıq 2 ildir ki ugurlu strateji plan həyata keçirən gənclər təşkilatlarından biridir. Avropa Hüquqşünas Tələbələr Assosiasiyası - ELSA-nın (European Lawyer Students' Association) məqsədi Azərbaycan və Avropa gəncləri arasında hüquq elminin, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına kömək etməkdən ibarətdir. ELSA müstəqil, qeyri-siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq sahəsində tələbələr təşkilatıdır.

1981-ci ildə əsası beş hüquqşünas tələbə tərəfindən qoyulan ELSA Avropanın 42 ölkəsində, 210 universitetində 30 mindən çox gənc hüquqşünası özündə birləşdirir.

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan üzrə nümayəndəliyi olaraq artıq ölkəmizi Portuqaliyanın Algarve şəhərində keçirilən beynəlxalq şura toplantısında təmsil etmişik. Toplantıda əsas mövzu olaraq  avrointeqrasiya prosesində gənclərin rolu, gənc hüquqşünasların tələbə mübadiləsi proqramlarında iştirakı, transmilli hüquqla bağlı müzakirələr olub. Eyni zamanda, təmsil olunan Avropa ölkələrinin ELSA-nın fəaliyyətində iştirakının dəyərləndirilməsi müzakirə edilib. Azərbaycan bu beynəlxalq təşkilata 2010-cu ildə qoşulub. 58-ci Beynəlxalq şura toplantısında Türkiyənin Alanya şəhərində müşahidəçi üzv statusunu qazanan Azərbaycan 1 il sonra İtaliyanın Palermo şəhərində assosiasiyanın 60-cı Beynəlxalq şura toplantısında təşkilata tamhüquqlu üzv kimi qəbul edilib və "ELSA-Azərbaycan" səsvermənin nəticələrinə əsasən ELSA-nın tam üzvü olub. Onu da qeyd edim ki,  beynəlxalq şura tərəfindən ELSA şəbəkəsində passiv fəaliyyətinə və beynəlxalq toplantıda iştirak etmədiyi üçün "ELSA-Ermənistan" və "ELSA-Lüksemburq"un üzvlüyü səs çoxluğu ilə dayandırılıb.

Toplantıda nümayəndə heyətimiz bu il aprelin 26-29-da ilk dəfə Bakıda  keçirilən "Gənc Hüquqşünasların Beynəlxalq Bakı Forumu"nun "ELSA-Azərbaycan" tərəfindən təşkil olunmuş təqdimatını həyata keçirdi. Bu minvalla həmin tarixdə paytaxtımızda "Gənc Hüquqşünasların Beynəlxalq Bakı Forumu" kimi möhtəşəm bir tədbir baş tutdu.

Toplantıda Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, gənclər və idman nazirinin müavini İntiqam Babayev, ELSA prezidenti Niuşa Nademi, təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri Elşən Bayramov və başqaları maraqlı çıxışlar etdilər.

Üç gün davam edən foruma Avropanın müxtəlif ölkələrindən 50-yə yaxın gənc hüquqşünas qatılmışdı. Ümumilikdə isə forumda 100 gənc hüquqşünas iştirak edirdi. Tədbirin keçirilməsində əsas məqsəd  azərbaycanlı hüquqşünas tələbələri Avropa hüquq təhsili ilə tanış etmək, onların bu təhsil standartlarına inteqrasiyasına dəstək göstərmək idi. Bu mötəbər tədbir, eyni zamanda,  tələbələr arasında təcrübə və bilik mübadiləsinin dəstəklənməsinə, Avropanın müxtəlif ölkələrindən gəlmiş tələbələrin Azərbaycanın hüquq təhsili barədə məlumatlandırılmasına, hüquqşünas tələbələrin əlaqələrinin möhkəmləndirilməsinə də yardımçı oldu.

"ELSA-Azərbaycan"ın bu ilki hesabat planına əsasən ölkəmizdə ilk dəfə olaraq universitetlərarası "Səhnələşdirilmiş Məhkəmə Prosesi" müsabiqəsi keçirildi. Ədliyyə Nazirliyinin dəstəyi ilə Ədliyyə Akademiyasında "ELSA-Azərbaycan"ın üzvlərinə xüsusi təlimlər də keçirilib. Təlimləri uğurla başa vuran gənclərə Ədliyyə Nazirliyi tərəfindən sertifikatlar təqdim olunub.

Bütün bu nailiyyətlərin əldə olunmasında ilk növbədə dövlətimizin göstərdiyi maddi və mənəvi dəstək danılmaz və əvəzolunmazdır.  Xüsusilə, Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Ədliyyə Nazirliyi, Gənclər, İdmanTurizm Nazirliyi, Vəkillər Kollegiyası, Azərbaycan Hüquqşünaslar Konfederasiyası bu sahədə biz gənclərə yüksək qayğı göstərirlər. Gənclik isə göstərilən diqqət və qayğıya, etimada layiq olmağa çalışaraq ölkəmizin inkişafında daha yaxından iştirak edərək qazanılan nailiyyətlərdə öz xüsusi çəkisini artırmaqdadır.

 

 

Türkan MUSTAFAYEVA,

Bakı Dövlət Universitetinin hüquq

fakültəsinin tələbəsi,

"ELSA-Azərbaycan"ın baş katibi

 

Azərbaycan.- 2012.- 1 iyun.- S. 6.