Azərbaycan
beynəlxalq sülhün və təhlükəsizliyin
qorunmasının fəal tərəfdarı və
iştirakçısı olmaqla BMT Təhlükəsizlik
Şurasında may ayı ərzində sədrliyi
dövründə də ona inanan dostlarının
yanılmadıqlarını sübut etmişdir
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev eksklüziv olaraq Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) üçün ölkəmizin cari ilin mayında BMT Təhlükəsizlik Şurasında sədrliyini təhlil etmişdir.
AzərTAc-ın ABŞ üzrə xüsusi müxbirinin təşəbbüsü ilə hazırlanmış məqalə təqdim edilir.
Azərbaycan Respublikasının keçən ilin oktyabr ayında müstəqillik tarixində ilk dəfə olaraq 2012-2013-cü illər üçün BMT-nin Təhlükəsizlik Şurasına (TŞ) üzv seçilməsi ölkəmiz üçün çox böyük tarixi bir hadisə idi. Azərbaycan üçün növbəti tarixi hadisə isə onun cari ilin may ayı ərzində bu mötəbər qurumda sədrlik vəzifəsini icra etməsi oldu.
Azərbaycan BMT TŞ-də sədrliyindən irəli gələn öhdəliklərinə çox ciddi yanaşdı. Sədrliyimizin həyata keçirilməsinə hazırlıq prosesi TŞ-yə üzvlüyümüzün ilk günlərindən başladı və may ayınadək artıq bizdə bununla bağlı müəyyən qədər bilik və təcrübə toplanmışdı.
Sədrliyimiz dövründə bizim üçün ən vacib məqam kimi təbii ki, cari il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə terror aktlarının beynəlxalq sülhə və təhlükəsizliyə törətdiyi təhdidlərə dair BMT TŞ-də keçirilmiş yüksək səviyyəli görüşü qeyd etmək olar. Görüşdə BMT-nin baş katibi Pan Gi Mun və TŞ-nin üzv dövlətlərinin yüksək səviyyəli rəsmi şəxsləri iştirak və çıxış etmişlər.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın xaricdən dəstəklənən terrorçuluq fəaliyyətinin bilavasitə hədəfi olması da daxil olmaqla, bir çox formalarda terrorçuluğa məruz qaldığını bildirmiş və Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və terror siyasəti barədə ətraflı məlumat verərək respublikamızın işğal altında olan ərazilərinin terrorçuluq, separatçılıq, ekstremizm və mütəşəkkil cinayətkarlığın müxtəlif formaları arasında əlaqələr baxımından ciddi narahatlıq mənbəyi olduğunu qeyd etmişdir. Dövlətimizin başçısı dünya ictimaiyyəti tərəfindən münaqişələrin beynəlxalq hüququn ümumi qəbul edilmiş normaları və prinsipləri çərçivəsində, xüsusilə dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmazlığı şərti əsasında həll edilməsi və dövlətlərə öz əraziləri üzərində suverenliyinin bərpa edilməsinə yardım göstərilməsinin əhəmiyyətini vurğulamışdır.
Yüksək səviyyəli görüşün nəticəsi kimi BMT TŞ Sədrinin Bəyanatı qəbul edilmişdir. Bəyanatda Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən məqamlar, xüsusilə dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməmək prinsipi vurğulanmış, terrorçuluğun bütün formaları və təzahürləri pislənmiş, qarşısının alınması və onunla mübarizədə dinlər və mədəniyyətlər arasında hörmət və dialoqun təşviq edilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və dövlətlərin fərdi imkanlarının artırılmasının əhəmiyyəti qeyd olunmuşdur.
Xüsusilə qeyd etmək istərdim ki, bir sıra dövlətlərin nümayəndələri bizimlə söhbət edərkən BMT TŞ-dəki görüşün yüksək səviyyədə təşkil edildiyini və Azərbaycan Prezidentinin orada iştirakının ölkəmizin bu ali quruma verdiyi önəmin bariz göstəricisi olduğunu vurğulamışlar.
