Heydər Əliyev Fondu Azərbaycanın sosiomədəni inkişafına töhfələrini verir

 

 Hər bir xalqın yüksək mənəvi-əxlaqi dəyərlərini paksağlam niyyətlərlə qoruyaraq, onun tarixi kimliyini, milli özünəməxsusluğunu, genetik yaddaşını gələcək nəsillərə ötürmək kimi çətin missiya fenomen şəxsiyyətlərin üzərinə düşür. Azərbaycanda bu ağır və taleyüklü missiyanı ulu öndər Heydər Əliyev üzərinə götürərək, hakimiyyətdə olduğu bütün dövrlərdə  cəmiyyətin inkişafını şərtləndirən elmin, təhsilin, milli-mənəvi dəyərlərin böyük hamisinə çevrilmişdir. Ümummilli lider çıxışlarında hər zaman vurğulayırdı ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsində yaranan sivilizasiyalararası toqquşma və ziddiyyətlər Azərbaycan xalqının zəngin elmi irsinin, milli-mənəvi dəyərlərinin qorunmasını zəruri məsələlərdən birinə çevirmişdir.

Ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusi əhəmiyyət kəsb edir. Yarandığı gündən bu ali məqsədi qarşıya qoyan, dahi öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ideyalarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla  həyata keçirən Heydər Əliyev Fondu öz fəaliyyətilə Azərbaycan cəmiyyətinin ümid yerinə çevrilmişdir.

Fond, ilk növbədə, ümummilli liderin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasi kursun öyrənilməsi və təbliği, habelə bu ideyaların reallaşdırılması niyyətilə yaradılmışdır. Təşkilat ilk gündən həm də elm, təhsil, mədəniyyət, səhiyyə, idmanekoloji sahələrə aid proqram və layihələrin hazırlanıb həyata keçirilməsi, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək məqsədini qarşıya qoymuşdur.

Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Fondun fəaliyyətində  prioritet istiqamətlər olmuşdur.  Son illərdə Azərbaycanda elm sektorunun inkişaf strategiyası, ölkəmizin qədim tarixi, təbii sərvətləri, geosiyasi mövqeyi, mədəniyyətinin qorunub inkişaf etdirilməsi sahəsindəki nailiyyətlərin əldə edilməsində də Heydər Əliyev Fondu uğurlu addımlar atmışdır. Belə ki, öz fəaliyyəti dövründə Fond respublikada sosial-iqtisadi problemlərin həllində elmin və texnikanın rolunun yüksəldilməsi,  milli innovasiya sisteminin yaradılması və inkişafına kömək, elmdə demokratik rəqabət və müsabiqə formalarından geniş istifadə etməklə, alimlərin yaradıcılıq potensialının aşılanması üçün  şəraitin yaradılmasında fəal iştirak etməklə, xarici ölkələrdə təhsil almaq və təcrübə keçmək yolu ilə yüksək ixtisaslı kadrların hazırlanmasına hər zaman yardım etmişdir. Heydər Əliyev Fondu mütəmadi olaraq, UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlar və fondlar ilə əməkdaşlıq edərək, dünya elminin nailiyyətlərinin və təcrübəsinin öyrənilməsinə, onların respublikanın sosial-iqtsadi sahələrində geniş tətbiq edilməsinə, xarici ölkələrin elm mərkəzləri ilə əlaqələrin yaradılması və inkişaf etdirilməsinə hər zaman dəstək olmuşdur.

Cəmiyyətdə fəal maarifçilik xətti yeritməklə klassiklərin mütərəqqi ənənələrini davam etdirən Heydər Əliyev Fondunun  fəaliyyəti elmə və təhsilə qayğı nümunələri ilə zəngindir. Bu da təsadüfi deyildir - müasir dövrdə elmi-intellektual potensial hər bir xalqın mütərəqqi inkişafının vacib şərti kimi çıxış edir. Müasir gerçəkliklər fonunda dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsi, cəmiyyətdə hamı üçün bərabər təhsil imkanlarının yaradılması, yeni məktəblərin, təhsil ocaqlarının inşası, gənc nəslin kompyuterinformasiya texnologiyalarına dərindən yiyələnməsi məsələləri Fondun xüsusi diqqət mərkəzindədir. Mötəbər qurumun elmin, təhsilin dinamik inkişafı, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bugünün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi üçün məqsədyönlü tədbirlər həyata keçirməsi, ilk növbədə, vətənpərvərlikdən irəli gəlir. Azərbaycanın birinci xanımı ulu öndərin əsasını qoyduğu, Prezident İlham Əliyevin isə layiqincə davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir.

