UNESCO-da keçirilən sessiyada
Azərbaycanın çay sularının
qonşu ölkələr tərəfindən
çirkləndirilməsindən yaranan
problemlər diqqətə
çatdırılmışdır
İyunun 4-7-də UNESCO-nun mənzil-iqamətgahında qurumun Beynəlxalq Hidroloji Proqram üzrə XX sessiyası keçirilmişdir.
Sessiyada Azərbaycanı təmsil edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Rza Mahmudov AzərTAc-a verdiyi müsahibədə bildirmişdir ki, sessiyada əsasən bu gün dünyada ən aktual məsələ olan su problemi müzakirə edilmişdir. Planetimizdə su ehtiyatlarının çoxluğuna baxmayaraq, şirin su çatışmazlığı qlobal məsələ kimi dünyanı narahat edir.
R.Mahmudov bildirmişdir ki, UNESCO elm, təhsil və mədəniyyət sahələrini əhatə edir. Hidroloji proqramda da bu istiqamətlər əsas yer tutur. Dünyada elə müxtəlif dövlətlər vardır ki, eyni çay hövzəsində yerləşir. Bu cür çaylarla bağlı problemlər, onların idarə olunması, müasir iqlim dəyişmələrinin ətraf mühitə, o cümlədən dünya su ehtiyatına, çay sularına və yeraltı su məskənlərinə təsirinin elmi əsaslarla öyrənilməsi sessiyadakı müzakirələrin əsas qayəsini təşkil etmişdir. Bu sahədə kadr hazırlığı toplantı iştirakçılarının diqqət mərkəzində olmuşdur.
R.Mahmudovun sözlərinə görə, Beynəlxalq Hidroloji Proqram üzrə yeni sədrin və onun dünyanın beş regionu üzrə müavinlərinin seçilməsi, 2014-2020-ci illəri əhatə edən səkkizinci faza hidroloji proqramın qəbul edilməsi sessiyanın əsas iş prinsipinə çevrilmişdir.
R.Mahmudov demişdir: "Çıxışımda ölkəmizin transsərhəd çay məsələsinin səkkizinci fazada əksini tapmasının vacibliyini vurğuladım və Azərbaycanın bu problemdən əziyyət çəkdiyinə diqqəti yönəltdim. Bildirdim ki, Helsinki Konvensiyasına qoşulan Azərbaycan su hövzələrindən istifadə və onların idarə olunmasına dair qanunvericiliyi yerinə yetirməsinə baxmayaraq, bu konvensiyaya qoşulmayan Gürcüstan və Ermənistan Kür və Araz çaylarını çirkləndirməklə ölkəmiz üçün problemlər yaradır. Bundan başqa, su ehtiyatlarından istifadə və onların qorunması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gördüyü işlər, bu sahədə milli kadrların yetişdirilməsi ilə bağlı imkanlar barədə də ətraflı məlumat verdim. Ümumilikdə, sessiyada bəşəriyyət üçün çox mühüm bir məsələ ətrafında müzakirələr aparılmış və qərarlar qəbul olunmuşdur. 2014-2020-ci illəri əhatə edən çay-su ehtiyatlarından istifadə ilə bağlı proqram kompleks yanaşma ilə öz həllini tapmışdır".
Sessiyanın işində 120 dövlət iştirak etsə də, onlardan yalnız 40-nın, o cümlədən Azərbaycanın və Rusiyanın səsvermə hüququ vardır.
Əsgər
ƏLİYEV
Azərbaycan.- 2012.- 9 iyun.- S. 6.