Nyu-Yorka səfəri çərçivəsində Prezident İlham Əliyev BMT-nin baş katibi Pan Gi Mun ilə görüşmüş və Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün 20 illiyi, eləcə də TŞ-yə üzv seçilməsi münasibətilə təşkil olunmuş rəsmi qəbulda, BMT-nin baş katibi adından və TŞ-yə sədrlik edən dövlət tərəfindən verilən naharda iştirak etmişdir.
Azərbaycanın BMT TŞ-də sədrliyi müddətdə bu qurumun 13 açıq və 16 qapalı iclası keçirilmişdir. Açıq iclaslar sırasına BMT-nin Kosovodakı Müvəqqəti İdarəetmə Missiyası, Bosniya və Herseqovina, Qvineya-Bisau, Liviya, Somali, Yaxın Şərq, Yəmən, BMT Təhlükəsizlik Şurasının terrorçuluqla mübarizə üzrə üç yardımçı komitəsinin məruzələri və TŞ-nin üzvlərinin Qərbi Afrikaya səfəri ilə bağlı görüşlər daxildir. Qapalı iclaslar isə Şuranın may ayı üçün gündəliyinin qəbul edilməsi, Qvineya-Bisau, BMT-nin Suriyada Nəzarət Missiyası, Livan, Liviya, BMT-nin Qərbi Afrika üzrə ofisi, Somali, Sudan və Cənubi Sudan, TŞ-nin 1718 saylı qətnaməsi əsasında təsis edilmiş komitənin hesabatı, Əfqanıstanda humanitar vəziyyət, Şura üzvlərinin Qərbi Afrikaya səfəri, Yaxın Şərq və Yəmən ilə bağlı məsələlərə həsr edilmişdir.
BMT TŞ-də Azərbaycanın sədrliyi dövründə üç qətnamə qəbul olunmuşdur. Bunlar Sudan və Cənubi Sudanla bağlı 2046 saylı, BMT-nin Abyeydəki Müvəqqəti Təhlükəsizlik Qüvvələrinin mandatının uzadılmasına dair 2047 saylı və Qvineya-Bisauda hərbi çevrilişlə əlaqədar 2048 saylı qətnamələrdir.
Qətnamələrlə yanaşı, may ayı ərzində dünyanın bir sıra ölkələrində beynəlxalq sülhə və təhlükəsizliyə qarşı yaranmış təhdidlərlə bağlı BMT TŞ-nin mətbuat üçün yeddi bəyanatı qəbul edilmişdir. Bunlar Suriya, Yəmən, Konqo Demokratik Respublikası, Qvineya-Bisau və Somali ilə bağlı bəyanatlardır.
Hesab edirəm ki, qəbul olunmuş sənədlər bu və ya digər dərəcədə konkret yerlərdəki vəziyyətə müsbət təsirini göstərə bilmişdir. Məsələn, Sudan və Cənubi Sudan ilə bağlı 2046 saylı qətnamənin qəbul edilməsindən keçən müddət ərzində hərbi əməliyyatların miqyası səngimiş, danışıqlar yenidən başlanmış və hər iki ölkə öz silahlı qüvvələrini Abyei regionundan çıxarmışdır.
May ayı ərzində ən vacib tədbirlərdən biri kimi BMT TŞ-nin üzvlərinin Qərbi Afrika bölgəsinə - Liberiya, Fil Dişi sahili və Sierra Leoneyə səfərini göstərmək olar. Bu səfərin məqsədi sözügedən ölkələrdə siyasi, təhlükəsizlik və humanitar vəziyyətlə tanış olmaq, onların yüksək rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək idi. Səfər zamanı əsasən, BMT-nin Qərbi Afrikada sülhməramlı missiyalarının gələcəyi, qaçqınlar, narkotik qaçaqmalçılığı və digər sərhədlərarası təhdidlər, habelə bir sıra daxili sosial-iqtisadi məsələlər müzakirə edilmişdir. Zənnimcə, bu səfərin ən böyük faydası ondan ibarət idi ki, əgər indiyə qədər dünyanın bu nöqtəsindəki vəziyyət barədə BMT TŞ-də müxtəlif hesabatlar və brifinqlər vasitəsilə məlumatlar alırdıqsa, indi artıq biz real mənzərəni gözlərimizlə görmək imkanını əldə etmişik.
