Yeni layihələr uğurla
icra olunur
Məlum olduğu kimi, regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında Prezident İlham Əliyev içməli su, kanalizasiya layihələrinin icrası məsələlərinə də toxunmuş, bu layihələrin bütün bölgələrdə gerçəkləşdirilməsinə diqqətin artırılmasının vacibliyini xüsusi qeyd etmişdir.
Ağsuda olarkən su-kanalizasiya xətlərinin çəkilişi ilə maraqlandıq. Günün istisinə baxmayaraq, bununla bağlı qızğın iş gedirdi. Yaxınlaşıb briqadirlə görüşmək istədiyimizi bildirəndə fəhlələr dedi ki, bir az qabağa gedin, ordadır. Ayrı-ayrı həyətlərdən çıxan ev sahibləri də böyük razılıq hissi ilə bu layihənin həyata keçirilməsi, eləcə də rayonda görülən abadlıq-quruculuq işləri üçün ölkə rəhbərinə minnətdarlıqlarını bildirirdilər. Ağbirçək bir xanım isə əlavə etdi ki, hər dəfə möhtərəm Prezident Ağsuya gələndən sonra dövlətin bizə qayğısı daha da artır.
Elə RİH başçısı Ənvər Seyidəliyevlə də burada görüşdük. İşin gedişindən razılığını bildirdi. Qeyd etdi ki, nəzərdə tutulan qrafikə uyğun çalışırlar. Dünya Bankının 50 milyon dollar vəsaiti hesabına reallaşdırılan bu layihə 2012-ci ilin sonunadək tamamlanmalıdır. Ağsu şəhərinə içməli su Girdmançay yatağındakı yeraltı təbii mənbələrdən çəkilir. İşin yarıdan çoxu görülüb. Kürdəmirə, Zərdaba da buradan su ötürülməlidir. Ağsunun həmin xətt üzərində olan bütün kəndlərinə də bu sudan veriləcək.
Söhbət əsnasında Ə.Seyidəliyevdən rayonda yaşayış məntəqələrinin qazlaşdırılması məsələlərinin nə yerdə olduğunu da soruşduq. RİH başçısı bildirdi ki, ölkə Prezidentinin bölgələrdə qazlaşdırmanın 2013-cü ilə qədər 95 faiz başa çatdırılmasına dair tapşırığı var, ancaq çox təəssüf ki, Ağsuda bu işlər ləng gedir. Yəqin ki, əlaqədar qurumlar 2013-cü ilə o qədər də çox vaxt qalmadığının fərqində olacaqlar.
Yuxarıda adıçəkilən konfransda yol tikintisi məsələsinə toxunan dövlət başçısı demişdir: "Kənd yollarının tikintisi birbaşa yerli icra orqanlarına tapşırılmışdır. Onlar bu işi böyük səmərə ilə və böyük keyfiyyətlə görməlidirlər... Artıq keçən ildən başlayaraq hər bir bölgədən sifarişlər gəldi, məruzələr edildi və plan tərtib olundu. Gördüyünüz kimi, ilin əvvəlindən həm dövlət büdcəsi, həm Prezidentin Ehtiyat Fondu hesabına bölgələrə vəsait ayrılır. Qarşıya məqsəd qoyulubdur ki, biz bütün kənd yollarını abadlaşdıraq. Bu, əlbəttə ki, maksimum məqsəddir".
Yol tikintisi Ağsu rayonunda da diqqətdə saxlanılır. 6 milyon manat dövlət investisiya vəsaiti hesabına 29,5 kilometr uzunluğunda Ağsu-Çaparlı-Ləngəbis-Göylər yolu çəkilir. Bu yolun 10 kilometri 5-6 kəndi əhatə etməklə Şamaxı rayonu ərazisindən keçir. Tikinti işləri normal davam edir. Ağsuçay üzərində 110 metr uzunluğunda bir körpü də tikilir. Bu körpü ümumilikdə 3 min 300 nəfər əhalisi olan beş dağ kəndinə gediş-gəlişi asanlaşdıracaq.
Rayonda "Aqrolizinq" ASC-nin Ağsu "Aqrotexservis" filialı üçün anbar, qaraj, emalatxanası olan böyük kompleks inşa edilir. 180 yerlik Qəşəd və Ləngəbis tam orta, həmçinin 80 yerlik Nəmirli ümumi orta məktəbləri üçün tikilən təzə binalar yeni dərs ilinə hazır olmalıdır. 180 yerlik Rəhimli tam orta məktəbinin də tikintisinə başlanılıb. Padar kəndində feldşer-mama məntəqəsinin inşası da sakinlərin ürəyincə olacaq.
500 ton kənd təsərrüfatı məhsulu saxlamaq üçün inşa edilən soyuducu anbar da tikinti obyektləri sırasındadır. 4 hektarlıq bir ərazidə isə 180 çarpayılıq müasir şəhər xəstəxanasının tikintisi davam edir. İdman sağlamlıq mərkəzinin inşası üçün layihə-smeta sənədləri hazırlanır.
İlin sonunadək Ağsu şəhərində 26 ictimai binanın üstü müasir örtüklə dəyişdirilməli, 6 küçənin yenidən qurulması və 20-yə yaxın ara küçənin asfaltlaşdırılması başa çatdırılmalıdır.
Şəhərdə 350 nəfərlik xeyir-şər evi də tikilir.
Siyahını uzatmaq da olar. Ən başlıcası odur ki, regionların sosial-iqtisadi inkişafına dair İkinci Dövlət Proqramında Ağsu rayonu ilə bağlı nəzərdə tutulan tədbirlər qazlaşdırmadakı lənglik istisna olmaqla, uğurla icra olunur.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2012.- 10 iyun.- S. 4.