Fond bu istiqamətdə qarşıya qoyduğu strateji hədəflərə doğru inamla addımlamış, bir çox uğurlu nəticələr əldə etmişdir. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində son illər ərzində Fondun xətti ilə inşa edilmiş 238 məktəb müasir lazımi avadanlıq, maddi-texniki ləvazimat, istilik sistemi, zəngin kitabxana və kompyuter dəstləri ilə təchiz olunmuşdur. Qurumun təşəbbüsü ilə Azərbaycanla UNESCO arasında təhsil sahəsində bir neçə istiqamətdə əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əlaqələr əsasən "Təhsil hamı üçün" proqramını, "Assosiativ məktəblər", texniki-peşə sahəsində əməkdaşlıq, inkluziv təhsil layihəsi, ali məktəblərdə UNESCO kafedralarının yaradılması və digər sahələri əhatə edir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdəndir. UNESCO kimi böyük imkanlara malik nüfuzlu beynəlxalq təşkilatın bəzi pilot layihələrinin sınaqdan keçirilmə məkanı kimi məhz Azərbaycanı seçməsi ölkəmizdə reallaşdırılan islahatların uğurlu nəticələr verəcəyinə böyük inamın təzahürüdür.

Fond təhsildə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində də böyük işlər görür. BMT İnkişaf Proqramı ilə imzalanmış saziş bu baxımdan ciddi əhəmiyyətə malikdir. Bu sazişin nəticəsi olaraq Azərbaycanda kor və görmə qabiliyyəti zəif olan insanların informasiya və kommunikasiya texnologiyalarına çıxışını təmin edən layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə bu insanların cəmiyyətə qovuşmasına, onların informasiya kommunikasiyaları vasitələrilə bilik və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə xidmət edir.

Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi çoxsaylı layihələrdən biri də mövcud kitabxanaların yenidən qurulması ilə bağlıdır. Fondun bu sahədəki ardıcıl fəaliyyəti onlarca qəsəbə və kənd kitabxanasının yenidən qurulmasına, müasir avadanlıqlarla təmin olunmasına və zənginləşdirilməsinə imkan yaratmışdır. Fondun xətti ilə əsaslı təmir olunmuş Mərdəkan kitabxanası 2006-cı ilin may ayından oxucuların ixtiyarına verilmişdir.

Heydər Əliyev Fondunun son illər səhiyyə sahəsində həyata keçirdiyi layihələr də cəmiyyətdə böyük rəğbətlə qarşılanır. İxtisas etibarilə bu sahənin incəliklərinə dərindən bələd olan Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, UNESCO və  İSESCO-nun  xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan səhiyyəsində mövcud olan problemləri daha yaxşı görməklə ictimaiyyəti həmin problemlərin həlli istiqamətində səfərbər etməyə, ələlxüsus tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək diqqətlə, həssaslıqla yanaşmağa çalışır.

Heydər Əliyev Fondunun səhiyyə sahəsində ən çox əks-səda doğuran layihələrindən biri "Talassemiyasız həyat naminə" layihəsi olmuşdur. Bu layihə talassemiya xəstəliyinin geniş yayıldığı ölkələrdən hesab olunan Azərbaycanda böyük rəğbətlə qarşılanmışdır. Proqramın daha səmərəli şəkildə həyata keçirilməsi üçün Məsləhət Şurası yaradılmış, bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə xüsusi diqqət yetirilmişdir. Layihə çərçivəsində inşasına başlanmış Talassemiya Diaqnostika Mərkəzinin 2009-cu il mayın 10-da - ulu öndərin doğum günündə istifadəyə verilməsi Fondun ölkə səhiyyəsinə böyük töhfəsidir.

