Tarixi taleyimizin Qayıdış səhifəsi

 

 1993-cü il iyunun 9-da Heydər ƏLİYEVİ Naxçıvandan Bakıya gətirən yol Azərbaycan xalqının və onun dövlətçiliyinin nicatqurtuluş yoluna çevrildi   

 

Özünü tanıyandan bəri qədərinə min bir məhrumiyyət və əziyyət yazılmış Azərbaycan xalqı 19 il əvvəl müharibələrin içərisində ən dəhşətlisi sayılan vətəndaş  müharibəsinin bircə qədəmliyində idi.

- Vətəndaş müharibəsində qazanılmış hər bir qələbə məğlubiyyətə bərabərdir. - Bu müdrik kəlam qədim Roma şairi Mark Anney Lukana məxsusdur.  Bəşəriyyətin tarixi müharibələrlə zəngin olduğu üçün böyük filosof-şairin bu ifadəsi bütün dövrlərdə müasirliyini və aktuallığını qoruyub saxlamışdır.

1993-cü ildə də tərəflər nəfəs-nəfəsə, göz-gözə dayanmışdılar. Bu adamların baxışlarında nifrət və qəzəbdən çox qeyri-müəyyənlik və çarəsizlikdən yoğrulmuş namütənahi bir boşluq gizlənmişdi. Onlar düşmən deyildilər, hamısı özcə azərbaycanlımız, soydaşımız idi. Fəqət, bir illik hakimiyyətləri dövründə əldə etdikləri sərvət və mənsəbi itirmək qorxusu qarşısında qalan AXC-Müsavat cütlüyü ilə xarici hərbi-siyasi qüvvələrin müti oyuncağına çevrilmiş Surət Hüseynovun arasındakı "nifaq almasının" zavallı taleyini bölüşməli olmuşdular.

 

 Ərəfə

 

Yeganə istəyi müstəqil və azad yaşamaq, balalarını normal cəmiyyətdə böyüdüb pərvazlandırmaq olan Azərbaycan xalqı növbəti dəfə aldandı, xaincəsinə aldadıldı. 1988-ci ildən bəri hamımız meydanlara daşındıq, qışın soyuq gecələrində çatdığımız tonqalların ocağını sönməyə qoymadıq, sovetin zəhmli tanklarını əzmimizlə, qətiyyətimizlə, azadlıq eşqimizin şövqü ilə ram etdik. Lakin nə təəssüflər ki, sovet-kommunist istibdadının əlindən dartıb aldığımız milli istiqlaliyyətimizin şirin meyvələrindən doyunca tamsına bilmədik. 92-ci ilin mayında xalqın milli azadlıq və suverenlik çağırışlarının qanadında hakimiyyəti qəsb etmiş AXC-Müsavat fraksiyası bir Çin hikmətində deyildiyi kimi, olduğu kimi göründüyünü ortaya qoydu. Bir illik mənhus hakimiyyət Azərbaycan adlı coğrafiyada bəşəri, əxlaqi dəyərlər, dövlətçilik ənənələri, idarəetmə vərdişləri, daxilixarici siyasət adına nə varsa, hamısının necə tənəzzül etdiyini, süquta uğradığını görüntülədi. Ən başlıcası isə, artıq Topxana meşəsindəki bir armud ağacı deyil, meşələrimiz, bar verən bağçalarımız, bərəkətli tarlalarımız, topdağıtmaz mülklərimiz, igid babalarımızın uyuduğu qəbir evlərimiz, bahadır oğlanlarımız gedirdi cəng meydanında. Və bunların hamısının tacı, başı sayılan torpaqlarımızı qeyb edirdik.

Əslində, iyrənc bir  ssenari həyata keçirilirdi. AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlişi müəyyən ərazilərin itirilməsi ilə müşayiət olundu. 1992-ci ilin mayında Şuşa, sonra Laçın düşmənə təhvil verildi. Eyni xəyanətkar siyasət nəticəsində 1993-cü ilin mart-aprel aylarında Kəlbəcər süqut etdi.

