Gecədən
aydınlıqlara
Səhərə bir neçə saat qalıb. Dənizkənarı Milli Parkdan baxanda bəyaz işıqlara qərq olan Hökumət evi görünür.
Hökumət evindən sağda "Hilton" hotelinin işıqları üçrəngli bayrağın rəsmini sinəsinə cızıb; solda isə "Abşeron" mehmanxanası gecəyə XXI əsrin memarlıq nümunəsi kimi yaraşıq verir. Bu üç bina sanki öz tərcümeyi-halı ilə sovet dönəmi ilə müstəqilliyimiz arasındakı fərqlərin mahiyyətini açıqlayır. Qaranlıq olsa da, quşlar ötüşməyə başlayır. Bakı əsrlər boyu sakit və təlatümsüz, qanlı savaşların və siyasi burulğanların nə olduğunu bilməyən şəhər təsiri bağışlayır. Küçədə gəzişən adamları, ölkələrində gecənin bu vaxtı bayıra çıxmağı ağlına belə gətirməyən turistləri görəndə fərqli bir ölkədə yaşamağına sevinirsən. Həzin meh dənizin sularını öpüb sahilə yeni nəfəs gətirir. Dövlət Bayrağı meydanında və "Azneft"in dairəsində azacıq da olsa dincəlmək istəyən iki Azərbaycan bayrağı küləyin gözəgörünməz qollarında yenidən ulduzlara sarı dalğalanır. "Eurovision-2012" mahnı müsabiqəsindən qayıdan yerli tamaşaçıların bir qismi Azərbaycan bayrağını çiyinlərinə atıb mahnı müsabiqəsinin "sonuncu akkordları"nı ayaqları ilə Bakı bulvarının daşdan düzülmüş not dəftərinə cızırlar. 20 yaşları ola, ya olmaya. Xoşbəxt və qayğısız gənclər!
Gecə yorğa yerişli atlar kimi səhərə sarı addımlasa da, yaddaşım zamanı geriyə vərəqləyir. Doğrudanmı bu yerlər belə sakit olub? Cəmi 22 il bundan əvvəl elə burada, Hökumət evinin qarşısında izdihamların, kükrəyib coşan milli hisslərin, azadlığı dili-dodağı quruyan adam sudan yanan kimi haraylayanların sayı-hesabı yox idi! O zaman bayrağı da meydana çıxarmağa bir hünər lazım idi. O zaman sərt sözü də tribunalardan hayqıranları kimliyinə varmadan millət qəhrəmanı sayırdılar, səcdə edirdilər.
Bu kükrəyən təlatümləri Bakı bulvarı lal sükutla müşayiət edirdi. Sanki müdrik qocalar kimi "azadlıq" deyib bağıran meydanın bir neçə gün sonra nələr yaşayacağını yaxşı bilirdi. İnsanların gündüzü gecədən daha qaranlıq idi.
Bu gecə Dənizkənarı Milli Parkda üzü səhərə bayraq gəzdirən uşaqlar o müdhiş illərdə, ola bilsin ki, heç anadan olmamışdılar. İndi onlar 20 ildə bir neçə əsrlik inkişaf yolu keçən qüdrətli bir dövlətin vətəndaşları, dünyanın istənilən şəhəri ilə müqayisə oluna bilən əsrarəngiz Bakının sakinləridir!
Bugünkü azadlığın, dincliyin 22 il əvvəl bünövrəsi qoyulanda dəniz kənarının və Azadlıq meydanın necə vahiməli olmasını, necə ölüm qoxumasını bu gəncliyə bir də xatırlatmağımız vacibdir. Kədərin, nifrətin və törədilən vəhşiliklərin içində boğulan, haqqı tapdanan bir xalq var idi. Vəhşi bir təklik var idi.
Bir də Hökumət evinin qarşısında Leninin heykəli durmuşdu. Nə vaxt qoyulduğunu çoxları bilməsə də, o, totalitar rejimin vahiməsi kimi yerindən tərpənmirdi. Onun qarşısından keçənlərə qıyğacı baxmasını və ya ələ salan bir istehza ilə gülümsəməsini də anlamaq olmurdu. Hamı elə bilirdi ki, bu heykəl bu meydandan heç vaxt heç yerə getməyəcək! Lakin o müdhiş 20 Yanvar gecəsi qopan burulğanda bütün ideyalar bircə anın içində məhv oldu. Ömrü boyu Leninin şəklini sinəsində, partbiletində, hətta ürəyində gəzdirənlər günahsız oğullarının, qardaşlarının cənazələrini çiyinlərində qərənfillər döşənən yollarla Şəhidlər xiyabanına qaldırdılar. Biz qəhrəmanlarımızla birlikdə ideallarımızı da dəfn etdik! Lakin bədbinliyimizi nikbin bir ruhla əvəz etdik! Və dəyişdik!
