Dövlət qayğısından güc alan Ağdam kəndlisi özünə güvənir

 

 Ərazisinin dörddə üç hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdam rayonu ağır itkilər qarşısında əyilməmiş, bu bölgənin vətənə, torpağa, halal zəhmətə bağlı dəyərli övladları ən çətin məqamlarda belə qürurlarını qoruyub saxlamışlar. Dövlətin davamlı və yetərli qayğısını daim gündəlik həyatlarında hiss edən ağdamlıların sabaha olan inamı bir an da olsun sarsılmamışdır. Ən çətin, ən məşəqqətli günlərdə, qızmar yayın yandırıb-yaxan istisini, qarlı qışın ilik donduran sazağını, şaxtasını uzun illər çadırlarda, qarğı-qamışdan tikilmiş daxmalarda, yük vaqonlarında yaşayan ağdamlılar heç vaxt ümidsiz, inamsız olmamışlar. Onların güvəndiyi dövlət, Qarabağ münaqişəsi ilə bağlı qətiyyətli və prinsipial mövqeyini birmənalı şəkildə bəyəndikləri, ətrafında sıx birləşdikləri dövlət başçısının isti münasibəti bu adamlara həmişə dayaq olmuşdur.

Artıq çadır şəhərcikləri çoxdan xəyalların acı xatirəsinə çevrilib. Rayon ərazisində yeni salınmış bütün infrastruktura malik qəsəbələrdəki geniş, rahat və işıqlı evlər öz sakinlərinə illərin ağrı-acısını unutdurur. Yeni qəsəbələrdə könül xoşluğu yaradan təkcə mənzillərin müqayisəyə sığmaz rahatlığı deyil. Burada hər ev  üçün ayrılmış həyətyanı sahələrdə salınmış bağ-bostan bol barı, bəhəri ilə üzə gülür, göz oxşayır. Meyvə ağaclarının çox sürətlə boy atması hər kəsdə haqlı təəccüb yaradır. Bəlkə, burada təbiətin özünəməxsus sirri var. Uzun illər doğma rayondan ayrı düşmüş sakinlərin sonsuz torpaq sevgisi, hərarətli əlləri bu boş çölləri çox qısa zamanda bağ-bağçalı yaşıl ormana, əsl cənnətə döndərmişdir. Qəsəbə sakinləri indi tərəvəz, mer-meyvə üçün bazara üz tutmurlar. Öz əllərinin zəhməti ilə yetişdirdikləri dadı da, tamı da fərqli olan məhsulları halal süfrələrinə könül xoşluğu ilə qoyur, bundan xüsusi zövq alırlar.

Dövlət öz növbəsində, Qarabağ camaatının xarakterində ələbaxımlılıqdan uzaq olan bu üstün cəhəti yüksək qiymətləndirir, tikib-qurmaq, bolluq yaratmaq həvəsli bölgə əhalisinə bütün vasitələrlə dəstək olur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Azərbaycan və İsveçrə hökumətlərinin birgə maliyyələşdirdikləri "Ağdam rayonunun yeni salınmış qəsəbələrində məskunlaşmış məcburi köçkünlər üçün kənd yerlərinin inkişafı üzrə qabiliyyətlərin artırılması" layihəsinin gerçəkləşdirilməsi məhz bu aydın mövqeyin şərtləndirdiyi reallıqdır. Uğurla başa çatan bu layihə rayonun təsərrüfat həyatında bir sıra mühüm yeniliklərlə yadda qalır. Layihə Ağdam rayonunun 14 qəsəbə və 7 kəndində 3100 ailəni əhatə etmişdir. Rayonda fəaliyyət göstərən fermerlər, fərdi torpaq mülkiyyətçiləri, icarədarlar, ayrı-ayrı təsərrüfat subyektləri layihə çərçivəsində bazara sərbəst çıxışa nail olmuşlar. Bank olmayan kredit təşkilatlarının ayırdıqları vəsaitlər hesabına əhaliyə xeyli maliyyə yardımları verilmişdir. Təxmini hesablamalar nəticəsində aydın olur ki, layihə müddətində fermerlər 2,4 milyon ABŞ dollarından çox gəlir əldə etmişlər. Bu gəlirdən təqribən 5645 ailəyə pay düşür.

