Astanada Azərbaycan Mədəniyyəti Günləri başlamışdır

 

 "Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mədəniyyət, elmturizm sahəsində uzunmüddətli əməkdaşlıq haqqında" Proqrama uyğun olaraq, Astanadakı SülhSabitlik sarayında Azərbaycan Mədəniyyəti Günləri açılmışdır.

Bu münasibətlə təşkil olunmuş mərasimdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov, Qazaxıstanın mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.

Mərasimi açan Qazaxıstanın mədəniyyət nazirinin müavini Askar Bulimbaev ölkələrimiz arasında əlaqələrin inkişafından danışmış, bütün sahələrdə, o cümlədən mədəni sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirmişdir.

Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək demişdir ki, ulu öndər Heydər Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr indiki səviyyəsinə qalxmışdır. Hazırda bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilir. Nazir müavininin sözlərinə görə, Azərbaycan və Qazaxıstan bütün beynəlxalq tədbirlərdə bir-birini dəstəkləyir. Bu da əməkdaşlığımızın yüksək səviyyəsindən xəbər verir.

Sonda Azərbaycan incəsənət ustalarının iştirakı ilə böyük qala-konsert olmuşdur. Əməkdar artist Səbuhi İbayev, müğənnilər Simarə İmanova, Aslan Hüseynov muğamlarımızı, xalq və bəstəkar mahnılarını, rəqqasələr isə milli rəqslərimizi ifa etmişlər.

Mərasim iştirakçıları "Azərbaycan: ənənələrin vəhdəti və müasirlik" adlı fotosərgiyə də maraqla tamaşa etmişlər.

Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri davam edir.

 

 

Qulu KƏNGƏRLİ

 

Azərbaycan.- 2012.- 9 iyun.- S. 6.