Türkiyə Azərbaycanın ordusunun inkişafı üçün əlindən gələni əsirgəməyəcəkdir

 

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov iyunun 11-də ölkəmizdə səfərdə olan Türkiyənin Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Bəkir Kalyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qonaqları səmimiyyətlə salamlayan nazir R.Usubov ölkəmizin dövlət müstəqilliyini əldə etdikdən sonra qazandığı ən böyük dəyərlər sırasında qardaş Türkiyə ilə əlaqələrin inkişafını önə çəkmiş, ümummilli lider Heydər Əliyevin bu sahədəki xidmətlərini, onun "Bir millət, iki dövlət" siyasətinin dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini xatırlatmışdır.

Daxili işlər naziri dostqardaş ölkələrimizin daxili işlər orqanları arasında mövcud olan işgüzar əlaqələrdən, Türkiyə Jandarm Komandanlığının Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına göstərdiyi maddi-texniki yardımdan, kadr hazırlığı sahəsindəki rolundan məmnunluqla bəhs etmişdir.

Qeyd olunmuşdur ki, kadr potensialının gücləndirilməsi və komplektləşdirilməsi məqsədilə Türkiyənin müxtəlif tədris müəssisələrində təhsil almaq üçün Daxili İşlər Nazirliyinin xətti ilə 470-dən çox hərbi qulluqçumüdavim göndərilmişdir.

Ordu generalı Bəkir Kalyoncu ölkəmizə səfərindən məmnunluğunu bildirmiş, müvafiq qurumlar arasındakı faydalı işbirliyini yüksək qiymətləndirmiş, böyük öndər Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kəlamını xatırladaraq Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını, onun ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəyini, qarşılıqlı əməkdaşlığın hər iki qardaş xalqın mənafelərinə xidmət edəcəyini bildirmişdir.

 

 

Azərbaycan.- 2012.- 12 iyun.- S. 4.