Sponsorlardan biri də bp idi...
19-cu beynəlxalq Xəzər neft,
qaz, neftayırma və neft kimyası sərgi və
konfransı öz işini yekunlaşdırdı
Builki neft-qaz sərgi və konfransı öz sponsorlarının sayı baxımından da rekordçu oldu. Tədbirin 21 sponsoru var idi. Bunlar Azərbaycanda ən böyük neft və qaz layihələrinin əməliyyatçısı olan bp, SOCAR, "Andrade Gutierrez", "Xəzərgeofizika", "KonokoFilips" və başqalarıdır. Sərgi və konfrans artıq başa çatsa da, tədbir iştirakçıları və sponsorları hələ uzun müddət onun təəssüratı ilə yaşayacaq, nəticələrini müzakirə edəcəklər. Çünki dünyanın neft-qaz sənayesinin inkişafında əhəmiyyətli rol oynayan Xəzər neft-qaz sərgi və konfransı hər il olduğu kimi, yenə də fəallıqla, ruh yüksəkliyi ilə keçdi.
bp Azərbaycan şirkətinin xarici əlaqələr üzrə meneceri Tamam Bayatlı məhz bu mövzuda söhbət açaraq dedi:
- Fəxr edirik ki, Azərbaycan hökuməti və xalqı özünün ən böyük və mühüm, stratejli əhəmiyyətli dəniz yataqlarının işlənməsini bizə həvalə edib. bp şirkəti Azərbaycanda olduğu 20 il müddətində bu işin öhdəsindən uğurla gəlməyə çalışıb. İndiyə qədər qarşıya qoyulmuş məqsədlərə demək olar ki, nail olmuşuq.
Builki sərgiyə gəlincə isə demək istəyirəm ki, bp Azərbaycandakı 20 illik iş təcrübəsinə əsaslanaraq həm sərgidə, həm də konfransda böyük məmnuniyyətlə iştirak edib. Yeri gəlmişkən onu da qeyd edim ki, bp bu tədbirin keçirildiyi ilk ildən onun ən fəal iştirakçısı olub. 19-cu ildir Azərbaycanı regionda, hazırda isə hətta beynəlxalq aləmdə tanıdan ən böyük tədbirlərdən biri - Xəzər neft və qaz sərgi və konfransında iştirak edirik.
Belə hesab edirik ki, bu, təkcə Azərbaycanın deyil, regionun, indi isə artıq həm də beynəlxalq miqyasda neft-qaz sənayesinin ən böyük hadisələrindən biridir. Hər il bu tədbirə gələrkən məsuliyyətimizi dərindən hiss edirik. Çünki bilirik ki, Azərbaycanın aparıcı investoruyuq, əsas tərəfdaşlarından və əməliyyatçı şirkətlərindən biriyik. Bu rolumuzla fəxr edirik. Ona görə də sərgidə elə müvəffəqiyyətlərimizi seçib numayiş etdiririk ki, bu, bir növ bizim Azərbaycana hesabatımız olur.
bp-nin özü isə Azərbaycanda iki onillikdir fəaliyyət göstərir. Ona görə də sərgidəki stendimizdə öz əksini tapmış məlumatların hamısı bu illərdə şirkətin Azərbaycandakı fəaliyyətinin nəticələrini əks etdirirdi. Burada çox sayda məlumatlar, faktlar və rəqəmlər var idi. Şirkətin əməkdaşları qazandıqları nailiyyətləri təqdim etdikləri stenddə xalqla 3 mövzuda bölüşdülər.
