Heç vaxt unudulmayacaq rəhbər

 

 Mən zəhmət adamıyam. Ağlım kəsəndən, əlim tutandan torpaqla, əkin-biçinlə məşğul olmuşam. Çəkdiyim zəhmət, axıtdığım alın təri hesabına yüksək ad-san özü gəlib məni tapıb. Kombaynçı olmuşam. Sadə taxılçı əməyi məni yüksək kürsülərə, keçmiş SSRİ Ali Sovetinin deputatlığına, Sosialist Əməyi Qəhrəmanı adına, Bakıda və Moskvada  respublikanın və keçmiş İttifaqın ali rəhbərləri ilə görüşlərə aparıb çıxarıb.

Bu hadisələr içərisində 1969-cu ildə ulu öndər Heydər Əliyevlə görüşüm, ilk dəfə bu böyük azərbaycanlının isti, hərarətli əlini sıxmağım həyatımın dönüş nöqtəsi oldu. Həmin gün özümdə, ürəyimdə, canımda böyük, tükənməz qüvvə hiss etdim. Məni bu günə qədər yaşadan, ürəyimə təpər, qoluma qüvvə verən ulu öndərlə keçirdiyim unudulmaz tarixi görüşlər bu dahi insandan aldığım tükənməz müsbət enerjidir. Heydər Əliyev zəhmət adamlarını çox qiymətləndirirdi. Hər dəfə Cəlilabada gələndə mənim kimi sadə bir kombaynçı ilə görüşüb söhbət etməyə vaxt ayırması onun böyüklüyünü, zəhmət, iş-güc adamlarına önəm verdiyini göstərirdi. Heydər Əliyevin üzümçülər və taxılçılar diyarı olan Cəlilabada hər gəlişi, üstündə zəhmət adamlarıyla görüşləri, söhbətləri, tövsiyələri bir məktəb, xəzinə idi. Mən qürur hissi keçirirəm ki, bu xəzinədən bəhrələnən insanlardan biriyəm.

Ümummilli liderin Cəlilabada hər gəlişi bayram idi. Mən görüşlər zamanı hiss edirdim ki, Heydər Əliyev Cəlilabada gəlməkdən, ucsuz-bucaqsız üzüm plantasiyalarını, zəhmət adamlarının özləri üçün tikdirdikləri yaraşıqlı yaşayış evlərini görməkdən zövq alır, hədsiz məmnun olur. Çünki üzüm bağlarını özü saldırmışdı,  abad ev-eşiklər, xoş güzəran da Heydər Əliyevin diqqət qayğısının, xalqına olan məhəbbətinin bəhrəsiydi. Ulu öndər cəlilabadlıları sevdiyi kimi, cəlilabadlılar da onu əziz tuturdular.

Yaxşı yadımdadır, 1969-cu ilin iyul ayına qədər respublikamızın bir çox rayonları kimi, bizim Cəlilabad da ağır günlər yaşayırdı. Əhalinin dolanışığı çətin idi. Təsərrüfatlar zərərlə işləyirdi. Nəinki planlar dolmur, təsərrüfata qoyulan xərclər batıb gedirdi. Kolxoz sovxozlar tam müflisləşirdi. Bir çoxları baş götürüb çörək dalınca başqa respublikalara üz tuturdular. Amma 1969-cu ilin iyul ayında Heydər Əliyev respublika rəhbərliyinə gələndən sonra hər şey kökündən dəyişdi. Azərbaycanda canlanma, yeni bir ab-hava yarandı. Bu yenilik  bizim Cəlilabada da gəlib çıxdı. Əmək intizamı möhkəmləndi, istehsal sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, insan amilinə önəm verilməsinə diqqət artdı. Qısa vaxt ərzində  Cəlilabadda 30 min hektara yaxın üzüm bağları salındı, şərab zavodları tikildi. Bağlar bol bəhrə verdi. Rayonumuzun var-dövləti ildən-ilə artdı. Cəlilabad 300 min ton üzüm istehsal etmək təşəbbüsünə qoşuldu. Bu, rayonumuzun tarixində görünməmiş bir hadisə idi. Hər il artıqlamasıyla yerinə yetirilən planlar, öhdəliklər rayonumuza şan-şöhrət gətirmişdi. Ulu öndər Heydər Əliyev o zaman Cəlilabadı "Azərbaycan üzümçülüyünün bayraqdarı" adlandırmışdı.

Həmin illərdə bizim beynəlmiləl yaşayış məntəqəsi olan Privolnoye kəndi öz xoşbəxt günlərini yaşayırdı. Bolluq ayaq açıb yeriyirdi. Üzvü olduğum sovxoz rayonumuzun ən iri qabaqcıl təsərrüfatlarından sayılırdı. 1981-ci ilin isti yay günlərindən birində Heydər Əliyev rayonumuza səfər edərkən bizim təsərrüfata da baş çəkdi. Ulu öndər Moskvada hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra bizim qara günlərimiz başladı. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, bir-birinin ardınca torpaqlarmız işğal olundu. Hamı kimi mən tam əminəm ki, o vaxt Heydər Əliyev Bakıda olsaydı, bu müsibətlər başımıza gəlməzdi.

yaxşı ki, xalqımız ağır günlərdə böyük müdriklik göstərib ümummilli lideri təkidli siyasi hakimiyyətə qaytardı, Azərbaycanın sükanını Heydər Əliyevə etibar etdi. Bu, Qurtuluş idi. Ulu öndər müdrikliyi, zəngin siyasi dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində xalqı, müstəqilliyini təzəcə bərpa etmiş dövlətimizi fəlakətdən qurtardı. Qədirbilən xalqımız dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur unutmayacaq da. Cəlilabadlılar ulu öndər Heydər Əliyevin xatirəsini daim əziz tutur, onun müəyyən etdiyi yolla gedir, ümummilli liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin ətrafında sıx birləşərək Vətənimizin tərəqqisi üçün var qüvvə ilə qurub-yaradırlar.

 

 

Nüsrət MƏMMƏDOV,

Cəlilabad rayonunun Privolnoye

kənd sakini, əmək veteranı,

Prezident təqaüdçüsü,

Sosialist Əməyi Qəhrəmanı

 

Azərbaycan.- 2012.- 12 iyun.- S. 2.