Gənclər
sabahımızdır
Gənclik ömrün ən qaynar çağıdır. Onu bahar fəslinə də bənzədirlər. Bu yaşda hər bir gəncin qəlbində yeni-yeni arzular baş qaldırır, müqəddəs hisslər oyanır. Həmin istəklərə çatmaq üçün hər kəsin tale yolu ayrı-ayrı ünvandan keçir. Kimi mühəndis, kimi müəllim, kimi həkim, kimdə inşaatçı və digər sənət, peşə sahibi olmaq istəyir.
Belə insanları bir istək, amal birləşdirir - Vətənə məhəbbət hissi. Bəli, hər bir gənc doğulub boya-başa çatdığı, havasını udduğu, torpağı üstə ilk addımlarını atdığı yurdu sevməlidir, onun şərəfini qorumalı, qədrini bilməlidir. Tarix boyu Azərbaycan qəhrəmanlar yetişdirmişdir. Onlar xalq, Vətən yolunda lazım gəldikdə öz canlarını əsirgəməmişlər. Belələri dünən də olub, bu gün də var və sabah da olacaqlar.
Bu gün gənclərimiz səngərlərdə Vətəni yağı düşməndən qoruyur, ali təhsil ocaqlarında biliklərə yiyələnir, dünya, Avropa yarışlarında üçrəngli Bayrağımızı yüksəkliklərə qaldırır, elmin, incəsənətin ayrı-ayrı sahələrində uğurlar qazanırlar. Xarici ölkələrdə təhsil alan, işləyən gənclərimiz Azərbaycanın dünya arenasında daha çox tanınması, onun haqq səsinin eşidilməsi üçün əllərindən gələni əsirgəmirlər. Bütün bunlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin nəticəsidir. Ayrı-ayrı regionlarda inşa edilən Olimpiya idman kompleksləri, gənclər mərkəzləri, şahmat məktəbləri gənclərin asudə vaxtının səmərəli təşkilində, onların fiziki və mənəvi cəhətdən sağlam və zəngin olmasında, intellektual səviyyələrinin yüksəlməsində mühüm rol oynayır.
Son illər cənub bölgəsində, daha dəqiq desək, Lənkəran, Astara, Masallı, Biləsuvar rayonlarında dünya standartlarına cavab verən idman kompleksləri tikilib istifadəyə verilmiş, Lerik və Yardımlı rayonlarındakı stadionlar, idman qurğuları əsaslı şəkildə təmir edilmişdir. Cəlilabad şəhərində tikilən Olimpiya İdman Kompleksində işlər başa çatmaq üzrədir. İnşa olunan yeni məktəblərin isə hər birində açıq və örtülü idman meydançaları, idman zalları vardır. İndi bir-birinin ardınca gənclər mərkəzləri tikilib istifadəyə verilir. Keçən il belə bir mərkəz Astarada açıldı. Bu il martın 13-də Prezident İlham Əliyev Masallıya səfəri çərçivəsində buradakı Gənclər Mərkəzinin açılışnda iştirak etdi. Mərkəzdə müasir avadanlıqlarla təchiz edilmiş oyun zalı, rəsm qalereyası, multimedia kitabxanası, kompyuter otağı və s. var. Konfrans zalında gənclərlə bağlı istənilən tədbirlərin keçirilməsi mümkündür. Burada son texnologiyalara əsaslanan səs avadanlığı quraşdırılmışdır. Mərkəzdə gənclər üçün xarici dil kurslarının da təşkili nəzərdə tutulub. Bütövlükdə yeni mərkəz Masallı rayonundan olan gənclərin asudə vaxtlarının səmərəli təşkilində və onların intellektual səviyyələrinin artırılmasında mühüm əhəmiyyət kəsb edir.
Mərkəzin açılışında iştirak edən ölkə başçısı buradakı konfrans zalında Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan gənclərin nümayəndələri ilə görüş keçirdi. Prezident görüş zamanı dedi: "Bütövlükdə hər bir bölgədə gənclər üçün gözəl evlər tikilir. Ən önəmlisi ondan ibarətdir ki, gənclər bu evlərdən səmərəli şəkildə istifadə etsinlər. Burada daim fəaliyyət olmalıdır və gənclər öz asudə vaxtlarını burada keçirməlidirlər. Ümid edirəm ki, yaxın illərdə ölkəmizin hər bir şəhərində gənclər evləri olacaqdır". Ölkə rəhbəri həmçinin qeyd etmişdir ki, gənclər siyasəti Azərbaycanda çox önəmli bir sahəni əhatə edir və bu istiqamətdə əlavə tədbirlər görülür. Keçən il "Azərbaycan gəncliyi" Proqramı qəbul edilmişdir. Proqramın qəbul olunması dövlətimizin bu sahəyə diqqətini göstərir.
Məlum olduğu kimi, həmin proqrama əsasən, Gənclər Fondu yaradıldı və onun işlək bir quruma çevrilməsi üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrıldı. Bu vəsait hesabına gənclər təşkilatları tərəfindən müxtəlif layihələr həyata keçirilir.