Yanlış kadr siyasəti, daxili didişmələrin hobbiyə çevriləcək dərəcədə intensivliyi, səviyyəsiz siyasilərin kreslo uğrunda güzəştsiz mübarizəsi, idarəetmə təcrübəsinin olmaması, iqtisadiyyatın aparıcı sahələrinə kadrların peşəkarlıq, bacarıq və təcrübə prizmasından deyil, şəxsi sədaqət prinsipi müstəvisindən təyin edilməsi, ictimai-siyasi ab-havanın getdikcə daha da çirklənməsi sərhəd bölgələrindəki qüvvələr nisbətini, hərbi qarşıdurmanı Azərbaycanın ziyanına dəyişmişdi.

1992-ci ildə hakimiyyətə zorsilah yolu ilə gəlmiş Ə.Elçibəyin komandası özünün yarıtmaz, səriştəsiz və cinayətkar fəaliyyəti ilə ölkəni parçalanıb məhv olmaq təhlükəsinə məhkum etmişdi. Həmin tarixi anda heç kim, heç bir qüvvə zəmanət verə bilməzdi ki, belə qarşıdurmanın reallaşacağı təqdirdə xalqın və məmləkətin taleyi necə olacaqdı, başına hansı faciələr gələcəkdi. Azərbaycana yönələn bu məkrli siyasətin dəst-xətti ən müxtəlif ölkələrin kəşfiyyat xidmətlərinin masası üzərində cızılmışdı. Əslində, Ə.Vəzirov, A.Mütəllibov, AXC-Müsavat sindikatı, S.Hüseynov, R.Qazıyev və başqalarından ibarət "aktyor truppası"nın neçə ildən bəri hamının gözləri önündə oynadığı primitiv, bəzən ikrahdoğuracaq dərəcədə bayağı, bəzən də kəskin və kontrastlı, eyni zamanda təhlükəli oyun ölkə vətəndaşlarını sövq-təbii özünün ehtirassız tamaşaçısına çevirməyi bacarmışdı. Milli mənafelər şəxsi-korporativ maraqlara, o isə öz növbəsində hakimiyyət davasının havacatları üzərində köklənmiş siyasi ambisiyaiddialara deformasiya olunmuşdu. Nəticə etibarilə, siyasi mükalimə müstəvisindən hərbi yolla haqq-hesab çəkmə meydanına sürüşmüş qüvvələr tənasübünün bir başında cəbhəçilərdən ibarət "yeni qayda ilə idarə etməyi bacarmayan" mühafizəkar qüvvələr, digər tərəfdə S.Hüseynov və R.Qazıyevin timsalında revanşistlər dəstəsi, üçüncü tərəfdə isə köhnə qayda ilə yaşamaq istəməyən, səriştəsiz və çapqınçı bir hakimiyyətdən zinhara gəlmiş xalq durmuşdu. Tarixi situasiya qüvvələr tənasübünü ümummilli mənafelər məxrəcinə daşıya biləcək, qan tökülmədən mövcud pat vəziyyətini neytrallaşdıra biləcək bir liderə ciddi ehtiyac olduğunu diktə edirdi. Ümummilli konsensusu təmin edə biləcək yeganə şəxsiyyət isə Heydər ƏLİYEV idi.       

 

Qayıdış - Tanrının yazdığı qədər

 

Heydər Əliyevin 1993-cü il iyunun 9-da Bakıya dönüşü tarixin sosial sifarişi idi. Bu dönüş xalqın istəyi ilə hasil oldu. O, öz gəlişi ilə Azərbaycanın boğazında kilidlənib onu uçuruma sürüyən təhlükələri dəf etdi. İnsanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi.

Bütün məziyyətlərinə görə dünyanın nadir şəxsiyyətlərdən sayılan Heydər Əliyevin iyun ayının taleyüklü sayılacaq qədər əhəmiyyətli bir neçə günündə Azərbaycanın qurtuluş və səadəti naminə gördüyü işləri  idarəetmə səriştəsi və rəhbərlik bacarığının zirvəsi hesab etmək olar.

