Təhlükəsiz və sağlam əmək şəraiti üzrə Milli Üçtərəfli Sosial Şuranın ilk iclası keçirilmişdir

 

İyunun 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə qərarı əsasında yaradılmış təhlükəsiz və sağlam əmək şəraiti üzrə Milli Üçtərəfli Sosial Şura ilk iclasını keçirmişdir.

ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, iclasda Şuranın katibi seçildikdən sonra "Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi qaydaları"nın layihəsi müzakirəyə çıxarılmışdır. Layihə ilə tanışlıqdan sonra Şura üzvləri rəy və təkliflərini bildirmişlər.

Diqqətə çatdırılmışdır ki, yeni layihə ƏƏSMN-in yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını tam əhatə edir və layihə qəbul olunduqdan sonra Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək normativ-hüquqi akt statusuna malik olacaqdır.

İclasda Şuranın gələcək fəaliyyəti barədə də fikir mübadiləsi aparılmışdır. Tədbirdə beynəlxalq ekspertlər, sosial tərəfdaşların nümayəndələri iştirak etmişlər.

Sosial Şura yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində sosial tərəfdaşların təşəbbüs və səylərinin birləşdirilməsi və əlaqələndirilməsi məqsədilə cari ilin yanvarında yaradılmışdır.

 

 

Azərbaycan.- 2012.- 9 iyun.- S. 5.