Qarşılıqlı əməkdaşlıq genişlənir

 

 Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Bəkir Kalyoncu Azərbaycana səfərə gəlmişdir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mətbuat xidmətindən bildirmişlər ki, B. Kalyoncunun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarının önünə əklil qoymuşdur.

Türkiyəli general Şəhidlər xiyabanını və türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, əklil qoymuş, şəhidlərin xatirəsini ehtiramla yad etmişdir.

İyunun 11-də B. Kalyoncu daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənovla görüşmüşdür.

Görüşdə Türkiyə Jandarma Qüvvələri ilə Azərbaycanın Daxili Qoşunları arasında əlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı səfərlərin əhəmiyyəti, təcrübə mübadiləsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Z.Həsənov türkiyəli qonağın Azərbaycana səfərini yüksək qiymətləndirmiş, bu cür səfərlərin ikitərəfli münasibətlərin inkişafına yeni impuls verdiyini bildirmişdir.

B.Kalyoncunun Azərbaycanın daxili işlər və müdafiə nazirləri ilə görüşləri də nəzərdə tutulmuşdur.

Türkiyəli general Daxili Qoşunların Qubadakı hərbi hissəsində də olacaqdır.  Səfər iyunun 13-də başa çatacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 12 iyun.- S. 4.