Avropa İttifaqı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış vəziyyətlə bağlı bəyanat yaymışdır

 

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Ketrin Eştonun sözcüsü son günlərdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış vəziyyətlə bağlı bəyanat yaymışdır.

Bəyanatda iyunun 4-ü, 5-i və 6-sı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində insan tələfatı ilə nəticələnən silahlı insidentlə bağlı qurumun ciddi narahatlığı əks olunur.

Sənəddə Aİ-nin ali nümayəndəsi hər iki tərəfi atəşkəs rejiminə hörmətlə yanaşmağa, son bir neçə ayda pisləşən vəziyyətin bundan sonra daha da gərginləşməsinin qarşısını almaq üçün səsləndirilən bəyanatlarda daha təmkinli olmağa çağırır.

Bəyanatda vurğulanır ki, gücdən istifadə olunması və hazırkı status-kvo münaqişənin həllinə heç bir töhfə verməyəcəkdir. Belə hallar ATƏT-in təklif etdiyi insidentlərin araşdırılması üzrə mexanizmin daha səmərəli şəkildə həyata keçirilməsinin vacibliyini göstərir. Bundan əlavə, belə insidentlər danışıqlar prosesində irəliləyişə nail olmağın zəruriliyini artırır.

Sənəddə qeyd olunur ki, Aİ-nin ali nümayəndəsi münaqişə tərəflərini - Ermənistan və Azərbaycanı sülhə əsaslanan Madrid prinsipləri çərçivəsində razılıq əldə etmək üçün cəhdlərini artırmağa, ATƏT-in Minsk qrupu qarşısında götürülmüş öhdəlikləri tam olaraq yerinə yetirməyə çağırır.

Bəyanatın sonunda münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun səylərinin Aİ tərəfindən dəstəkləndiyi bir daha diqqətə çatdırılır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 12 iyun.- S. 1.