Professor Şirməmməd Hüseynova Mətbuat Şurasının diplomu təqdim edilmişdir
Mayın 31-də Mətbuat Şurasında (MŞ) Bakı Dövlət Universitetinin (BDU) professoru Şirməmməd Hüseynovun "Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. 1915-1916-cı illər" kitabının təqdimatı keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə MŞ-nin sədri Əflatun Amaşov kitab haqqında məlumat vermişdir. Bildirmişdir ki, kitab milli mətbuatımızın yorulmaz tədqiqatçısı Şirməmməd Hüseynovun uzun və səmərəli axtarışlarının nəticəsi kimi işıq üzü görən üçüncü nəşrdir. Buradakı materiallar tanınmış alim, professor Şirməmməd Hüseynov tərəfindən araşdırılmış, ərəb əlifbasından latın əlifbasına çevrilmişdir. O, kitaba "Ön söz" yazmış və lüğət tərtib etmişdir.
"Elm" nəşriyyatında çapdan çıxmış, 596 səhifədən ibarət nəşrə M.Ə.Rəsulzadənin 1915-1916-cı illərdə "İqbal", "Yeni iqbal", "Açıq söz" qəzetlərində, "Qurtuluş" məcmuəsində işıq üzü görmüş 200-ə yaxın əsəri daxil edilmişdir. Kitab Azərbaycan və onunla əlaqədar Türkiyə, Rusiya, İran və Birinci Dünya müharibəsi tarixi ilə maraqlananlar üçün dəyərli mənbə və vəsait olacaqdır.
Təqdimat mərasimində Şirməmməd Hüseynov Mətbuat Şurasının diplomu ilə təltif edilmişdir.
Tədbirdə Milli Məclisin deputatı Aqil Abbas, professorlar Cahangir Məmmədli, Şamil Vəliyev, Nəsir Əhmədli və digərləri sanballı tədqiqat əsərinə görə Ş.Hüseynovu təbrik edərək ona gələcək elmi fəaliyyətində uğurlar arzulamışlar.
Professor Şirməmməd Hüseynov kitabın əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, siyasətçilərin, tarixi şəxsiyyətlərin həyat və fəaliyyətlərinin öyrənilməsi onların mənsub olduqları xalqın tarixinin öyrənilməsi deməkdir.
Sonda müəllif tədbirin
təşkilatçılarına və
iştirakçılarına minnətdarlığını bildirmişdir.
Azərbaycan.- 2012.- 1 iyun.- S. 6.