Müstəqilliyimizi bərpa etdik, sərvətlərimizə sahib çıxdıq və 20 ilin ərzində ulu öndər Heydər Əliyevin və onun davamçısı Prezident İlham Əliyevin sayəsində ölkənin simasını büsbütün yeniləşdirdik. Hamının qibtə edə biləcəyi dövlət yaratdıq! Bakı yenidən tikildi, göydələnlər ucaldı, yeni yollar, körpülər salındı. Vətən öz neftinin faydasını gördü. Möhtəşəm uğurları ilə dünyaya səs salan paytaxtın sakit gecəsində fərqləri araşdırmaq üçün keçmişlə bugünü yenidən müqayisə edirəm. Bu gecə Dənizkənarı Milli Parkda insanlar deyib gülürlər. Bilirsən ki, bir azdan günəş doğacaq və səhər açılacaq. Quşlar mahnılarıyla sübhü çağırır. 22 il əvvəl isə gündüzün özü belə müdhiş qaranlığa bələnmişdi. Hamı elə bilirdi ki, zülmət çəkilməyəcək, günəş doğmayacaq. Gərək bunlar unudulmasın!
Bu gecə metro dayanmadı. Girişdəki polis də gücləndirilmiş rejimdə işlədiklərini bildirdi: "Rəisimiz Əflatun Həsənov da "Sahil" metrosundadır". Bulvarda gecə yarısından xeyli keçmiş Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov keşik çəkən polisləri yoxlayırdı. Hamısı özümüzünkülər idi! Amma 22 il əvvəl o müdhiş günlərdə, demək olar ki, hər şey sovet qoşunlarının əlində idi! İstədiklərini güllələyir, istədiklərini sorğu-sualsız həbs edirdilər! Komendant saatı tətbiq olunmuşdu.
İndisə dənizin kənarında səhərə lap az qalıb. Bizim gənclərin arxasınca öz bayraqlarını çiyinlərinə atan xaricilər gedir. Üfüq qaranlıq olsa da, göyün üzü tədricən açılır. 22 il əvvəl isə səma müdhiş, dəniz vahiməli, insanlar təlaş və qorxu içində idi. Gəmilər dənizdə fit verib bağırırdı. Heç kim addım atıb şəhərə çıxa bilməzdi! Paytaxt işğal edilmişdi!
Ən maraqlı mənzərə səhərin açılmasıdır. Məşhur yazıçı Veresayevin hekayələrindən birində bir neçə varlı məzə xətrinə bir oğlan uşağını gizlədərək qaranlıqda saxlayır. Aradan illər ötdükdən sonra onlar bir axşam qürub vaxtı həmin oğlanın gözlərini bağlayıb gözəl mənzərəsi olan meşənin yanına gətirir, günəş üfüqə toxunanda gözlərini açırlar. O, gördüyü mənzərənin gözəlliyinə heyran olur və aramsız olaraq günəşin qürub etməsini izləyir. Günəşin al qırmızı dairəsi tədricən üfüqün arxasında itir. Oğlan danışmır. Qan rənginə boyanan üfüq də tədricən sönərək qaranlıqda əriyir. Oğlan yenə danışmır. Hamı sakitcə yeniyetmənin zülmət düşəndən sonra nə edəcəyini gözləyir. Budur, ətrafa zil qaranlıq çökür. Hər şey oğlan üçün həmişəki qaranlığa bələnəndə ətrafındakılara arxayın bir səslə deyir: "Qorxmayın, o, gələcək!"
Tədricən hava işıqlaşır. O illəri xatırlayanda mütləq Veresayevin hekayəsi yadıma düşür. Bizim də günəşimiz doğdu! Biz də azadlığın şirinliyini daddıq, müstəqilliyin təntənəsini duyduq! Bu Günəşi, bu Azadlığı bizə göylər bəxş etmədi, kimsə də hədiyyə kimi ovcumuza qoymadı. Azadlığın günəşini sonsuz qurbanlar və böyük qanlar bahasına əldə etdik, qaranlıqlardan aydınlığa çıxdıq!
Sahilın işıqlarıyla bərq vuran Xəzərin səthi dalğasız, güzgü kimi hamardır. Dənizin aynası göylə birləşərək gümüşü rəngə çalır. Qaranlıq hörümçək toru kimi sökülüb getsə də, işıq tədricən açılsa da, günəş gözlədiyim yerdən yox, Əhmədli tərəfdən binaların arasından doğur. Bulvarda günəşin bütün füsunkarlığını görmək üçün Dağüstü parkdan baxmaq lazım imiş.
Boynunda "Eurovision"un vəsiqəsi asılan əcnəbi fotojurnalist sahil sürahiləri boyu gəzişərək gah dənizi, gah da sahildəki binaları çəkir. Onunla danışmağa cəhd etdim, nə rus, nə də ispan dili köməyimə gəldi. Gülümsəyib ayrılırıq. O da səhəri gözləyənlərdəndir.
