Azərbaycan neft-qaz sahəsində xoşməramlı siyasət aparır

 

 Bu fikirləri Prezident İlham Əliyev XIX Beynəlxalq Xəzər neft-qaz sərgisi və konfransında bildirib

 

İqtisadi potensialımızın ildən-ilə güclənməsi ölkəmizə marağı artırmaqla yanaşı, respublikamızın beynəlxalq və regional əməkdaşlıq sahəsində aparıcı rola malik olduğunu deməyə əsas yaradır. Başqa sözlə, zəngin təbii ehtiyatlar respublikamızın daha da qüdrətlənməsi və milli rifahın təmin olunması üçün perspektivlər açır, onu beynəlxalq əhəmiyyətli enerji mənbəyi və beynəlxalq enerji təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir. Azərbaycan Respublikasının və tərəfdaş ölkələrin iqtisadiyyatlarının inkişafına artıq töhfə verən beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişaf etdirilməsi, neft və qaz boru kəmərlərinin inşası region ölkələrinin əməkdaşlığının bariz nümunəsidir.

Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsində  də mühüm rola malikdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin işə düşməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması mövcud iqtisadi potensialımızı daha da artırmışdır. Ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm yerə malik olacağı artıq heç kəsdə şübhə yeri qoymur. Enerji strategiyamızın uğurla həyata keçirilməsi yeni layihələrin üzərində işlənilməsini də vacib edir. Bu baxımdan Xəzər dənizi-Qara dəniz-Baltik dənizi arasında regional əməkdaşlıq layihəsinin gerçəkləşməsi layihədə iştirak edən ölkələrin iqtisadi imkanlarının daha da artmasına gətirib çıxaracaqdır. Tərəfdaş ölkələrlə birgə çəkilən neft və qaz kəmərləri Azərbaycana təchizat marşrutlarını şaxələndirməyə, iqtisadi və siyasi islahatları daha sürətlə aparmağa imkan yaradır. Azərbaycanın enerji siyasəti ölkəmiz, xalqımız və  bütöv region üçün böyük faydalar verir.

Neft-qaz resursları ölkəmizin iqtisadiyyatını gücləndirməklə bərabər, beynəlxalq mövqelərimizi də möhkəmləndirir. 2010-cu ildə Azərbaycanda böyük qaz yatağı - "Ümid" yatağı kəşf edilmişdir. Bu qaz yatağının aşkarlanması dünyada böyük rezonans doğurub. Azərbaycanın enerji potensialının dünya bazarlarına təqdim edilməsi üçün onun böyük əhəmiyyəti olacaqdır. Bu gün bir neçə ölkənin enerji balansında Azərbaycan neftinin payı 25-30-35 faiz təşkil edir. "Şahdəniz" qaz yatağının kəşfindən sonra Azərbaycan xarici investorlar tərəfindən qaz ölkəsi kimi də böyük maraq doğurmaqdadır.

Paytaxt Bakıda bu günlərdə XIX Beynəlxalq Xəzər neft-qaz sərgisi və konfransının keçirilməsi də mühüm əhəmiyyət kəsb etdi. Neft-qaz sərgisində 35 ölkədən 304 şirkətin iştirak etməsi tədbirin böyük önəm daşıdığını bir daha təsdiqlədi. Ekspozisiyanın 40 faizindən çoxu dünyada tanınmış iqtisadi qurumların payına düşmüşdü. İştirakçılar sırasında Almaniyanın, Birləşmiş Krallığın, Çinin, Rusiyanın, Türkiyənin milli qrupları da yer almışdılar. Builki sərgidə 75 Azərbaycan şirkəti də iştirak edirdi. Prezident İlham Əliyev XIX Beynəlxalq Xəzər neft-qaz sərgisi və konfransının açılışında demişdir: "2003-cü ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulmuşdur. 2006-cı ildə kəmər istifadəyə verilmişdir. Bu kəmər bütövlükdə bölgənin və bəlkə də qitənin enerji xəritəsini əsaslı şəkildə dəyişdirə bilmişdir. Bu kəmər təkcə Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün deyil, eyni zamanda yeni dəhlizin açılması üçün çox vacib, tarixi bir addım idi. Artıq bu dəhliz işə düşəndən sonra növbəti mərhələdə böyük "Şahdəniz" yatağının qaz ehtiyatlarının dünya bazarına çıxarılması üçün Bakı-Tbilisi-Ərzurum qaz kəməri tikilmişdir".

