Duyğuların
bədii ifadəsi
Sahib Əliyev müasir Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən şairlərdəndir. Onun dadlı-duzlu şeirləri və poemaları oxucular tərəfindən sevilə-sevilə oxunur. Həmin şeir və poemalar ürəklərə tez yatır və uzun müddət yaddaşlardan silinmir. Bu, ona görədir ki, Sahib sözə məsuliyyətlə yanaşır, mətləbi uzatmır, fikri konkret deyir. Onun deyimləri sadə olduğu qədər də poetikdir. Bunu şairin bu günlərdə çapdan çıxmış seçilmiş əsərlərinin I cildində toplanmış şeirlər bir daha təsdiqləyir. "Elm və təhsil" nəşriyyat poliqrafiya müəssisəsi tərəfindən buraxılmış həmin cild səkkiz bölmədən ibarətdir. "Bir dünyada iki dünya", "Doğma torpaq, ana vətən, bir də təbiət", "İnsan və həyat", "Hər kəsin öz yeri var", "Məhəbbətdir, sevgidir ancaq bizi yaşadan", "Ürəyimin sarı simi", "Deyirəm, bu pislər olmayaydı kaş", "Poemalar" adlanan bölmələrdə şairin ayrı-ayrı kitablarından götürülmüş əsərlərlə yanaşı, yeni yazdığı şeirlər də vardır. Həmin şeirlərdən görünür ki, Sahib Əliyevin qələmindən heç bir mövzu qaçmır. O, insanı düşündürən, həyatı rövnəqləndirən hər şeydən yazır. Həmin yazıları ilə də oxucuya bədii zövq verir, onu həyata daha dərindən bağlamağa çalışır, yaradıb-qurmağa həvəsləndirir.
Bu cəhətdən "Dənizə bənzəyir bu həyat özü", "Könlüm al günəşi içmək istəyir", "Beyində ağıldı, sinədə ürək", "Dünyaya gəlmişik yaradaq, quraq", "Sev dünyanı həmişə" və s. şeirləri daha yüksək bədii qiymətə malikdir.
Kitabın məziyyətlərindən biri də yazıçı-dramaturq, fəlsəfə
doktoru Ramiz Əkbərin
yazdığı "Duyğu və
düşüncələrin mənəvi xəritəsi"
adlı ön sözdür.
Həmin ön sözdə Sahib Əliyevin yaradıcılığına
xas olan bir çox keyfiyyətlər,
onun müasir
şeirimizdə tutduğu yer
aydın şəkildə göstərilir. Bu
da şairin
yaradıcılığına xas olan bədii keyfiyyətlərin oxucu tərəfindən başa
düşülməsinə kömək edir.
Azərbaycan.- 2012.- 9 iyun.- S. 6.