Heydər Əliyev Fondunun maraq göstərdiyi digər bir sahə Azərbaycan elminin inkişafı və dünya elminə inteqrasiyasıdır. Müasir qlobal problemlərlə üzləşən elm ölkənin inkişafını sürətləndirməli, insanların təhlükəsizliyinə və normal yaşayışına öz payını verməlidir. Yeni elm sahələrindən biri də keçən əsrin 70-ci illərində formalaşan və 2002-ci ildən UNESCO-nun prioritetlərindən biri hesab olunan bioetika elmidir. Yarandığı zaman əsas ideya ondan ibarət idi ki, yer üzündə həyatın qorunması probleminin həlli üçün humanitar və bioloji elmlər öz səylərini birləşdirməlidirlər. Planetimizdə bioetikanın bərqərar olması yüksək biotibbi texnologiyalar sahəsindəki inqilabi nailiyyətlərlə, yeni texnologiyaların insan sağlamlığına və bəşəriyyətin gələcəyinə gətirən potensial risklərin qiymətləndirilməsi ilə şərtlənmişdir. 2002-ci ildən bioetika UNESCO-nun fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğundan sonra o tək elm sahəsi deyil, sosial bir instituta çevrilmişdir. Siyasətçilər bu gün onu qeyd edirlər ki, "bioetikanın və ona yaxın olan tibbi hüququn inkişaf dərəcəsi ölkənin demokratikləşməsinin əsas meyarıdır." 2005-ci ildə UNESCO "Bioetika və İnsan Hüquqları" Ümumi Bəyannaməsini qəbul edərkən bioetika tarixində ilk dəfə olaraq üzv ölkələr və beynəlxalq ictimayyət bioetikanın əsas prinsiplərinə hörmətlə yanaşmağı və onları reallaşdırmağı üzərinə götürmüşlər. Bu gün UNESCO bəşəriyyətin etik və mənəvi həmrəyliyi olmadan sülhün əldə edilməsinin mümkünsüzlüyünü irəli sürərək bütün ölkələri bioetika məsələləri üzrə beynəlxalq və mədəniyyətlərarası müzakirələrə cəlb etməyi qarşısında məqsəd qoyub. Nəticədə, bioetika üzrə xüsusi komitə və komissiyalar tək UNESCO-da deyil, bir çox nüfuzlu beynəlxalq və milli təşkilatlarda yaranıb və fəaliyyətdədir.

Önəmli bir məsələ də xüsusi olaraq vurğulanmalıdır ki, biotibbi elmlərin tərəqqisi və ən yeni texnologiyaların insanın gündəlik həyatına tətbiqi ilə əlaqədar yaranan etik, tibbi, biolojihüquqi problemlərı araşdıran, elmlərarası tədqiqat sahəsi olan və ənənəvi etikanı, hüquq, fəlsəfə, təbabət elementlərini özündə birləşdirən bioetika elminin mürəkkəb problemlərindən birini Azərbaycanda ilk dəfə elmi cəhətdən araşdırıb, tədqiq edən ilk alim də məhz ölkəmizin birinci xanımı Mehriban Əliyeva olmuşdur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yazdığı "Evtanaziya  və tibbdə humanistlik problemi" və "Biz həyatı seçirik (Evtanaziya sosiologiya güzgüsündə)" kitabları bioetikanın ən aktual məsələlərindən biri hesab olunan evtanaziya probleminə həsr olunmuşdur. Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində UNESCO-nun Beynəlxalq Bioetika  Komitəsinin 18-ci sessiyasının Şərqi Avropada ilk dəfə olaraq Bakı şəhərində 2011-ci ilin may-iyun aylarında keçirilməsi bioetikanın Azərbaycanda daha da sürətlə inkişaf etməsinə bir təkan verdibu elm sahəsi üzrə çalışmaq istəyənlərin sayı bu gün artmaqdadır.

BMT-nin ali humanitar qurumu olan UNESCO qarşısında "Qafqaz xalq ənənələri evi"nin yaradılması təşəbbüsü ilə çıxış etməsi Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyətinin sistemli və ardıcıl xarakter daşıması ilə şərtlənir. 2005-ci ilin martında Parisdə - UNESCO-nun qərargahında "Qarabağ xanəndələri" albomunun təqdimat mərasiminin keçirilməsi, qurumun qeyri-maddi irsinin şah əsərləri siyahısına muğamın və aşıq sənətinin də daxil edilməsi, eyni zamanda, Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması Fondun fəaliyyətinin kifayət qədər geniş spektri əhatə etdiyini göstərir. UNESCO xətti ilə hazırlanmış alboma "Qarabağ xanəndələri" adının verilməsi Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi sayıldığını nümayiş etdirmişdir.

