İqtisadi inkişaf templərinə görə Azərbaycan dünyada lider ölkədir

 

Bu gün ölkəmiz özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır   

 

Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində ölkə iqtisadiyyatının yüksəlməsi, insanların rifahının yaxşılaşması, beynəlxalq münasibətlər sistemində mövqelərimizin möhkəmlənməsi istiqamətində ciddi addımlar atılır və böyük uğurlar qazanılır. Bu siyasət bütövlükdə insan kapitalının inkişafına, ölkədə yoxsulluğun daha da azaldılmasına və işsizliyin minimuma endirilməsinə, dövlət büdcəsindən sosial sahələrə ayrılan maliyyə vəsaitlərinin daha da artırılmasına, sosial infrastrukturun inkişafına, nəticə etibarı ilə əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə imkan verir.

Müstəqil siyasət yürüdən Azərbaycan dünyada  etibarlı tərəfdaş, Cənubi Qafqaz regionunda lider kimi tanınan və qəbul edilən dövlətdir. Bu gün bölgədə Azərbaycanın iştirakı olmadan heç bir layihə həyata keçirilmir. Ölkəmiz hazırda  Avropanın enerji təhlükəsizliyinə töhfə verən, xaricdə sərmayə qoyan, özünü təmin edən ölkəyə çevrilib. O,  iri regional layihələrin təkcə iştirakçısı deyil, həm də əsas təşəbbüskarı, dünyada gedən siyasi proseslərdə önəmli fikir sahibi kimi çıxış edir. Bu gün dünyanın nüfuzlu təşkilatları da Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar.

İqtisadi inkişaf templərinə görə, Azərbaycan dünya miqyasında lider ölkədir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edir. Dövlətimizin hərbi xərcləri Ermənistanın bütün dövlət xərclərindən 5  faiz çoxdur.

Bu ilin may ayının 10-da ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyev demişdir: "Son doqquz il ərzində Azərbaycan iqtisadi sahədə misli görünməmiş inkişaf dövrünü yaşayır. Doqquz ildə iqtisadiyyat üç dəfə artmışdır. Sənaye istehsalı da üç dəfə artmışdır. Yoxsulluq şəraitində yaşayanların sayı təxminən 50 faizdən 7,6 faizə düşmüşdür. İşsizlik kəskin şəkildə azalmışdır. Bir milyondan artıq yeni iş yeri açılmışdır. Hazırda işsizlik Azərbaycanda 5,3 faizdir. Büdcə kəsiri demək olar ki, yoxdur. Bəlkə bir faiz təşkil edir. Amma kəsirsiz büdcə bizim üçün problem deyildir. Xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bu, hesab edirəm ki, dünya miqyasında ən uğurlu nəticələrdən biridir. Bizim iqtisadi sahədə uğurlarımız beynəlxalq maliyyə qurumları tərəfindən də qiymətləndirilir və qeyd edilir. Dünya üçün, qitə üçün ən çətin böhran illərində Azərbaycan iqtisadiyyatı inkişaf edir. Üç əsas beynəlxalq reytinq agentlikləri "Moody's", "Fitch", "Standard & Poors" Azərbaycanın kredit reytinqini artırırlar. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla davam etdirilir. Bu ilin birinci rübünün yekunları bunu əyani şəkildə göstərir. Qeyri-neft iqtisadiyyatı 7,7 faiz, qeyri-neft sənaye 16,5 faiz artmışdır. Budur, bugünkü Azərbaycanın inkişaf dinamikası və reallıqları. Bununla bərabər, çox güclü sosial siyasət aparılır. Keçən il biz pensiyaların böyük dərəcədə artımına nail ola bildik. Bu ildən sovet dövrü əmanətlərinin qaytarılması, daha doğrusu, insanlara kompensasiyanın verilməsi prosesi başlanmışdır. Hesablanan əmsala görə, postsovet məkanında ən uğurlu və insanlar üçün ən faydalı yanaşma bizdədir. Yəni, ən qısa müddət ərzində ən çox vəsait ödəniləcək ölkə Azərbaycan olacaqdır. Çünki gələn ilin sonuna qədər bütün kompensasiyalar verilməlidir".

"Moody's" beynəlxalq reytinq agentliyi respublikamızın dünyada potensial investor olmasını öz hesabatında xüsusi qeyd edib. Bu beynəlxalq reytinq agentlik hesab edir ki, Azərbaycan regionda xalis kreditor mövqeyi çox güclü olan dövlətdir. "Moody's" ölkəmizdəki investisiya mühitini ciddi şəkildə təhlil edərək, şəffaf biznes mühitini və xarici sərmayədarların fəaliyyəti üçün təmin edilmiş cəlbedici şəraiti  təqdir edir. Agentliyin analitiklərinin fikrincə, Azərbaycanın investisiya imkanları çox cəlbedicidir. Bu, xarici sərmayə qoyuluşlarının artım dinamikası üçün əlverişli imkanlar yaradır. Eyni zamanda, xaricə sərmayə qoyuluşları üçün münasibətləri formalaşdırır.