Bu Qayıdışın köklərini hansısa bir şıltaq "yun polkovnik"inin silahlı hərəkatı ilə bağlamaq ən azı naşılıq, siyasi korafəhmlikdir. Heydər Əliyevin qayıdışını hər şeydən əvvəl  lütfünü bu millətdən heç vaxt əsirgəməyən Tanrı bəlgələdi, sonra isə AXC-Müsavat ittifaqı öz fərasətsizliyi, yaramaz fəaliyyəti ilə reallaşdırdı. Aniyüngül qələbə eyforiyasından başı dumanlanan "bəylər" vəzifəyə gəldikləri meydanlarda xalqa verdikləri vədləri unutdular. Həmin ili dövlət quruculuğu ili elan etsələr də, əslində, dövlətin əsaslarını dağıtmaqla, dövlətçilik ənənələrinə divan tutmaqla məşğul oldular: rüşvət artdı, korrupsiya tüğyan elədi. Bütün bu bədnam "miras"ı Heydər Əliyev məhv etməli, sivil, demokratik dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanan dövlətçilik mexanizmi yaratmalı, ona fəaliyyət impulsu verməli idi.

Həmişə elm və incəsənət xadimləri, ziyalılarla ünsiyyətə xüsusi önəm verən Heydər Əliyev elə gəldiyi gün Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında ölkənin elm xadimləri, tanınmış ziyalıları ilə görüşdü. Həmin gecə akademik Fərəməz Maqsudovdeputat Sabir Rüstəmxanlı naməlum adamlar tərəfindən döyüldü. Artıq çıxış yolunu radikallaşmaqdafiziki təzyiq metodlarını tətbiq etməkdə görən iqtidar çox ehtimal ki, bu yolla onun fərsiz hakimiyyətinə qarşı dirəniş nümayiş etdirən və onun istefasını tələb edən qüvvələrin gözünü qorxutmaq istəyirdi. Amma bu cəhdlər sadəcə ona görə uğursuzluğa məhkum idi ki, çoxmilyonlu xalqın inanıb xilaskar bildiyi Heydər Əliyev paytaxtda idiümummilli faciəyə çevrilmiş cəbhə məhşərinin bitməsinə sanılı günlər qalırdı.

Üzünü Azərbaycan dövlətçiliyini dağıtmaq istəyənlərə tutan Heydər Əliyev deyirdi: "Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm".

Ölkə tarixinin ən ziddiyyətli və təhlükəli anlarının yaşandığı bir məqamda iqtidar yetkililəri riyakar davranışlarından əl çəkmir, rəzil və mağmun duruma sürüklədikləri dövlətin qorunub saxlanması zəruriyyətindən bəhs edirdilər. Milli Məclisin 13 iyun 1993-cü il tarixli iclasında İsa Qəmbər öz istefasını şərtləndirən əsas səbəbləri dövlətçiliyin qorunması, sabitliyin bərqərar edilməsi, qarşıdurmanın vətəndaş müharibəsi həddinə çatmaması, prezident üsul-idarəsinin qalması kimi ali prinsiplərlə bağlamağa cəhd göstərirdi. Heç şübhəsiz, həmin salonda əyləşənlərin istisnasız olaraq hamısı başa düşürdü ki, bu sözlərin əsl həqiqətə heç bir dəxli yoxdur.

Bu gün Müsavat başqanı təmsil etdiyi partiyanın hakimiyyətə iddialı olduğunu elan edir. O hakimiyyətə ki, 19 il əvvəl sonsuz kədər və qüssə ilə, "üşüyə-üşüyə" dondurmuşdular. Görəsən dəyişən nədir? Onlar dövləti idarə edə və özlərinin yaratdıqları Surət kabusunun qarşısında duruş gətirə bilmədikləri üçün yeganə nicatı siyasət səhnəsindən dəf olub getməkdə tapdılar. Tarixin öz daxili məntiq qanunlarına hesablanmış qəribə bir paradoksu baş verirdi - onların fizioloji qurtuluşu (oxu: mənəvi ölümü-!) bütöv bir xalqın tarixi qurtuluşu (oxu: mənəvi-cismani doğuşu) ilə növbələşirdi. 19 il əvvəl başının üzərində "Surətin dar ağacları" yellənən iqtidar özünün fiziki varlığını qorumaq xatirinə hakimiyyəti daha nüfuzluciddi bir qüvvəyə- bütün ruhucismi ilə xalqına bağlı, həmvətənlərini düçar olduqları təhlükələrdən xilas etmək naminə özünü pərvanə tək odlara yaxmağa hazır olan Heydər Əliyevə güzəştə getməyə məcbur oldu.

