Ankara və Əskişəhərdə Azərbaycanla bağlı konfrans keçirilmişdir

 

 Respublika Günü münasibətilə Əskişəhər Azərbaycanlılar Dərnəyində konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə dərnəyin sədri Cavid Aydın açmışdır. Sonra Əskişəhər Osman Qazi Universitetinin dosenti T.Əliyeva çıxış edərək Azərbaycan tarixində 28 Mayın önəmli bir gün olduğunu vurğulayaraq bildirdi ki, Azərbaycan xalqı böyük mübarizələrdən sonra 1918-ci il mayın 28-də bütün dünyaya müstəqilliyini bəyan etmişdir. Bu ölkənin yeraltı və yerüstü sərvətlərinə sahib olmaq istəyənlər isə yeni doğulmuş körpəyə bənzəyən müstəqil Azərbaycanı elə beşikdəcə boğmaq istəyiblər. Azərbaycan xalqı saysız-hesabsız qurbanlar, şəhidlər verərək bu müstəqilliyi 23 ay saxlaya bilmişdilər.

Azadlığın şirinliyini dadan Azərbaycan xalqı bu arzusunu yetmiş il ürəyində qoruyub saxladı və müstəqilliyinə qovuşacağı ümidilə yaşadı. O ümidlər 1991-ci il oktyabrın 18-də həqiqətə çevrildi. Artıq Azərbaycan xalqı azad, gözəl günlərini yaşayır. Toplantıda Anadolu Universitetinin müəllimi Rafiq Əsgərzadə, Əskişəhər Odun Bazarı Konservatoriyasının müəllimi Səhər Atmaca, azərbaycanlılar adından Məhəmməd Təbrizi, Osman Qazi Universitetinin rektoru, professor Həsən Gönən çıxış edərək bu tarixi gün  haqqında ürək sözlərini dedilər. Osman Qazi və Anadolu universitetlərinin tələbə və müəllimləri Respublika Günü münasibətilə Ankarada Məmməd Əmin Rəsulzadənin adını daşıyan liseydə oldular. Liseyin müdiri Yunus Tokmak, əllərində Azərbaycan və Türkiyə bayraqlarını tutan müəllim və şagirdlər azərbaycanlı qonaqları tər güllərlə qarşıladılar. Yunus Tokmak və liseyin müəllimləri çıxış etdilər, şagirdlər Azərbaycan haqqında şeirlər söylədilər. Azərbaycanlı müəllim və tələbələr buradan Türkiyə Cümhuriyyətinin ilk prezidenti Mustafa Kamal Atatürkün məzarını ziyarətə getdilər. Böyük  Atatürk hər zaman Azərbaycan xalqını düşünmüş və demişdir: "Azərbaycanın kədəri də, sevinci də Türkiyənindir".

Muzeyi gəzərkən kövrəldik və bir daha ulu öndər Heydər Əliyevin sözlərini xatırladıq: "Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Kimsə bizi bir-birimizdən ayıra bilməz".

Azərbaycanın Respublika Günü Əskişəhər Azərbaycanlılar Dərnəyi və Osman Qazi Universiteti tərəfindən həm Əskişəhərdə, həm də Ankarada təntənə ilə qeyd olundu.

 

 

Tamilla ƏLİYEVA

 

Azərbaycan.- 2012.- 1 iyun.- S. 6.