"Moody's"un analitik qrupu Azərbaycanın güclü investor olmasını müəyyən edərkən, bir neçə mühüm prinsipləri əsas götürüb. Yəni, respublikamızın investor statusunun müəyyən olunmasında hər bir ölkənin maliyyə rezervlərinin həcmi, xarici kreditor netto indeksi, rəqabətqabiliyyətlilik əmsalı, xarici borc amili, iri şirkətlərin aktivlərinin həcmi, şəffaflıq göstəriciləri və digər komponentlər əsas götürülüb. Həmin seqmentlərə diqqət edəndə, Azərbaycanın hər bir indikator üzrə çox mühüm pozitiv göstəricilərə malik olmasını görə bilərik.

İyun ayının 5-də Bakıda XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının açılışında çıxış edən Prezident İlham Əliyev bir daha Azərbaycanın artan iqtisadi gücü və valyuta ehtiyatı ilə bağlı önəmli fikirlər söyləmişdir: "Biz valyuta ehtiyatlarımızı ildən-ilə artırırıq. Hazırda valyuta ehtiyatlarımız 40 milyard dolları ötübdür. Gələcəkdə bu məbləğ daha da böyük olacaqdır. Bu, bizə imkan verir ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığını maksimum dərəcədə aşağı salaq. Buna nail oluruq. Çünki bu ilin birinci rübünün iqtisadi göstəriciləri deməyə əsas verir ki, biz bu yolda artıq uğurlara nail olmuşuq, qeyri-neft sənayemiz birinci üç ayda 16 faiz artmışdır.

Ölkənin uğurlu inkişafı, iqtisadiyyatın şaxələndirilməsi bizim prioritetlər sırasında idi. Beləliklə, bu məqsəd də qarşıya qoyulmuşdur. Digər məqsəd dünya birliyi ilə əlaqələrimizi daha da möhkəmləndirmək idi. Dost, tərəfdaş ölkələrlə ikitərəfli əsasda əlaqələrimizi gücləndirmək işində də neft-qaz amili öz rolunu oynamışdır. Bu gün bir neçə ölkənin enerji balansında Azərbaycan neftinin payı 25-30-35 faiz təşkil edir. Bu gün biz dostlarımız üçün, Avropa istehlakçıları üçün etibarlı tərəfdaş qismində çıxış edirik. Bu rol getdikcə artır. Biz, eyni zamanda, neftlə, qazla zəngin olan hər bir ölkə qarşısında duran digər məsələni də icra etdik. Sənaye istehsalı üç dəfə artmışdır. Yoxsulluq isə beş dəfə azalmışdır. Artıq yoxsullar təbəqəsi Azərbaycanda getdikcə azalır. Əminəm ki, bir neçə ildən sonra biz bu böyük bəladan canımızı qurtaracağıq".

Bu gün ölkəmiz özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır. İndi ölkə həyatının bütün sahələrində yüksək tərəqqi və sürətli inkişaf nəzərə çarpır. Bu da təsadüfi deyil. Çünki özünün daxili imkanlarına, zəngin təbii sərvətlərinə əsaslanan ölkəmiz 20 ildən artıqdır ki, müstəqil iqtisadi siyasət yürüdür, qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi regionda və dünyada mühüm tərəfdaşa, başlıca nüfuz sahibinə çevrilir. Əlverişli geosiyasi mövqeyə malik olan Azərbaycan özünün müstəqil iqtisadi siyasəti sayəsində dünyanın ən sabit və davamlı inkişaf edən dövlətinə çevrilmişdir. Azərbaycanda baş verən iqtisadi artım genişmiqyaslı islahatlar, mühüm dövlət proqramlarının icrası, yeni iş yerlərinin açılması, yoxsulluğun minimal həddə endirilməsi və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə müşayiət olunubdur. Ən başlıcası isə keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycan Respublikası artıq dünyanın sürətlə inkişaf edən dövlətləri sırasına daxil olub.

Sosial-iqtisadi inkişaf sahəsində də atılan addımlar müsbət dəyərləndirilir. "2012-ci ilin dövlət büdcəsi haqqında" qanuna edilən dəyişikliyə əsasən büdcənin gəlirləri 600 milyon manat artırılaraq 17 milyard 38 milyon manata, xərcləri isə 17 milyard 672 milyon manata çatdırılmışdır. Dəyişikliklərin əsas məqsədi ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələnin fəsadlarını, eyni zamanda, 2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində əhaliyə, respublikamızın infrastrukturuna dəymiş ziyanı aradan qaldırmaqdır.

May ayının 29-da Milli Məclisdə "2012-ci ilin dövlət büdcəsi haqqında" qanuna edilən dəyişiklik  zamanı çıxış edən maliyyə naziri Samir Şərifov demişdir ki, dünya ölkələrinin bir çoxunda, xüsusilə də, Avropada borc probleminin yaranmasına və iqtisadi enişin müşahidə olunmasına baxmayaraq, Azərbaycanda həyata keçirilən təsirli, çevik makroiqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatında belə mənfi halların yaranmasının qarşısı alınıb, makroiqtisadi sabitlik qorunub saxlanıb. Bir çox inkişaf etmiş ölkələrin böhranın ağır təsirlərinə məruz qalmasına baxmayaraq, Azərbaycanda aparılan monetar və fiksal siyasətin nəticəsi kimi əldə olunan makroiqtisadi sabitlik beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilib.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2012.- 10 iyun.- S. 1.