Adı çəkilən layihənin başa çatması münasibətilə Quzanlı qəsəbəsində keçirilən tədbir bölgə əhalisində böyük maraq doğurmuşdur. Layihədən bəhrələnən məcburi köçkünlər göstərilən qayğı və diqqətə, yaradılan şəraitə görə respublika Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov tədbirdə dönə-dönə vurğulayıb ki, bu qəbildən olan layihələr xüsusi əhəmiyyətə malikdir və məcburi köşkünlərin rifah halının yaxşılaşdırılmasında böyük rol oynayır.

Quzanlı qəsəbəsində Ağdam Dövlət Dram Teatrı binasının qarşısındakı meydanda kənd təsərrüfatı məhsullarının satış sərgisi ilə tanış olan tədbir iştirakçıları layihənin uğurlu nəticələrini yüksək qiymətləndirirlər. Sərgidə nümayiş etdirilən məhsullar məhz sözü gedən layihə əsasında yetişdirilmişdi. Bank olmayan kredit təşkilatı "Caspian invest" MMC-nin idarə heyətinin sədri Natiq Məmmədov, İsveçrənin ölkəmizdəki səfiri xanım Sabin Ulmann Şaban, Braziliyanın Azərbaycandakı səfiri Sergio Arudo tədbirdə çıxış edərək layihənin aktuallığına xüsusi diqqət yetiriblər. Respublikanın kənd təsərrüfatı naziri İsmət Abbasov çıxışında son illər aqrar sahənin dinamik inkişafından, bu prosesdə məcburi köçkünlərin də fəal iştirakından danışıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələrin səmərəsindən danışan baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qaçqın və məcburi köçkünlərin problemlərini fəaliyyətinin prioriteti hesab edən Prezident İlham Əliyevin tarixi xidmətlərini minnətdarlıqla xatırladıb. Tədbirdə qeyd olunub ki, müxtəlif maliyyə mənbələri hesabına qaçqın və məcburi köçkünlərə indiyədək bütövlükdə 5 milyard 300 milyon manat vəsait xərclənmişdir. Bu istiqamətdə dövlət qayğısı uğurla davam etdirilir.

Dövlətin gündən-günə artan qayğısından ağdamlı məcburi köçkünlərə də yetərli pay düşür. Torpağı münbit, havası xoş, adamları zəhmətkeş və mehriban olan bu cəbhə bölgəsində həyat şəraitini hər vasitə ilə yaxşılaşdırmaq dövlətin diqqət mərkəzindədir. Rayon rəhbərliyi daxili imkanlarını, mövcud ehtiyat mənbələrini bacarıqla səfərbər edərək ölkədə ərzaq bolluğu yaradılmasında Ağdam kəndlisinin fəal iştirakını təmin edib. Son iki ildə bu sahədə böyük inkişafa nail olunub. Həyata keçirilən məqsədyönlü təsərrüfat tədbirləri özünü rəqəmlərin ifadəsində daha aydın göstərib. 2011-ci ildə 41071 ton taxıl, 8140 ton kartof, 48.808 ton tərəvəz, 4200 ton bostan məhsulları, 2660 ton  üzüm, 3115 ton ət, 27.100 ton süds. istehsal olunmuşdur. Fərəh doğuran haldır ki, əvvəlki illə müqayisədə taxıl istehsalı 2133 ton, kartof istehsalı 1715 ton, tərəvəz istehsalı 7073 ton, ət istehsalı 298 ton, süd istehsalı 244 ton artırılmışdır. Nəzərə almaq lazımdır ki, bu əmək nailiyyətləri ərazisinin dörddə üç hissəsi işğal altında olan bir rayonda qazanılmışdır. Bu, ikiqat uğurdur, əsl əmək fədakarlığı kimi alqışa layiqdir.