Avropada etibarlı və uzunmüddətli bazarın təmin edilməsi yaxın 5-10 il ərzində, bütövlükdə qlobal qaz bazarında ölkəmizin rolunun yüksəlməsinə əlverişli imkan yarada bilər. Aparılan genişmiqyaslı işlər, nəzərdə tutulan infrastruktur layihələrinin tam başa çatdırılması deməyə əsas verir ki, Azərbaycanın mavi yanacağı Avropa üçün yeganə qaz mənbəyi ola bilər. Azərbaycanın neftlə yanaşı, böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır. Xəzərin zəngin karbohidrogen ehtiyatlarının daha böyük həcmdə dünya bazarlarına çıxarılması ölkəmizin iqtisadi potensialını gücləndirməklə qarşıda yeni perspektivlərə yol açır.

Dünya miqyasında əsas enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi, enerji təhlükəsizliyi məsələsinin ciddiliklə gündəmə gəldiyi indiki şəraitdə respublikamızın bu sahədə öncül mövqelərə çıxması reallıqdır. Bu gün Azərbaycan qazı İran, Rusiya, Türkiyə, Gürcüstan, Yunanıstan, İtaliya kimi ölkələrə ixrac edilir. Eyni zamanda, Azərbaycan "Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector" (AGRİ), "Nabukko" kimi qlobal enerji layihələrinin reallaşdırılmasında əsas söz sahibi kimi çıxış edir. Ötən il Azərbaycanın qaz ehtiyatlarının Avropa bazarına çıxarılması üçün böyük qapı olacaq Azərbaycan və Türkiyə arasında qaz tranzitinə dair Anlaşma Sazişinin imzalanması da əhəmiyyətli hadisələrdən oldu.

Artıq Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilən ölkəmiz regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirak edir. Son 9 ildə iqtisadi inkişaf və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən dövlət başçısı İlham Əliyev respublikamızın qlobal siyasi arenada müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin etmişdir. Beləliklə, həm də hücum xətti üzərində qurulan çevik və səmərəli xarici siyasət yürütmək imkanı qazanan cənab İlham Əliyev "güclü dövlət - müstəqil siyasət" devizini praktik olaraq gerçəkləşdirmişdir. Başqa sözlə, iqtisadi, siyasi və hüquqi islahatların uğurlu nəticələri ümumən səmərəli xarici siyasət üçün də etibarlı zəminə çevrilir. 

Prezident İlham Əliyev bu barədə belə demişdir: "Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib. Ölkə qarşısında duran bütün vəzifələr icra edilib. Əgər biz bu səviyyədə işləsək, neftin və qazın hasilatını indiki səviyyədə saxlasaq və buna imkan vardır, onilliklər bundan sonra da uğurla inkişaf edəcəyik. Yəni, bir tərəfdən hansısa əlavə təşəbbüslərə bəlkə də ehtiyac yoxdur. Ancaq digər tərəfdən, biz bölgədə, Cənubi Qafqazda aparıcı ölkəyik. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür. Belə olan halda biz 10 il, 20 il, 30 il əvvələ baxmalıyıq. Elə etməliyik ki, qaz ehtiyatlarımız maksimum şəkildə realizə edilsin. Beləliklə, uzunmüddətli qaz strategiyamız buna yönəlib. Hesab edirəm ki, əgər bu sahədə investorlar, hasilatçılar, tranzit ölkələri, istehlakçılar arasında işbirliyi, əməkdaşlıq olarsa, bu məsələlər öz həllini lazımi səviyyədə tapa bilər. Keçən ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji-qaz sahəsində bəyannamə imzalanmışdır, işçi qrupu yaradılmışdır. İşçi qrupu işləyir. Biz bu işçi qrupunun işinin nəticələrini gözləyirik.

Bir daha demək istəyirəm, Azərbaycan neft-qaz sahəsində xoşniyyətli, xoşməramlı siyasət aparır. Bu siyasət əməkdaşlığa, qarşılıqlı maraqların nəzərə alınmasına yönəldilib. Nəticə etibarilə bu siyasət hər bir tərəfin marağına xidmət edəcəkdir".

Prezident İlham Əliyevin inamla davam etdirdiyi yeni neft strategiyasının nəticəsi olaraq, müstəqil respublikamız nəinki enerji müstəqilliyini təmin etmiş, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir. Bunun nəticəsi kimi ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlmişdir. Bu gün hər bir Azərbaycan vətəndaşı ürəkdən inanır ki, ölkədə həyata keçirilən neft siyasəti davamlı inkişaf və tərəqqi prosesini sürətləndirəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 12 iyun.- S. 1.