 

 Gəncə hadisələri - süqutun detonatoru

 

 O vaxtkı baş nazir Pənah Hüseynov Azərbaycan "obıvatel"inin yaddaşında yaxşı hökumət başçısı kimi olmasa da "qu quşunun son nəğməsini" xatırladan "cinayətimiz-məğlubiyyətimizdir" ifadəsi ilə qalmağı bacardı. Apardıqları yanlış və səriştəsiz siyasəti mənsub olduqları xalqa qarşı cinayət səviyyəsinə "qaldırmağı" bacaran cəbhə hakimiyyətinin üzdə olan simalarından çoxu məhz bu cür düşünürdü. Bənnalıqdan Daxili Qoşunlar komandanı vəzifəsinə "yüksəlmiş" Fəhmin Hacıyev Gəncə şəhərini  bombardman  etməyi təklif edirdi.

İyunun 12-də televiziya ilə İ.Qəmbərin istefası və Ali Sovetin növbədənkənar iclasının keçiriləcəyi barədə məlumat səsləndikdən sonra bəziləri sadəlövhcəsinə düşünürdülər ki, Heydər Əliyev özünün Ali Sovetin sədri seçilməsi barədə təklifi qeyd-şərtsiz qarşılayacaqdır. Lakin bunun əksinə oldu. O, iyunun 13-ü Gəncəyə yola düşmək barədə qərar qəbul etdiaxşam saatlarında KİV mənsubları ilə birlikdə bölgəyə səfər etdi.

Gəncədə şayiələr baş alıb gedirdi. İlkin qənaət belə idi ki, bir neçə gün əvvəl İmam Mustafayevin başçılığı ilə burada olmuş komissiyanın təqdim etdiyi faktlar əsla həqiqəti əks etdirmir. Ölən və yaralananların böyük əksəriyyəti hökumət qoşunlarını təmsil etmişdir. Bəziləri hətta bu hadisənin ölkədə hərbi çevriliş etmək üçün düşünülüb hazırlanmış planın "baş məşqi" olduğunu vurğulamaqdan çəkinmirdilər.

Surətlə danışıqlar psixoloji nöqteyi-nəzərdən də çox ağır gedirdi. Təsəvvür etmək çətin deyil; siyasət titanı Heydər Əliyev bir qiyamçı "yun polkovniki" ilə-rus kəşfiyyatının əlində marionetkaya çevrilmiş ərköyün, bacarıqsız və özündən müştəbeh  adamla üzbəüz durmalı idi. Heydər Əliyev danışıqların davam etdiriləcəyini, baş vermiş hadisələrin yalnız ədalət prinsipi əsasında araşdırılacağını, habelə hərbi hissəyə hücum planının kimlər tərəfindən hazırlandığının aydınlaşdırılacağını vəd etdi. Əslində, Heydər Əliyevin, bütün real təhlükələrə baxmayaraq, Gəncəyə gəlişi "coker" gedişi idi və Surətin arxasında duranfitva verən gizli qüvvələrin "kartlarını" qarışdırmışdı.

Gəncədə iki qüvvə üz-üzə durmuşdu. Həmin dövr üçün "de-yure" hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün iqtidarına son qoymaqla "de-fakto" situasiyanın sahibinə çevrilən, hadisələrə nəzarət "iplərini" əlində saxlayan S.Hüseynovgüruhu, digər tərəfdə isə sadəcə Heydər Əliyev. Onun top-tüfəngi, qoşun-ləşkəri, cəbbəxanası yox idi. Lakin ən qüdrətli silaha - xalqının inam və məhəbbətinə malik idi.

 

 Süqut

 

Cəbhəçi bəylər ölkədəki hadisələrin son dərəcə təhlükəli bir həddə dirəndiyi məqamda da səmimi olmağı bacarmadılar. Əllərinin içindən balıq kimi sürüşüb qaçmaqda olan şirin hakimiyyət "kökə"sinin nisgili onların içini çarmıxa çəkirdi. Bu taleyüklü məqamda da xalqı, məmləkəti deyil, özlərini düşünürdülər.

