Ölkəmizdə
idmana qayğı dövlət siyasətinin
prioritet istiqamətlərindən biridir
2012-ci il “İdman ili”dir
Azərbaycan Respublikasında
idmanın inkişafı ildən-ilə geniş vüsət
alır. Müstəqilliyimizi əldə etdiyimiz vaxtdan bu
günə qədər Azərbaycan idmançılarının
müxtəlif səviyyəli beynəlxalq yarışlarda
beş mindən artıq medala layiq görülməsi bunun əyani
sübutudur. Olimpiya oyunlarında qazanılan 4 qızıl, 3
gümüş və 9 bürünc medal böyük tarixi
nailiyyətdir.
İlham ƏLİYEV
Azərbaycanın sürətli, dinamik inkişafı idman sahəsində də özünü göstərir. Xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələrdə olduğu kimi, idman sahəsində də əsaslı irəliləyişlərə nail olmuş, beynəlxalq yarışlarda bir sıra parlaq qələbələrə imza atmışdır. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra digər sahələr kimi, idmanın da inkişafı, Olimpiya hərəkatının genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etmişdir. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin bu sahəyə müstəsna diqqət və qayğısı sayəsində Azərbaycan beynəlxalq aləmdə həm də idman ölkəsi imicini qazanmışdır. Xüsusilə dövlət başçısı Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra idman və Olimpiya hərəkatı geniş vüsət almış, bir çox idman kompleksləri, qurğuları, idman-sağlamlıq mərkəzləri tikilib gənclərin istifadəsinə verilmiş, idmançların maddi rihafının yüksəldilməsi, onların psixoloji cəhətdən gələcək qələbələrə hazırlanması, məişət qayğılarına diqqət yetirilməsi, problemlərinin aradan qaldırılması istiqamətində bir sıra əsaslı tədbirlər hazırlanıb həyata keçirilmişdir. Dövlət başçısının diqqət və qayğısı sayəsində ölkəmiz beynəlxalq səviyyəli yarışların, Avropa və dünya çempionatlarının keçirildiyi məkanlardan birinə çevrilmişdir.
Azərbaycan idmanının böyük hamisi cənab İlham Əliyev Nazirlər Kabinetinin bu il yanvarın 16-da keçirilən iclasında, digər sahələrdə olduğu kimi, idman sahəsində də qazanılmış uğurları yüksək qiymətləndirmiş, diqqəti cari ilin prioritetlərinə cəlb edərək demişdir: "2012-ci ildə Yay Olimpiya Oyunları keçiriləcəkdir. Biz bu oyunlara ciddi hazırlaşırıq. 2011-ci ildə kifayət qədər lisenziyalar əldə etmişik. Dünya, Avropa çempionatlarında qələbələr qazanmışıq, yəni ümidlərimiz böyükdür. 2012-ci ildə bizim 10 Olimpiya kompleksimiz tikiləcəkdir. Böyük Olimpiya Stadionunun tikintisi artıq fəal fazaya keçəcəkdir. 65 minlik böyük Olimpiya Stadionu tikilir. Tofiq Bəhramov adına Respublika stadionunda təmir-bərpa işləri aparılır ki, Bakıda qızlar arasında keçiriləcək dünya çempionatına hazır olsun. Digər idman obyektləri tikilməkdədir. Böyük Gimnastika Kompleksi, Bakı "Kristal" İdman Konsert Kompleksi tikilir. 2012-ci ildə həm ölkə daxilində olan hadisələr, həm Olimpiya oyunlarına hazırlıq, Olimpiya oyunlarının keçirilməsi nəzərdə tutulur".
Ölkə başçısı bu vəzifələrin, Azərbaycan idmanının maddi-texniki bazasının beynəlxalq standartlara uyğun inkişafına yönəlmiş möhtəşəm layihələrin müvəffəqiyyətlə həyata keçirilməsinin təmin edilməsi məqsədilə 16 yanvar 2012-ci il tarixli fərmanı ilə cari ili "İdman ili" elan etmişdir. İdmançılarımız, eləcə də bütün ictimaiyyət tərəfindən dərin razılıq hissi ilə qarşılanan bu sənəd idman sahəsində gerçəkləşdirilən dövlət siyasətinin əyani təzahürüdür.
