“012 Bakı Public
Art Festivalı”
çərçivəsində rəssam Ağa
Ousseinovun “Çərpələng
və əlçatmaz Yer kürəsi” adlı əsəri təqdim edilmişdir
İyunun 8-də "Park Bulvar" Ticarət və Əyləncə Mərkəzində Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının birinci "012 Bakı Public Art Festivalı" çərçivəsində rəssam Ağa Ousseinovun "Çərpələng və əlçatmaz Yer kürəsi" adlı əsəri təqdim edilmişdir.
AzərTAc xəbər verir ki, rəssamın layihəsində iki niyyət - şaquli istiqamət üzrə qalxma, uçuş, hava nəqliyyatı, nəhayət, qravitasiya üzərində qələbə və horizontal istiqamət üzrə olduqca ağır, lakin eyni zamanda, kifayət qədər zərif olan eniş tədqiq edilir. Müəyyən mənada, bu, səma (yuxarı) ilə yer (aşağı) arasında boşluq enerjisini özündə əks etdirir. Çərpələng birinci niyyəti, üzərində metro xəritəsi, yeraltı stansiyaların sxemi çəkilmiş qlobus obyekti isə ikinci niyyəti təcəssüm edir.
Müəllif əsərində diqqəti daha bir məsələyə yönəltmişdir. Aparıcı futuroloqlar və keçmiş dövrdə yaşayan xəyalpərəstlər gələcəklə bağlı fikirlərində deyirdilər ki, məhz hava nəqliyyatı vasitələri gələcəkdə geniş istifadə olunacaqdır. Lakin sonrakı tarixi təcrübələr göstərdi ki, yeraltı nəqliyyat vasitələri nəinki yerüstü nəqliyyat vasitələrindən geri qalmır, hətta rahatlıq, sürət, səmərəlilik və təhlükəsizlik baxımından onlardan üstündür.
Əsər son zamanlara qədər "Bakı Soveti" adlanmış "İçərişəhər" metro stansiyasından istifadə etmiş müəllifin uşaqlıq xatirələri ilə bağlıdır. Məhz bu stansiyada o, ilk dəfə yerin altına "dalmışdır".
Tarixə nəzər salsaq görərik ki, son yarım əsrdə, Bakı nəqliyyatı olduqca maraqlı, lakin heç də rahat olmayan inkişaf yolunu keçmişdir. 1859-cu ildə Quberniya mərkəzinin Şamaxıdan Bakıya köçürülməsi zamanı şəhərdə nəqliyyat vasitəsi kimi yalnız at arabasından istifadə olunmuşdur: əsas ağır yüklər at, qatır, eşşək və ya dəvə karvanları vasitəsilə daşınmışdır. Şəhərdə nizamla yeriyən dəvələri hətta 1900-1910-cu illərin şəkillərində də görmək olar. İctimai nəqliyyatın tarixi 1889-cu ildə Bakıda at-dəmir yolu və ya "konka" yaradılan zamandan başlamışdır.
Artıq 1915-ci ildə Bakıda elektrik tramvaylarının buraxılması planlaşdırılmış, lakin ictimai-siyasi, tarixi hadisələr bu planın həyata keçirilməsini təxirə salmışdır. Bakı tramvayı 8 fevral 1924-cü ildə istifadəyə verilmişdir. Bu, SSRİ ərazisində istifadəyə verilən ilk tramvay olmuşdur. Bununla yanaşı, tramvay rabitəsinin təşkili ilə əlaqədar işlər ən qısa müddətə - 11 aya başa çatmışdır. Bir neçə ildən sonra onun gəliri Moskva tramvayının analoji göstəricilərini iki dəfə üstələmişdi. Tramvay yollarının uzunluğu 1996-cı ildə rekord həddə çatmışdır: 102 kilometr! 1989-cu ilə qədərki fəaliyyəti dövründə Bakı tramvayı ümumilikdə 5 milyard, yəni bütün Yer kürəsi əhalisi ilə müqayisə olunacaq sayda sərnişin daşımışdır.
Tramvayın ardından Bakı daha bir rekord
sahibi olmuşdur. 1926-cı ildə SSRİ-də ilk dəfə Bakı-Sabunçu
elektrikləşdirilmiş dəmir yolu istifadəyə verilmişdir.
Şəhər mərkəzini
neft mədənləri
ilə birləşdirən
ilk elektrik dəmir yolu xəttinin uzunluğu
19,5 kilometr olmuşdur.
Növbəti onilliklərdə
elektrik qatarı bütün Abşeron yarımadasını və
hətta Pirallahı (keçmiş Artyom) adasını da əhatə etmişdir.
Moskvada V.Surikov adına Dövlət İncəsənət
İnstitutunu bitirmiş
A.Ousseinov beynəlxalq
miqyasda tanınmış
rəssamlardandır. O, hazırda
Nyu-York şəhərində
yaşamasına baxmayaraq,
Azərbaycanla sıx əlaqə saxlayır və 2011-ci ildə ölkəmizi 54-cü Venesiya
Biennalesində təmsil
etmişdir. Onun heykəlləri və kağız üzərindəki
işləri islam və Avropa mədəniyyətlərinin erkən
elmi mənbələrindən
ilhamlanır.
"012 Bakı Public Art Festivalı"nda
həm tanınmış,
həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Layihə sentyabrın 1-dək
davam edəcəkdir.
Azərbaycan.- 2012.- 9 iyun.- S. 7.