Gənclərlə keçirilən görüşdə Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlərdən ətraflı danışıldı. Tarix üçün böyük dövr olmayan bu vaxtda ölkəmizdə bütün təsisatların qurulduğu, dövlətçiliyin əsaslarının yaradıldığı vurğulandı. İndi Azərbaycan bölgədə söz sahibidir. Ölkəmizin nüfuzu dünyada durmadan artır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimiz tarixi nailiyyətimizdir. 20 il ərzində respublikamız, sözün əsl mənasında, əsrlərə bərabər yol keçibdir. İqtisadiyyatın, sosial həyatın bütün sahələrində qazanılan uğurlar göz qabağındadır. Regionlarda aparılan quruculuq işləri sayəsində şəhər, qəsəbə və kəndlərimizin siması tanınmaz dərəcədə dəyişmişdir. Bir sözlə, hər bir sahə dövlətin diqqət mərkəzindədir. Təkcə son 7 ildə 3 mindən çox yeni məktəb tikilmiş, köhnələri əsaslı təmir olunmuşdur. Səhiyyə, mədəniyyət sahələri də qayğı ilə əhatə edilmişdir. Keçən il Nigar Camal və Eldar Qasımovun "Eurovision-2011" mahnı yarışmasında birinci yerə çıxması, 2012-ci ildə ölkəmizin bu tədbirə uğurlu ev sahibliyi etməsi, gələn qonaqların, turistlərin durmadan artması, onların Bakının Avropanın ən gözəl şəhərlərindən biri olduğunu demələri bir daha bunu sübut edir. Bu gün hər bir azərbaycanlı gənc ölkəmizin uğurları ilə fəxr edir, dinamik inkişafın nəticələrini görüb sevinir, inanır ki, sabah bundan da yaxşı olacaq, vətəndaşlarımız daha yaxşı yaşayacaqlar. Gənclər güclü bir dövlətin onların arxasında durduğunu, diqqət və qayğısını əsirgəmədiyini hiss edirlər. Prezidentin Masallıda Gənclər Mərkəzində keçirdiyi görüş bunu bir daha təsdiqləyir. Masallıda boya-başa çatan, orta təhsil alan Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin tələbəsi Nigar Əliyeva dedi ki, cənab Prezident, Sizin gənclərə göstərdiyiniz xüsusi qayğının, diqqətin və onların uğuruna verdiyiniz qiymətin nəticəsi olaraq Prezident təqaüdünə layiq görülmüşəm. Artıq üç ildir ki, böyük səylə çalışaraq bu böyük fəxri adı qoruyub saxlayıram. Sizin gənclərə göstərdiyiniz hər bir dəstək onların inamının, gələcəyə bəslədiyi xoş ümidlərin mənbəyidir.
Lerik Rayon Mərkəzi Xəstəxanasının həkimi Könül Mustafazadə isə ürək sözlərini belə ifadə etmişdir: "Möhtərəm cənab Prezident, mən Gəncə şəhərində anadan olmuşam. Azərbaycan Tibb Universitetini bitirib Rusiyanın Moskva şəhərində mama-ginekologiya ixtisası üzrə ordinatura keçmişəm. Vətənimizə qayıtdıqdan sonra Səhiyyə Nazirliyinin müqaviləsi əsasında birilliyə Lerik rayonuna göndərilmişəm. Sözün açığı, ilk anda bunu eşidəndə inanmadım, bir qədər təşvişə də düşdüm. Çünki Lerikin ucqar bir rayon olduğunu düşünürdüm və burada üzləşə biləcəyim məişət və iş şəraiti məni bir qədər narahat edirdi. Lakin rayona gəldikdə, buranın inkişafını gördükdə müsbət mənada xeyli təəccübləndim. Lerik rayonunda Sizin təşəbbüsünüz və diqqətinizlə aparılan geniş abadlıq və quruculuq işlərinin şahidi oldum. Burada gedən inkişaf məni bir gənc kimi olduqca sevindirir". Respublikamızın bütün bölgələri kimi, çalışdığı Lerik Rayon Mərkəzi Xəstəxanasının da ən müasir avadanlıqlarla təchiz edildiyini, sakinlərə yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün hərtərəfli şəraitin yaradıldığını deyən Könül Mustafazadə bütün bunlara görə dövlət başçısına minnətdarlıq etmişdir.
Görüşdə digər rayonlardan olan gənclər də çıxış edərək ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, bu sahədə dövlətin həyata keçirdiyi tədbirlərdən, onun davamlı inkişafından söhbət açmışlar.
Bax beləcə, Vətənimiz
Azərbaycan sabaha inamla
addımlayır. Uğurlar sıra ilə bir-birini əvəz edir. Qazanılan hər bir qələbədə gənclərimizin
xüsusi yeri var.
Seyran CAVADOV
Azərbaycan.- 2012.- 10 iyun.- S. 4.