Respublikamızın hər yerində olduğu kimi, idman uğurları ilə ölkə idmanına layiqli töhfələr bəxş edən Cəlilabadda da 2012-ci ilin "İdman ili" elan olunması haqqında fərman razılıqla qarşılanmış, sənəddən irəli gələn vəzifələrin həyata keçirilməsi üçün tədbirlər planı hazırlanmışdır. Qəbul edilmiş tədbirlər planında 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı Cəlilabad şəhərində bədii tərtibat işlərinin aparılması, küçə və meydanlarda, park və xiyabanlarda təbliğat-təşviqat vasitələrinin yerləşdirilməsi, Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyinə həsr olunmuş şahmat üzrə rayon birinciliyinin keçirilməsi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş sərbəst güləş və yunan-Roma güləşi üzrə açıq rayon birinciliyinin, boks üzrə yeniyetmələr və gənclər arasında rayon turnirinin, veteran idmançılarla gənclərin görüşlərinin keçirilməsi, rayonun ərazisində gənclərin idmanla müntəzəm məşğul olması və onların asudə vaxtının səmərəli təşkili üçün futbol meydançalarının, sadə idman qurğularının istifadəyə verilməsi, "Müstəqil Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişaf dinamikası" mövzusunda "dəyirmi masa"nın təşkili, "Vətənin müdafiəsinə hazıram" devizi altında çağırışçı gənclərin fiziki hazırlığını nümayiş etdirən kütləvi rayon yarışlarına start verilməsi və digər mühüm işlərin görülməsi nəzərdə tutulmuşdur.
Gül-çiçək ətirli bu yaz günlərində Cəlilabad torpağına ayaq basanda diqqəti gözoxşayan, könülaçan quruculuq-abadlıq işləri ilə yanaşı, idman meydançalarının qaynarlığı da cəlb edir. Prezident İlham Əliyevin xeyir-duası ilə 29 aprel 2009-cu ildə fəaliyyətə başlamış şəhər şahmat məktəbində, rayon stadionunda, əl oyunları meydançasında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə gənclər və yeniyetmələr arasında yunan-Roma güləşi, şahmat, futbol, basketbol, voleybol üzrə rayon birincilikləri keçirilmişdir. Rayon ictimaiyyəti nümayəndələrinin, çoxsaylı gənclər kollektivlərinin qatıldığı bu möhtəşəm yarışlar tamaşaçılara, sözün əsl mənasında, idman bayramı təsiri bağışlayıb. Bütün bunlar bir daha təsdiq edir ki, Cəlilabadda idman sürətli inkişaf dövrünü yaşayır. İdman ictimaiyyətinin, bədən tərbiyəsi və idman veteranlarının, məşqçilərin söhbətindən məlum oldu ki, 2011-ci il rayonun idman həyatında xüsusilə uğurlu olmuşdur. 7 idmançısı iki beynəlxalq turnirdə iştirak etmiş, onlardan biri 1-ci yerə, biri isə 2-ci yerə layiq görülmüşdür. Ölkə birinciliklərində və turnirlərində iştirak edən 387 idmançının 26-sı birinci, 24-ü ikinci, 78-i üçüncü yeri tutmuşdur. Respublika çempionatında isə 47 nəfər idmançı iştirak etmiş, onlardan bir nəfər poverliftinq üzrə III yerə, 1 nəfər kikboksinq üzrə II yerə, 1 nəfər bençpress üzrə II yerə layiq görülmüşdür.
Cəlilabadda gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə məktəblilər arasında "Cəsurlar" hərbi-idman oyununun hazırlanıb yüksək səviyyədə keçirilməsinə böyük diqqət yetirilir. Təsadüfi deyil ki, rayonun bu sahə üzrə komandası hər il keçirilən respublika və zona birinciliklərində ən yüksək yerlərdən birini tutur. 2 min 668 nəfər gəncin qatıldığı "Şahin" idman oyunlarında da Cəlilabadın yeniyetmə idmançıları keçən il yaxşı nəticələr əldə etmişlər. Ötən il "Marş irəli" çoxnövçülüyü üzrə zona yarışında 1-ci yeri tutan şəhər 4 saylı orta məktəbin komandası Quba şəhərində keçirilən ölkə birinciliyində II yerə sahib olmuşdur.
Cəlilabad idmançıları təkcə ölkə birinciliklərində deyil, həmçinin beynəlxalq yarışlarda fəal işirak edir, bu turnirlərdə Azərbaycanı ləyaqətlə təmsil edirlər. Uşaq Gənclər İdman Məktəbinin yetirməsi İsmayıl Hüseynov 10-17 iyul 2011-ci il tarixdə Rusiya Federasiyasının Qroznı şəhərində keçirilən Avropa yarışında 52 kq çəkidə IV yeri tutmuşdur. Təcrübəli güləşçi Ceyhun Ağamalıyev isə keçən il Albaniyanın Tirana şəhərində keçirilən sərbəst güləş üzrə veteran idmançılar arasında Avropa çempionatında II yerə çıxaraq beynəlxalq miqyaslı bir uğura imza atmışdır. Cəlilabad idman məktəbinin yetirmələrindən Kənan Qasımov, Məhəmməd Həsənzadə, Elmar İsmayılov, Fərid Nurəliyev, Nicat Muradlı, Azər Məmmədov, Ceyhun Ağamalıyev (sərbəst güləş idman növü üzrə dünya çempionatının gümüş medalçısı) və başqaları beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edirlər. Cəlilabadın gənc, perspektivli idmançılarıyla söhbət edərkən təvazökarlıqla bildirdilər ki, beynəlxalq və respublika yarışlarında qazandıqları uğurları, ilk növbədə, öz ustadlarının - məşqçi-müəllimlərinin gərgin əməyi sayəsində əldə ediblər. Doğrudan da, belədir.
Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin direktoru, idman ustası Natiq Rzayevin, beynəlxalq dərəcəli hakim Əhməd Fərəcovun (boks), əməkdar məşqçilər Şəhriyar Əsgərovun (basketbol), Ərəbxan Hətəmovun (güləş), Qadir Babayevin (ağır atletika), qara kəmər sahibi Yasər Babayevin (taekvondo), fəxri bədən tərbiyəsi və idman işçisi İlham Məmmədovun (sərbəst güləş), idman ustaları Siyavuş Təhməzovun (ağır atletika), Mehralı Qurbanovun və başqalarının gərgin əməyi layiqli idman qələbələri ilə nəticələnir.
Cari ilin arxada qalan dörd ayı ərzində Cəlilabad idmançıları turnirlərdə məharətlə çıxış edərək yüksək pillələrdə qərar tutmuşlar. Rayon Gənclər və İdman İdarəsini rəisi Ramin Rəhimov söhbət zamanı "İdman ili" çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verərək bildirdi ki, bu il idmançılar daha yüksək nailiyyətlər əldə etmək əzmindədirlər. Rayonda bədən tərbiyəsi və idman arzuolunan səviyyədə uğurla inkişaf edir. Bunun əsas səbəbi idmanın maddi-texniki bazasının möhkəmləndirilməsidır.
Hazırda rayonda 4 idman məktəbi, 147 idman qurğusu gənclərin ixtiyarındadır. Mərkəzi stadion, voleybol, basketbol, güləş, tennis, taekvondo, boks zalları ilə yanaşı, 111 yerdə sadə idman qurğuları fəaliyyət göstərir. 13 min 496 oğlan və qız idmanın müxtəlif növləri ilə məşğul olur ki, onların da bir çoxu idman dərəcəsinə malikdir. Ümumiyyətlə, rayonda 495 nəfər dərəcəli idmançı, cempion, idman ustası var.
Cənub bölgəsində sürətli sosial-iqtisadi inkişafı ilə seçilən Cəlilabad, sözün əsl mənasında, yeni növrağını yaşayır. Gündən-günə tərəqqi edən bu rayonun quruculuq-abadlıq tədbirlərində digər sahələrlə yanaşı, idman-sağlamlıq ocaqlarının genişləndirilməsi rayon rəhbərliyinin daim diqqət mərkəzindədir. Böyük əraziyə malik olan Cəlilabad şəhər parkının müasir standartlara uyğun şəkildə bərpa edilib şəhər sakinlərinin istifadəsinə verilməsi üçün son günlər burada qızğın iş gedir. İməcilik yolu ilə parkın ərazisi şumlanır, ağacların gövdəsi ağardılır, ərazi tullantılardan təmizlənir. Park yenidən istifadəyə verildikdən sonra burada əl oyunlarının, şahmat, dama, bilyard, tennis yarışlarının keçirilməsinə şərait yaradılacaqdır.
Hazırda ölkə rəhbərinin tapşırığına əsasən, rayonda Olimpiya İdman Kompleksi ucaldılır. Tikintisi bu ilin axırları - gələn ilin əvvəllərində başa çatması nəzərdə tutulan bu obyekt istifadəyə veriləndən sonra, sözsüz ki, yerli idmançıların imkanları daha da genişlənəcək və onların yüksək nailiyyətlər qazanması üçün əlverişli şərait yaranacaqdır. O zaman Cəlilabada gətiriləcək idman prizlərinin, fəxri diplom və medalların sayı, yəqin ki, indikindən çox olacaq. Azərbaycan ordusuna kapitan Əhməd Abdullayev, Fərid Əhmədov kimi cəsur döyüşçülər bəxş edən Cəlilabad gəncliyi hər cür şan-şöhrətə layiqdir. Rayonda bədən tərbiyəsi və idmanın inkişafı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar həyata keçirilən məqsədyönlü tədbirlər öz bəhrəsini verəcək, daha böyük uğurların təməlini qoyacaq.
Seyran CAVADOV
Azərbaycan.- 2012.- 10 iyun.- S. 5.