Əlbəttə, kənd təsərrüfatı məhsullarının dinamik artımı aqrar sahəyə dövlət qayğısının məntiqi nəticəsi kimi qəbul edilməlidir. Rayon rəhbərliyi səviyyəsində həyata keçirilən məqsədyönlü tədbirlərin səfərbəredici gücüinkar olunmamalıdır. İyirmi ildir ki, rayonun böyük əraziləri ilə yanaşı, təbii su mənbələri də ermənilərin işğalı altındadır. Ermənilər yaz-yay aylarında əkinlərin intensiv suvarılmasına ehtiyac duyulduğu vaxtlarda Xaçın və Qarqar çaylarının yatağına su buraxmır, digər təbii su mənbələrini də qurudurlar. Belə olanda isə bütün ağırlıq rayon  subartezian quyularının istismarı idarəsinin üzərinə düşür. İdarənin kollektivi zəruri dövrlərdə gücləndirilmiş rejimlə işləyir, ikiqat, üçqat zəhmət bahasına olsa da, əhalinin həm içməli, həm də suvarma suyuna olan tələbatını artıqlamasilə ödəyir. İdarə 739 ədəd subartezian quyusunun və 3 ədəd nasos stansiyasının istismarını həyata keçirir.

Rayonda kənd təsərrüfatı məhsullarının ildən-ilə artırılmasında suvarma sistemləri idarəsinin də səmərəli rolu var. Suvarma sistemləri şəbəkəsinin daim saz vəziyyətdə saxlanması, arx və kanalların, drenlərin vaxtaşırı təmizlənməsi rayon suvarma sistemləri idarəsinin gündəlik qayğısıdır. Melioratorların torpaq istifadəçilərinin su tələbini yüksək səviyyədə ödəməyə yönələn fəaliyyəti məhsul bolluğunu təmin edən əsas şərtlərdəndir.

Yaz tarla işləri başlayandan bəri "Aqroservis" rayon filialının qayğıları da artıb. Cari ilin əvvəlindən fəaliyyətə başlayan filialın maddi-texniki bazası sürətlə möhkəmlənir. Hazırda filialda 72 ədəd müxtəlif kənd təsərrüfatı traktorları, maşın-mexanizmlər vardır. Zəmilərin saralmağa başladığı bu günlərdə mexanizatorlar taxıl yığımına ciddi hazırlaşır, kombaynların sazlığını dönə-dönə nəzərdən keçirirlər.

Ağdam Rayonu İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Allahverən Əliyev söhbət zamanı kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, ərzaq bolluğu yaratmaq üçün rayonda olan mövcud potensialdan danışdı. Ağdam kəndlisinin halal zəhmətə bağlılığını, təknəsinin bol çörəyi üçün yorulmadığını həvəslə dilə gətirdi. Həmsöhbətim rayon rəhbərliyini narahat edən bir məsələyə xüsusi diqqət yetirdi. Aydın oldu ki, narahatçılıq yaradan məsələnin mahiyyəti kredit şərtləri ilə bağlıdır. Keçən il Ağdamda 50 min tona yaxın soğan istehsal olunmuşdur. Bu qədər məhsulu uzun müddətə saxlamaq mümkün olmadığı üçün məhsulun yarıdan çoxu çürüyüb xarab oldu. Zibilə çevrilən 20 min tondan çox soğanın hasilə gəlməsi üçün kəndli 100 min manatlarla pul xərcləmişdir. Vəziyyətdən çıxış yolu rayonda iri tutumlu soyuducu anbarlar tikməkdir. Maya dəyəri kifayət qədər baha olan belə anbarları tikmək isə təbii ki, Ağdam kəndlisinin imkanı xaricindədir. Kredit götürmək isə müşkül işdir. Müvəkkil banklar iri həcmli kreditlər üçün Bakı şəhərində əmlak girovu tələb edir. Torpaqları işğal edilmiş, isti ocağından, doğma ev-eşiyindən perik salınmış ağdamlı məcburi köçkün paytaxtda bahalı mülkü haradan alıb girov qoya bilər?! Onun Bakıda şadlıq sarayı, villası, böyük super marketi olsaydı, atəşkəsin tez-tez pozulduğu səksəkəli cəbhə bölgəsində tər axıdıb torpaqda çalışardımı? Ağdamda çox iştəyirlər ki, İqtisadi İnkişaf Nazirliyi aqrar sahəyə kredit ayrılmasında onların real vəziyyətini nəzərə alıb fərqli şərtlər tətbiq etsin. Bu istək reallaşarsa, cəbhə bölgəsində işgüzar mühit daha da canlanar, məcburi köçkünlər ölkədə ərzaq bolluğu yaratmaq uğrunda mübarizəyə daha fəal qoşularlar.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2012.- 1 iyun.- S. 7.