Misirin nüfuzlu EgAz jurnalının növbəti nömrəsi Azərbaycana həsr edilmişdir

 

 İsgəndəriyyə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan ticarət təmsilçiliyinin ərəbdilli "EgAz" jurnalının növbəti nömrəsi Azərbaycana həsr edilmişdir. Jurnalda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı materiallara geniş yer verilmişdir.

AzərTAc xəbər verir ki, jurnalın əsas məqsədi Azərbaycan-Misir əlaqələrinin inkişafına töhfə vermək, ölkəmizin tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında misirli oxucuları məlumatlandırmaqdır.

Jurnalın bu nömrəsinin ilk səhifəsində yer alan məqalədə ümummilli lider Heydər Əliyevin zəngin həyatı və fəaliyyəti haqqında məlumat verilmişdir. Müəllif, Əl-Əzhər Universitetinin tələbəsi Rahil Nəzərov ulu öndər Heydər Əliyevin ölkəmizdə gənclərin inkişafı, onların xaricdə təhsil alması, milli vətənpərvərlik ruhunda böyüməsinə olan diqqət və qayğısından danışmış, yazısında ümummilli liderin gənclərlə bağlı fikirlərindən sitatlar gətirmişdir.

İkinci səhifədə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin Ermənistanın xarici işlər nazirinin müavini Savarş Köçəryanın bu ölkənin "Əl-Məsəyə" qəzetində Xocalı faciəsi və Sumqayıt hadisələri haqqında faktları saxtalaşdıran yazısına cavab olaraq yazdığı məqaləsi yer almışdır. Yazıda S.Köçəryanın məqaləsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün məsuliyyətindən qaçmaq cəhdi və bunun uğursuzluqla nəticələnməsi kimi qiymətləndirilmişdir. Səfir Xocalı faciəsinin dünya mətbuatı və hadisənin şahidləri tərəfindən sənədləşdirildiyini, Ermənistanın özünün yüksək səviyyəli rəsmiləri tərəfindən etiraf olunduğunu xatırlatmışdır.

Nəşrdə, həmçinin iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin stimullaşdırılması məqsədi ilə Misir-Azərbaycan ticarət təmsilçiliyinin "SiqmaSiqmatik" şirkətlər qrupunun ölkəmizdə rəsmi ticari nümayəndəliyi kimi fəaliyyət göstərməsi ilə bağlı müqavilənin imzalanması barədə məlumat verilmişdir.

Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş "Şərqdə və İslam dünyasında ilk qızlar məktəbinin banisi" sərlövhəli məqalədə onun müqəddəs Qurani-Kərimin Azərbaycan dilinə tərcümə edilməsi, ilk qızlar məktəbinin fəaliyyətə başlaması, ilk qadın qəzetinin yaradılması, Bakıya içməli suyun çəkilməsi və digər xeyriyyə işlərindən geniş söhbət açılmışdır.

"EgAz" xalqımızın qədim bayramı olan Novruza da geniş yer ayırmışdır. "Prezident İlham Əliyev öz xalqı ilə Novruz bayramını qeyd edir" sərlövhəli yazıda dövlətimizin başçısının bu əziz bayram günündə ümumxalq şənliyində iştirakı fotoşəkillərlə verilmişdir. Yazıda, həmçinin Novruz bayramının tarixindən, xalqımızın bu bayrama hazırlığından, adət-ənənələrindən bəhs olunmuşdur.

Jurnalda Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi haqqında da məqalə dərc edilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə muzeyin binasının əsaslı təmir olunduğu, burada beynəlxalq tədbirlərin keçirildiyi diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, hazırda muzeydə 76 mindən çox eksponat nümayiş etdirilir.

Bu nömrədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın 2011-ci il üçün "Birlik Ulduzları" dövlətlərarası mükafatına layiq görülməsindən bəhs edən məqalə xüsusi maraq doğurur. "Biz fəxr edirik ki, Azərbaycanın adı dünyada səslənir" sərlövhəli məqalədə qeyd olunmuşdur ki, bu yüksək mükafat Mehriban xanım Əliyevaya humanitar fəaliyyətinə görə verilmişdir. Azərbaycanın birinci xanımının Moskvada keçirilmiş mərasimdəki çıxışının tam mətni yazıda verilmişdir.

Jurnalda, həmçinin Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa haqqında məqalə də dərc edilmişdir. "Azərbaycan ədəbiyyatının və incəsənətinin beşiyi, təbiətin incisi Şuşa işğal altında" sərlövhəli yazıda şəhərin işğaldan əvvəlki və sonrakı görüntülərini əks etdirən fotoşəkillər verilmiş, bu qədim diyarımızın tarixindən söhbət açılmış, tarixi-mədəni abidələrin dağıdıldığı vurğulanmışdır.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmiş məqalədə onun şücaətindən söhbət açılmış, qəhrəmancasına həlak olduğu döyüşə getməzdən əvvəl valideynlərinə yazdığı məktubun mətni əksini tapmışdır.

"Əsrin müqaviləsi" Azərbaycanın mühüm uğurudur" sərlövhəli məqalədə Prezident Heydər Əliyevin uzaqgörən neft strategiyasının nəticəsində 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı neft şirkətləri ilə sazişin imzalanmasından, bunun nəticəsində beynəlxalq aləmdə ölkəmizin iqtisadisiyasi çəkisinin artmasından geniş söhbət açılmışdır.

Nəşrdə Azərbaycanın iqtisadiyyatı, turizm potensialı, mədəniyyəti, eləcə də ölkəmizin tarixi, incəsənəti haqqında misirli müəlliflər tərəfindən qələmə alınmış yazılar da yer almışdır.

Jurnal barədə azərbaycanlı oxucuları geniş məlumatlandırdığına görə nəşrin bu nömrəsində baş redaktor, tanınmış jurnalist Farid El Qabalinin Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AzərTAc-a) minnətdarlığını ifadə edən yazısı da verilmişdir.

 

 

Azərbaycan.- 2012.- 10 iyun.- S. 3.