Heydər Əliyev Fondu tarixi abidələrin qorunması üçün həyata keçirilən tədbirlərdə də yaxından iştirak edir. Gəncə şəhərindəki Cavadxan türbəsi, habelə "Comərdi Qəssab" məqbərəsi, Bakının Şüvəlan qəsəbəsindəki Pirhəsən ziyarətgahı, Abdulla Şaiqin ev-muzeyi əsaslı təmir edilmişdir. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı ev-muzeyinin müasir tələblər səviyyəsində təmir olunması Fondun həyata keçirdiyi xeyirxah layihələrindən biridir.

Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapıb. Fond gender problemlərinə, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotipləin aradan qaldırılmasına xüsusi diqqət yetirir. 2008-ci ildə Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda  Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yönümdə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Avropa Şurasına üzv dövlətlərin gender bərabərliyinə həsr olunmuş VII konfransının Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2010-cu ilin mayında Bakı şəhərində keçirilməsi müstəqil Azərbaycanın gender siyasəti sahəsində mühüm nəticələrə imza atmış sivil dövlətlər sırasında olduğunu göstərmişdir.

Heydər Əliyev Fondu respublikada insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatı, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsi prosesinə də töhfəsini verir. Mehriban xanım Əliyevanın son illərdə iki dəfə amnistiya təşəbbüsü ilə çıxış etməsi yüksək humanizmin və insanpərvərliyin əyani təcəssümü olmuşdur.

Fondun təşəbbüsü ilə 2011-ci il aprelin 8-də Bakıda keçirilən "Ümumdünya mədəniyyətlərarası dialoq" forumunda ölkəmizin birinci xanımının nitqindən bir neçə məqamı xatırlatmaq istərdik: "Bu gün hər birimiz çox yaxşı dərk etməliyik ki, biz öz ölkəmizin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı bir ailənin üzvüyük. Qloballaşma prosesi hər birimizi böyükümumi bir məkanın sakinlərinə çeviribdir. Bu məkanda insanlararası, dövlətlərarası, xalqlararası dialoq məhz etik normalar, haqq-ədalət prinsipləri əsasında qurulmalıdır.

İndi dünyada həm siyasətdə, həm iqtisadiyyatda hökm sürən qanunlar, əfsuslar olsun ki, ədalətdən və etik normalardan çox uzaqdır. Əgər bu gün biz qlobal etika fərziyyəsi təklif ediriksə, - bu, bəlkə də bu gün bir növ utopiya kimi səslənir. Lakin gəlin xatırlayaq ki, bəşəriyyətin bugünkü bir çox nailiyyətləri əsasını vaxtilə məhz utopiya kimi qiymətləndirilən hərəkətlərdən və fikirlərdən götürür. Vaxtilə qadın hərəkatı, genderlik, bərabərlik hərəkatını başlayanda, çoxları bunu perspektivsiz utopiya kimi qiymətləndirirdi. Lakin bu gün bu sahədə əldə edilən nailiyyətlər belə yanaşmanın yanlış olduğunu sübut edir.

Biz bu gün qlobal etikadan danışırıqsa, bu, yenə də elmi bir fərziyyə ola bilər və yenə də burada suallar cavablardan çoxdur. Lakin mən əminəm ki, əgər biz sabahı düşünürüksə, gələcək nəsillər qarşısında öz məsuliyyətimizi dərk ediriksə, biz xalqlararası, millətlərarası münasibətləri məhz etika və ədalət platformasında qurmağa çalışmalıyıq".

Bütün bunlara əsasən bu gün əminliklə söyləmək olar ki, Fondun ən müxtəlif  layihələrini birləşdirən bir ortaq xətt var - millətə layiqli xidmət! Bu  ali mərama xidmət edən hər bir addım Heydər Əliyev Fondu üçün eyni səviyyədə prioritet səciyyə daşıyır. Azərbaycanın ən böyük kapitalı onun talantlı, bacarıqlı  insanlarıdır. İnsan amilinin yüksəlişinə xidmət edən mühüm layihələr Heydər Əliyev ideyalarına sədaqətin, Vətənə, millətə məhəbbətin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalq naminə apardığı məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürüdür.

 

 

Vüqar MƏMMƏDOV,

UNESCO-nun Bioetika

kafedrasının Azərbaycan

bürosunun rəhbəri, tibb

elmləri doktoru

 

Azərbaycan.- 2012.- 12 iyun.- S. 3.