Almaniya Cənubi Qafqaz
regionunda aparıcı dövlət olan Azərbaycan ilə əlaqələrin
inkişafında maraqlıdır
Azərbaycanda səfərdə olan Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədri, AFR-in hakim Xristian Demokrat Mühafizəkarlar (CSU) partiyasının üzvü Ruprext Polens Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ilə görüşmüşdür.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, Səməd Seyidov Azərbaycan-Almaniya münasibətlərinin inkişafından söz açmış, Almaniya ilə hərtərəfli əlaqələrin genişlənməsinə ölkəmizdə xüsusi önəm verildiyini bildirmişdir. O, prosesdə Milli Məclis ilə Bundestaqın əlaqələrinin vacibliyini vurğulamış, qanun yaradıcılığı prosesində təcrübə mübadiləsinin səmərəliliyini qeyd etmişdir.
Komitə sədri deputatların qarşılıqlı səfərlərinin hər iki tərəf üçün faydalı olduğunu bildirmiş, parlamentlərimiz arasında daha sıx əlaqələrin qurulmasında dostluq qruplarının fəaliyyətini yüksək dəyərləndirmiş, mühüm işlər gördüklərini söyləmişdir.
Ruprext Polens Bakının füsunkar gözəlliyinə və Milli Məclisin binasının yaraşığına valeh olduğunu qeyd etmişdir. Regionda aparıcı dövlət olan Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduqlarını vurğulamış, parlamentlərin və deputatların əməkdaşlığının hər iki ölkəyə fayda gətirdiyini bildirmişdir.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmış, Dağlıq Qarabağ münaqişəsinə toxunulmuş, Milli Məclisin işi və strukturu barədə qonağa ətraflı məlumat verilmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 10 iyun.- S. 2.