Bakıda Azərbaycan-Türkmənistan
diplomatik əlaqələrinin
yaradılmasının 20 illiyi geniş mədəniyyət tədbiri ilə qeyd edilmişdir
İyunun 9-da "Park Hyatt Baku" mehmanxanasında Türkmənistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyinə həsr olunmuş geniş mədəniyyət tədbiri keçirilmişdir.
Əvvəlcə Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Türkmənistanın ölkəmizdəki səfiri Toyli Komekov və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək, iki ölkə arasında qarşılıqlı əlaqələrdən danışmışlar.
Səfir Toyli Komekov bildirmişdir ki, hər iki dövlət arasında Azərbaycan və Türkmənistan prezidentləri səviyyəsində bütün sahələrdə yüksək əlaqələr mövcuddur. 2009-cu ildə Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri, 2010-cu ildə isə Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçirilmişdir.
Vurğulanmışdır ki, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyinin geniş bayram tədbiri ilə qeyd edilməsi tarixi, mədəni kökləri eyni olan Türkmənistan və Azərbaycan xalqlarının daha da yaxınlaşmasında mühüm əhəmiyyətə malikdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan hökuməti və ölkə rəhbərliyi adından əlamətdar bayram münasibətilə Türkmənistan səfirini və tədbirin digər iştirakçılarını təbrik edərək bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirmişdir.
Tədbirdə Türkmənistanın
Azərbaycandakı səfirliyinin təşkilatçılığı,
"Uşaq dünyası"
qalereyası və Azərbaycan Rəssamlar
İttifaqının dəstəyi ilə "Türkmənistan-Azərbaycan
münasibətləri - dostluq və
qardaşlığın nümunəsi" mövzusunda
3-6, 7-10, 11-16 yaşlı uşaqlar arasında keçirilmiş
rəsm müsabiqəsinin qalibləri
mükafatlandırılmış, dost
ölkənin incəsənət xadimlərinin ifasında konsert proqramı təqdim olunmuşdur.
Azərbaycan.- 2012.- 10 iyun.- S. 3.