Bakıda MDB üzvü olan dövlətlərin
Vergi Xidmətləri Rəhbərləri Koordinasiya Şurasının 19-cu iclası keçirilmişdir
Tədbir iştirakçıları əvvəl Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, sonra Şəhidlər xiyabanına gələrək şəhidlərimizin xatirəsini anmışlar.
Koordinasiya Şurasının iclasında MDB iştirakçısı olan dövlətlərdən Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna vergi xidmətlərinin, həmçinin müşahidəçi qismində Latviya, Litva və Koreya respublikalarının vergi orqanlarının rəhbər vəzifəli şəxsləri və MDB İcraiyyə Komitəsinin səlahiyyətli nümayəndələri iştirak etmişlər.
Koordinasiya Şurasının sədri, Ukrayna Dövlət Vergi Xidmətinin sədri Aleksandr Klimenko qurumun ötən bir il ərzində fəaliyyəti haqda məlumat vermiş, əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır.
Azərbaycan Respublikası vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov tədbirin ölkəmizdə artıq üçüncü dəfə keçirilməsindən məmnunluğunu ifadə etmişdir. Nazir müavini bu görüşün tərəflər arasında əlaqələrin, tədbirin gündəliyi çərçivəsində qəbul olunmuş qərarların isə onlar arasında əməkdaşlığın inkişafına güclü təkan verəcəyinə inandığını bildirmişdir.
Azərbaycanın vergi sistemində həyata keçirilən islahatlardan danışan S.Ələkbərov qeyd etmişdir ki, ölkəmizdə dövlət müstəqilliyinin bərpasından keçən 20 il ərzində planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçidlə bağlı uğurlu layihələr həyata keçirilmişdir. Özəl sektorun ümumi daxili məhsulda payı 80 faizi ötmüşdür. 1995-ci ildən Azərbaycan iqtisadiyyatına 120 milyard, o cümlədən neft sektoruna 50 milyard dollardan artıq investisiya qoyulmuşdur.
S.Ələkbərov son 8 ildə ümumi daxili məhsulun və sənaye istehsalının 3 dəfə artdığını, yoxsulluq səviyyəsinin 49 faizdən 7,6 faizə endiyini, 1 milyondan çox yeni iş yerinin açıldığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycanda reallaşdırılan layihələr ölkə hüdudlarından kənarda da böyük maraqla qarşılanır, beynəlxalq maliyyə institutları ölkəmizdə görülən işləri dəstəkləyirlər. Son illər ərzində Standart & Poor's, Fitch və Moody's kimi institutlar dəfələrlə Azərbaycanın maliyyə reytinqini yüksək qiymətləndirmişlər.
Beynəlxalq əməkdaşlıq məsələlərinə daim önəm verildiyini bildirən nazir müavini bu gün Azərbaycanın bir çox beynəlxalq institutlar, o cümlədən MDB-nin müxtəlif strukturlarında digər üzv dövlətlərlə fəal əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır.
Ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində görülən işlərə toxunan S.Ələkbərov kosmik sənayenin qurulması, e-hökumətin tətbiqi sahəsində əldə olunan uğurlar barədə də məlumat verərək qeyd etmişdir ki, növbəti 10 ildə hökumət qarşısında qoyulmuş başlıca vəzifə son 8 ildə üç dəfə artmış ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır.
İclas zamanı iştirakçı dövlətlərin vergi orqanlarının fəaliyyətlərinin əsas iqtisadi göstəriciləri, kiçik sahibkarlıq subyektləri tərəfindən xüsusi vergi rejimlərinin tətbiqi, əmlak vergisinin inzibatçılıq prosedurlarının sadələşdirilməsi və digər məsələlər müzakirə edilmişdir. Tədbirdə həmçinin MDB-nin İqtisadi İnkişaf Strategiyasının birinci mərhələsinin (2009-2011) həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının yerinə yetirilməsi və s. məsələlərlə bağlı məlumat mübadiləsi aparılmış, şuraya sədrlik rotasiya prinsipinə uyğun olaraq növbəti bir il üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinə keçmişdir.
Azərbaycan.- 2012.- 9 iyun.- S. 5.