Birinci mövzu bp-nin 20 ildə Azərbaycanda imza atdığı uğurlu işlərə həsr olunmuşdu. Bu illər ərzində bp neft və qaz ehtiyatlarının işlənməsini həyata keçirərək həm Azərbaycana, həm də layihələrdəki tərəfdaşlarına böyük mənfəətlər gətirib. Lakin biz bu əsas nailiyyətlərimizlə kifayətlənməmişik. Əldə etdiyimiz ən böyük nəticələrdən biri yerli kadrların bacarıqlarını inkişaf etdirərək onların ixtisaslarının artırılması, qabiliyyət və səriştələrinin dünya səviyyəsinə çatdırılması olub. Bunun üçün bacardığımız imkan və şəraiti yaratmış, əlimizdən gələn köməyi etmişik. Hazırda bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti vəzifəsində Azərbaycan vətəndaşı Rəşid Cavanşirin çalışması çox söz deyir. Şirkətdə bir sıra digər rəhbər vəzifələrdə də azərbaycanlı kadrlardır. Bir çox xarici menecerləri artıq yerli kadrlar əvəz edib. Məlumdur ki, bp-nin Azərbaycana gəldiyi ilk illərdə əsas vəzifələrdə - biz buna "açar vəzifələr" deyirik - xaricilər çalışırdı. bp gənc azərbaycanlı mütəxəssislərə təlim keçərək, onları özünün London, Hyuston, Aberdin və digər yerlərdəki bizneslərinə təcrübə keçməyə göndərərək beynəlxalq səviyyədə standartlarımızı öyrənmələri, texnologiyalarımızı mənimsəmələri üçün şərait yaratdı. Bundan sonra onlar bp Azərbaycan şirkətində rəhbər vəzifələr tutaraq özlərini doğrultdular.
Prezident İlham Əliyev bu günlərdə işini başa çatdırmış sərginin açılışı zamanı stendimizdə olarkən bp-nin regional prezidenti Rəşid Cavanşir yerli kadrların bir qrupunu ölkə başçısına təqdim etdi. Prezident İlham Əliyev onların hamısı ilə bir-bir tanış oldu, kimliyi, keçdikləri inkişaf yolu ilə maraqlandı və onlara müraciətlə bildirdi ki, təkcə bp-yə yox, Vətənə xidmət edirlər, Azərbaycanın layihələrini həyata keçirirlər. Bu, çox sevindirici bir hadisə idi. Çünki Prezident azərbaycanlı kadrların bp-də yüksək vəzifələr tutmasından məmnun qalmışdı.
Stendimizdə nümayiş etdirilən daha bir mövzu diqqəti çəkirdi. bp Azərbaycan şirkəti bu il ölkənin Olimpiya və paralimpiya komitələrinə, eləcə də bir qrup olimpiyaçı və paralimpiyaçı atletlərimizə dəstək göstərir. Məlum olduğu kimi, 2012-ci il Yay Olimpiya Oyunları Londonda keçiriləcək və onların əsas sponsoru bp şirkətidir.
Qısaca desək, bp builki neft-qaz sərgi və konfransına böyük nailiyyətlərlə gəlmişdi. Məsələn, ziyarətçilərə "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qazanılan uğurlardan ətraflı söhbət açıldı.
bp şirkəti ölkənin həyatındakı bu böyük hadisədə təkcə öz nailiyyətlərini nümayiş etdirən iştirakçı kimi deyil, həm də hər il sponsorlardan biri kimi çıxış edir. O, xüsusilə konfransın əsas sponsorlarından biri olur. Biz bu il də sponsorluq fəaliyyətimizi təkrar etmişik. Nə üçün məhz konfransa sponsorluq edirik? Çünki hesab edirik ki, bu, bir tribunadır. Orada Azərbaycan təkcə müvəffəqiyyətlərini nümayiş etdirmir, həm də beynəlxalq aləmdəki rolunu təsdiq edir. Orada elə çıxışlar edilir, elə məlumatlar verilir ki, dünyanın hər yerindən gəlmiş nümayəndələr həm Azərbaycanın neft-qaz sənayesi tarixindəki rolunu, həm də onun sahəyə hazırkı töhfələrini bir daha görürlər. Məsələn, elə bu ilin özündə konfransda SOCAR və bp tərəfindən çox maraqlı məruzələr edildi, tədqimatlar oldu. Ümumiyyətlə, bizim sponsorluq etdiyimiz builki konfrans da Azərbaycanın dünya neft-qaz sənayesində aparıcı rolunun bir daha təsdiq edilməsi baxımından çox əhəmiyyətli bir hadisə idi.
Flora SADIQLI
Azərbaycan.- 2012.- 9 iyun.- S. 5.