Səhər açılar-açılmaz Bakı bulvarında yenə həyat tədricən canlanır. İlk dəfə gözə dəyən yaşlı kişilər və qadınlardır. Hər kəs səhhəti imkan verən tərzdə yeriyir. Kimi asta, kimi də sürətlə. Bir qədər sonra velosiped sürənlər və gənclər də bulvarı "fəth etməyə" çıxırlar. Onlardan biri ilə salamlaşıram. Rüstəm müəllim həvəslə söhbətə başlayır:
- 12 ildir ki, bura gəlirəm, bir-iki saat gəzirəm. İnsult keçirmişdim. Dadıma həkimlərdən sonra bulvar çatdı. Burada sağaldım, içimdə ümid, yaşamağa inam da burada doğuldu. Bizim bulvarın havası min bir dərdin dərmanıdır.
Başqa bir həmsöhbətim - İman kişinin isə 65 yaşı var. Şəkərdən əziyyət çəkir:
- Ayaqlarım taqətdən düşmüşdü, gözlərim tutulurdu. Məni artıq insulinə keçirmək istəyirdilər. Bir-iki gün bura gəzməyə gəlməklə gümrahlaşdım. Sonra həkimlə məsləhətləşib tədricən yeridiyim məsafənin uzunluğunu iki il ərzində 10 kilometrə qədər artırdım. Gözlərimin nuru azdan-çoxdan geriyə qayıtdı, ayaqlarımın ağrıları itdi. Şəkərim də qaydasına düşdü. İndi elə bil 10-15 yaş cavanlaşmışam, hətta elə günlər olur ki, dərman atmağa belə ehtiyac qalmır. Bura elə gözəl, elə yüksək zövqlə yenidən qurulub ki, əvvəlki bulvardan əsər-əlamət qalmayıb. Özümü dünyanın ən məşhur sanatoriyasındakı kimi hiss edirəm. Bilirsinizmi, bu musiqi festivalı başa çatdı. Başqa, daha zəngin tədbirlər olacaq. Lakin "Crystal Hall", bulvar, gördüyünüz əzəmətli binalar XXI əsrin memarlıq inciləri kimi bizdən sonrakı nəsillərə yadigar qalacaq!
Təxminən yüz il bundan qabaq Bakıda əsas gəzinti yeri Qubernator bağı sayılardı və ora girməyə şəhərin kasıb əhalisinə yalnız həftədə bir dəfə icazə verilərdi. İndi isə bura kim nə vaxt istəsə gəlir, dincəlir, səhhətinin qeydinə qalır. Qubernator özünü, əshabələrini düşünərdi. Bizim dövlət isə öz vətəndaşlarının qayğısını çəkir.
Artıq günəş doğub, Dənizkənarı Milli Park bütün gözəlliyi - gecənin pərdələdiyi zərif gül ləkləri, təkrarolunmaz bağçaları, nadir bitki və çiçəkləri ilə qonaqların pişvazına çıxır. Bulvarın yaşıllığına nəzarət edən aqronom Vəli Şahverdiyev danışır ki, Sahil bağında əvvəl bitki növlərinin sayı 70 idi. Qədimdən əkilən bitkilər qorunur. İqlimə uyğunlaşan yeni ağac, kol və müxtəlif çiçək növlərindən 32-si Dənizkənarı Milli Parkın florasına əlavə olunub. Dünyadakı milli parklar florasının zənginliyinə görə qiymətləndirilir. İndi Bakı bulvarında 100-dən artıq bitki növünə qulluq edilir. Orta hesabla hər il 10 minə yaxın çiçək yetişdirilir. Yalnız yerli mühitdə yetişdirilməsi mümkün olmayanlar xaricdən gətirilir. Milli parkın bağbanları inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrini, çiçəklərin becərilməsi və çoxaldılması qaydalarını öyrəniblər. Ən vacibi bulvarda güllərin il boyu çiçəkləməsidir. Elə son vaxtlar onlarla yeni formalı güllüklər, 40 oturacağın ətrafında xüsusi çiçəklik salınıb.
Bakı Milli Parkı azadlığımızın təcəssümüdür. 100 il bundan qabaq Bakı qubernatoru dənizkənarı parkda sahibsiz uşaqları yığaraq onlara musiqi alətləri alıb konsertlər təşkil edərdi. Bu gün isə Dənizkənarı Milli Parkda böyük quruculuq işləri ilə yanaşı, planetin ən möhtəşəm konsert zalı tikildi, dünyanın ən güclü müğənnilərinin iştirakı ilə mahnı müsabiqəsi keçirildi. Bu o deməkdir ki, Azərbaycan öz qapılarını daha möhtəşəm tədbirlərin üzünə açır. Bizi qarşıda daha gözəl həyat gözləyir!
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2012.- 1 iyun.- S. 8.