Azərbaycanın sədrliyi zamanı BMT TŞ-nin "Yaxın Şərq və Şimali Afrika: Yeni siyasi reallıqlar" mövzusunda İstanbulda keçirilmiş üçüncü ənənəvi illik səfər-görüşünü də qeyd etmək lazımdır.
Sədrliyimizin sonunda isə tərəfimizdən "Mübahisələrin dinc yolla həlli, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, hüquqi həll və ədalət" mövzusunda BMT TŞ-nin qeyri-rəsmi müzakirələri təşkil edilmişdir. Müzakirələrdə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov əsas natiqlərdən biri kimi çıxış edərək münaqişə nəticəsində ölkəmizin üzləşdiyi problemlərə toxunmuşdur.
Təəssüflə qeyd etmək istərdim ki, may ayı ərzində Ermənistan Azərbaycanın BMT TŞ-də sədrliyinə qarşı bir sıra təxribat xarakterli hərəkətlər etməyə çalışmış, lakin tərəfimizdən buna imkan verilməmişdir. Ermənistanın bu cür addımları BMT TŞ-nin digər üzvlərinin ciddi narazılığına da səbəb olmuşdur. Ermənistanın belə hərəkətlərini Azərbaycanın BMT TŞ-də sədrliyinə ləkə salmaq cəhdi və bu dövlətin TŞ-yə, onun qaydalarına və üzv dövlətlərə münasibətdə açıq hörmətsizliyi kimi qiymətləndiririk.
Qürur hissi ilə vurğulamaq istərdim ki, may ayında BMT TŞ-nin gündəliyinin gərgin olmasına baxmayaraq, Azərbaycan sədrlikdən irəli gələn vəzifələrin öhdəsindən layiqincə gələrək onu uğurla başa vurmuşdur.
Azərbaycanın sədrliyi zamanı tərəfimizdən TŞ-nin bütün üzvləri, BMT-nin digər üzv dövlətləri, BMT Katibliyi, qeyri-hökumət təşkilatları və mətbuat nümayəndələri ilə sıx iş birliyi və əməkdaşlıq münasibətləri inkişaf etdirilmişdir. Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasının fəal tərəfdarı və iştirakçısı olmaqla BMT TŞ-də may ayı ərzində sədrliyi zamanı da ona inanan dostlarının yanılmadıqlarını göstərdi. Biz Azərbaycan Prezidentinin dediyi kimi, BMT TŞ-də beynəlxalq hüququ və ədaləti müdafiə etdik və bunu etməkdə davam edəcəyik. Biz Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil xarici siyasət apardığını bir daha nümayiş etdirdik. Biz BMT TŞ-də sədrliyimiz dövründə də ölkəmiz üçün mühüm olan məqamlarla bərabər, dünya məsələləri barədə müzakirələrdə iştirak etdik, onlara münasibət bildirdik və qəbul edilən sənədlərə töhfəmizi verdik. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi yenidən bərpa olunduqdan cəmi 20 il sonra ölkəmizin dünya məsələlərinin həllində iştirak edəcəyi bəlkə də heç kimin ağlına gəlməzdi. Yuxarıda qeyd etdiyim görüşlərin, qəbul olunmuş qətnamələrin, mətbuat üçün bəyanatların sayı bəlkə kiməsə quru statistika kimi görünə bilər. Lakin bu sənədlər BMT TŞ-nin digər üzvləri kimi, Azərbaycanın da yaxından iştirak etdiyi uzunmüddətli və bir sıra hallarda hətta gərgin danışıqların nəticəsidir.
Sonda qeyd edim ki, BMT TŞ təcrübəsi yaşından və vəzifəsindən asılı olmayaraq, istənilən diplomat üçün ən böyük məktəbdir. Sədrlik zamanı əldə etdiyimiz təcrübə və nailiyyətlər bu ali qurumda üzvlüyümüzün qalan müddəti ərzində daha da inkişaf etdiriləcək və dövlətimizin milli maraqlarının qlobal səviyyədə qorunmasına yönəldiləcəkdir.
Səfir Aqşin MEHDİYEV,
Azərbaycanın
BMT yanında
daimi nümayəndəsi
Azərbaycan.- 2012.- 10 iyun.- S. 2.