Siyasi iflasının son anlarını yaşamaqda olan AXC-Müsavat iqtidarının Heydər Əliyevin Gəncə səfərindən yararlanmaq cəhdləri də puça çıxdı. Heydər Əliyev ədalətli münsif kimi çıxış edərək qiyamla bağlı mövcud iqtidarın ondan gözlədiyi bəyanatı vermədi. Belə ki, Əbülfəz Elçibəylə əməkdaşlığa gedərək xalqı ağır vəziyyətdə olan dövlətçiliyin müdafiəsinə səsləmək onu növbəti dəfə aldatmaq deməkdi. O əbləhlər hələ də bucuğazı anlamaq iqtidarında deyildilər ki, Heydər Əliyev xalqına xəyanət etmək deyil, yolunda fəda olmaq üçün qayıtmışdı.

Azərbaycanda cərəyan edən hadisələri maraq, diqqət və həyəcanla izləyən beynəlxalq ictimaiyyətin, dünya dövlətlərinin fikrini azdırmaq məqsədilə Elçibəy mövcud hakimiyyətin iflasını şərtləndirən köklü problemlərdən deyil, hərbi-siyasi müxalifətin qiyam qaldırdığından bəhs edirdi. Elə həmin günlərdə Ali Baş Komandan olduğunu xatırlayan prezident 709 saylı hərbi hissənin əsgər və zabitlərinə  müraciət etdi.

İyunun 15-də Milli Məclis öz işinə sədrsiz başladı. İsa Qəmbər istefa vermişdi. Qeyri-rəsmi razılığa əsasən, Heydər Əliyev həmin gün parlamentin sədri seçilməli idi. Ancaq bu dəfə də salonun baş kreslosuna iştahını gizlədə bilməyən şəxslər hər vasitə ilə səsvermə prosedurunun keçirilməsinə mane olmağa çalışdılar. Bəzi millət vəkillərinin kəskin çıxışlarından sonra bu hoqqabazlığa da son qoyuldu.

...Artıq tabloda közərən rəqəmlər Heydər Əliyevin Azərbaycan parlamentinin sədri seçildiyini göstərirdi.

Heydər Əliyev deputatlar qarşısında çıxış edərək göstərilən etimadın əvəzi kimi bütün imkanlarından istifadə edib bu ağır və məsuliyyətli yükü aparmağa çalışacağını və böyük vəzifəni ləyaqətlə yerinə yetirəcəyini vəd etdi: "Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm".

Parlament sədri bütün Azərbaycan xalqını vətəndaş həmrəyliyinə dəvət etdi: "Mən rica edirəm, kiçik hissiyyatı kənara qoymaq lazımdır, xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı deyil... Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam".

Ötən əsrin 80-ci illərinin ortalarından sonra Moskvada Qorbaçovun, Bakıda isə növbə ilə Ə.Vəzirovun və A.Mütəllibovun körüklədiyi böhtaninsinuasiya maşınının əziyyətini çəkən Heydər Əliyev böyük ürək sahibi olduğunu bir daha təsdiqləyərək ona qarşı haqsızlıq etmiş, verdiyi çörəyə dönük çıxmış insanları əfv etdiyini və fəaliyyəti illərində ömrünün yerdə qalan hissəsini xalqına bağışladığını bildirdi.

Həmin gün Azərbaycanın tarixinə QURTULUŞ günü kimi daxil oldu. O Qurtuluş ki, düz 19 ildir dövlət quruculuğu və iqtisadiyyatın ən müxtəlif sahələrinin inkişafı şəklində şirin meyvələrini dadırıq.

O Qurtuluş ki, memarı cismən aramızda olmasa da, taleyimizə yazdığı uğur və bəxtəvərlik qisməti hələ neçə nəsil Azərbaycan xalqını izləyəcəkdir.

Və belə bir zəfər yürüşü həm də ona görə sabitqədəm görünür ki, onun önündə ümummilli lider Heydər Əliyevin arzu, əməl və ideallarının sədaqətli varisi Prezident İlham Əliyev gedir.

 

 

Xalid NİYAZOV

 

Azərbaycan $g 2012.- 12 iyun.- S. 2.