Görkəmli torpaqşünas alim Muxtar Abduyevin 85 illik yubileyi qeyd olunmuşdur

 

İyunun 8-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aqrar Elmlər Bölməsi və Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin təşkilatçılığı ilə görkəmli torpaqşünas alim Muxtar Abduyevin anadan olmasının 85 illiyinə həsr edilmiş "Azərbaycan torpaqları: genezis, coğrafiya, meliorasiya, səmərəli istifadə və ekologiya" mövzusunda Beynəlxalq konfrans işə başlamışdır. 

AzərTAc xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə  Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.

AMEA-nın foyesində Muxtar Abduyevin elmi fəaliyyətini əks etdirən sərgi təşkil olunmuşdur.

Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Konfransda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, AMEA-nın  Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov çıxış edərək tədbirin əhəmiyyətindən, görkəmli torpaqşünas alimin elmi fəaliyyətindən və ölkəmizdə aqrar sahənin inkişafına göstərilən dövlət qayğısından söz açmışdır. Bildirmişdir ki, görkəmli alim, Azərbaycan torpaqlarının yorulmaz tədqiqatçısı, kənd təsərrüfatı elmləri doktoru, professor Muxtar Abduyev torpaqşünaslıq elminin nadir bilicilərindən olmaqla yanaşı, elmi tədqiqatlarını əsasən meliorativ-torpaqşünaslığa həsr etmişdir. Suvarılan torpaqların münbitliyinin qorunması və bərpası, şorlaşmış və şoran torpaqların ziyanlı duzlardan yuyulması alimi düşündürən əsas problemlərdən biri olmuşdur. Onun elmi yaradıcılığı dərinliyi, əhatəliliyi, elmi təhlili və məntiqi nəticələri ilə fərqlənmişdir. M.Abduyev torpaqlarda baş vermiş proseslərin səbəbi, mənşəyi, təkamülü və həlledici faktorlarını kompleks şəkildə öyrənmişdir.

Qərib Məmmədov həmçinin ölkəmizdə iqtisadiyyataqrar sahələrin inkişafına göstərilən dövlət qayğısından da danışmışdır. Nəzərə çatdırılmışdır ki, hələ keçmiş SSRİ dövründən başlayaraq bu sahələrə qayğı daim  ümummilli liderimiz Heydər Əliyevin diqqət mərkəzində olmuşulu öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Vurğulanmışdır ki, son 20 ildə ölkəmizdə iqtisadiyyatın, aqrar elmlər sahəsinin inkişafı, xalqımızın sosial rifahının yaxşılaşdırılması ilə bağlı bir sıra dövlət proqramları uğurla həyata keçirilmişdir.

Tədbirdə Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Elmi-İstehsalat Birliyinin baş direktoru, kənd təsərrüfatı elmləri doktoru Ağamir Həşimovun alimin həyat və yaradıcılığı haqqında məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, Muxtar Rzaqulu oğlu Abduyev 1926-cı ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olmuşdur. 1941-ci ildə Ağdaş şəhərindəki 3 nömrəli orta məktəbi, 1944-cü ildə isə Ağdaş Pedaqoji Məktəbini bitirmişdir. M.Abduyev 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) geoloji-coğrafiya fakültəsini bitirdikdən sonra torpaqşünaslıq ixtisası üzrə Azərbaycan SSR EA-nın aspiranturasına daxil olmuşdur.

1955-1965-ci illərdə apardığı gərgin elmi tədqiqatlar nəticəsində M.Abduyev ilk dəfə olaraq "Delüvial formalı şorlaşmış torpaqlar və onların meliorasiyası məsələləri" mövzusunda doktorluq dissertasiyası (1966) müdafiə etmiş, 1971-ci ildə ona professor dərəcəsi verilmişdir. Azərbaycanda ilk dəfə olaraq ağır mexaniki tərkibli şorlaşmış torpaqların kimyəvi meliorantlardan istifadə etməklə yuyulması ideyasının müəlliflərindən biriprofessor M.Abduyev olmuşdur.

Görkəmli alim Azərbaycan SSR EA Rəyasət Heyətinin Torpaqşünaslıq və Meliorasiya Problemlərinin Koordinasiya Şurasının üzvü, Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ölkəmizdə ilk "Torpaqların rekultivasiyası" laboratoriyasının təsisçisi və rəhbəri, respublikamızda meliorasiya sahəsi üzrə ilk azərbaycanlı kənd təsərrüfatı elmləri doktoru olmuş, müxtəlif fəxri fərman və medallarla təltif  edilmişdir.

Konfransda Rusiya və gürcüstanlı alimlərin "Görkəmli alimlə xatirə görüşü", "Gürcüstan və Azərbaycanın elmi əlaqələri: dünən və bu gün", "Rusiya və Azərbaycan arasında elmi əlaqələrin əhəmiyyəti" mövzularında məruzələri dinlənilmişdir.

Tədbirdə akademiklər Asəf Nadirov, Əhliman Əmiraslanov və digərləri çıxış edərək Muxtar Abduyevin Azərbaycan elminə verdiyi töhfələrdən söz açmış, onunla bağlı xatirələrini bölüşmüşlər.

Sonda alimin xatirəsinə həsr olunmuş sənədli film nümayiş olunmuşdur.

Konfrans işini iyunun 10-dək 4 bölmə üzrə Qəbələdə davam etdirəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 9 iyun.- S. 6.