Qarabağın
igid oğlu
O gün Ağdamda bayram idi. Farizin
doğma rayona gəlişi Qarabağın bu dilbər guşəsində
qeyri-adi bir ovqat yaratmışdı. Onu Xaçın
çayının sahilində, Ağdamın giriş
qapısında qarşıladılar. Fariz Qarabağ
savaşında şəhid olmuş
döyüşçü dostlarının xatirəsinə
böyük ehtiramın ifadəsi olaraq ucaldılmış
abidə kompleksini ziyarət etdi, abidənin önünə tər
çiçək dəstələri düzdü. Sonra onu
sonsuz sevgi ilə qarşılayan həmyerlilərinin
müşayiəti ilə qədim Sultanbud təpəsinin zirvəsində
inşa edilmiş Bayraq meydanına qalxdı.
Ağdamlıların, bütün qarabağlıların
qürur mənbəyinə çevrilmiş Fariz Məmmədov
üçrəngli bayrağımızın
dalğalandığı ucalıqdan doğma yurdu,
işğal altındakı ərazilərimizi seyr etdi.
1992-1993-cü illərdə silaha sarılıb erməni
işğalçılarına qarşı
döyüşdüyü yerlər buradan çox aydın
görünürdü...
Fariz Məmmədov
Quzanlı Olimpiya Kompleksində onu gözləyən həmyerliləri
ilə görüşdən əvvəl qəsəbənin
mərkəzində ucaldılmış ulu öndər Heydər
Əliyevin əzəmətli abidəsini ehtiramla ziyarət
etdi, abidənin önünə tər qızıl güllər
qoydu.
...Olimpiya İdman Kompleksinin geniş zalı Farizsevərlərlə dolu idi. Məşhur erməni boksçusunu qarşısında diz çökdürən qarabağlı balasını kim sevməzdi ki! Fariz Məmmədovun həyatı və idman fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verildi. May ayının 12-də Farizin erməni boksçusu Yeqişe Tomazyanla Almaniyanın Vaysvalden şəhərində keçirdiyi döyüşün videolenti nümayiş etdirildi. Dördüncü raundda məşhur erməni boksçusunu nakauta salan Fariz öz idman karyerasında ən önəmli qələbəsini qazandı. Ona görə ən önəmli deyirik ki, bu məsul görüşdən sonra Fariz Məmmədov bildirmişdi ki, mən bu qələbəni idmançı kimi yox, azərbaycanlı kimi qazanmışam. Ermənilərin dağıdıb viran qoyduğu kəndlərin, qətlə yetirdiyi uşaqların, qadınların, törətdiyi vəhşiliklərin qisasını almaq üçün bu şansı qaçıra bilməzdi və qaçırmadı da. Ona rəqib kimi yox, düşmən kimi baxırdı.
Ağdam Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə gerçəkləşən, Quzanlı Olimpiya İdman Kompleksində bizə sevinc yaşadan Fariz Məmmədovla görüş hər kəsin qəlbini riqqətə gətirmişdi. İcra başçısı Nizami Sadıqov ikiqat dünya çempionu olan Fariz haqqında səmimi fikirlərini dilə gətirdi:
- Sağ ol, Fariz, sən bizlərə qələbənin xoş müjdəsini verdin. Biz qarabağlılar inanırıq ki, möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, prinsipial mövqeyi, müdrik siyasəti tezliklə erməniləri diz çökdürəcək. Biz idmanda olduğu kimi, döyüşdə də qalib gələcəyik. Sən bu möhtəşəm döyüşünlə, erməni idmançısını nakautla məğlub etməyinlə bütün qarabağlıların düşmənə sonsuz nifrətlə alışıb-yanan qəlbinə su səpdin, Qarabağ gəncliyinə örnək oldun, canlı nümunə göstərdin. Bütün bunlara görədir ki, həmyerlilərin səni Ağdamın fəxri vətəndaşı elan ediblər. Sənə yeni-yeni uğurlar arzulayır, yeni qələbələr gözləyirik.
Zalı titrədən sürəkli alqışlarla mikrafona yaxınlaşan Fariz Məmmədov bu doğma münasibətə, səmimi qarşılanmaya görə minnətdarlıq etdi. Dedi ki, iki dəfə dünya çempionu kürsüsünə qalxmışam. Ən çətin, ən həlledici məqamda doğma torpağımdan güc almışam. Hər uğurum üçün elimə-obama borcluyam. Həmişə çalışmışam ki, Ağdama layiqli oğul olum. Doğma yurdumun yaralarına məlhəm olum.
Farizin idman uğurlarının siyahısı çox böyükdür. Parlaq qələbələrinin sayı-hesabı yoxdur. 1980-ci ildə Ağdam şəhərində doğulan Farizin indi böyük şöhrəti var. On dəfə peşəkar boks üzrə dünya reytinqli yarışlarda qalib olmuşdur. Sankt-Peterburq şəhərində dünya çempionu Raman Labaçevi və Rafiq İsayevi, Madriddə Alvaro Mareri nakautla məğlub etmişdir. Ən möhtəşəm qələbəni isə iki dəfə dünya çempionu Fransisko Qualon üzərində qazanmışdır. 2004-cü il mayın 2-də keçirilən dünya çempionatında ispaniyalı Qualonu 4-cü raundda nakauta salaraq dünya çempionu adını qazanmışdır. Latın amerikalı boksçu Rudi Enkernation üzərində qələbə Farizin şöhrətini daha da artırmışdır.
Bu gün qarabağlılar, bütün Azərbaycan Farizlə fəxr edir.
Lazım
QULİYEV
Azərbaycan.- 2012.- 9 iyun.- S. 7.