Niderland Azərbaycan ilə iqtisadi əməkdaşlığın
inkişafında maraqlıdır
Niderland Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov iyunun 11-də bu ölkənin Baş nazirinin müavini, iqtisadi məsələlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagen ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə Elmar Məmmədyarov Azərbaycanın regional layihələrin fəal iştirakçısına çevrildiyini və dinamik inkişafına görə bölgənin lider dövləti olduğunu bildirmişdir.
Azərbaycan xarici siyasət idarəsinin rəhbəri ölkələrimiz arasında enerji, qeyri-neft sektoru, alternativ və bərpa olunan enerji, fövqəladə halların, xüsusən də daşqınların və təbii fəlakətlərin qarşısının alınması sahələrində əməkdaşlığın inkişafının vacibliyini vurğulamışdır.
Azərbaycanın kənd təsərrüfatı, innovasiya texnologiyalarının tətbiqi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, su idarəçiliyi, kanal təsərrüfatı və digər sahələrdə əlaqələrə böyük önəm verdiyini deyən E.Məmmədyarov Niderland şirkətlərini bu istiqamətlərdə əməkdaşlığa çağırmışdır.
Elmar Məmmədyarov Maksim Verhageni ölkəmizə dəvət etmiş, səfər çərçivəsində Azərbaycanın və Niderlandın işgüzar dairələri arasında biznes forumun təşkil olunması təklifini irəli sürmüşdür.
Dəvəti böyük məmnuniyyətlə qəbul edən Maksim Verhagen Azərbaycana xüsusi rəğbət bəslədiyini, ölkəmizin dinamik inkişafından təəssüratlandığını bildirmişdir.
Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edildiyini deyən M.Verhagen Niderlandın ölkəmiz ilə iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu bildirmiş, gələcəkdə bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışdır.
E.Məmmədyarovun Niderland Krallığına səfərinin ölkələrimiz arasındakı əməkdaşlığın inkişafına təkan verəcəyinə ümid etdiyini bildirən M.Verhagen Azərbaycana səfəri çərçivəsində biznes forumun keçirilməsinin iqtisadi münasibətlərimizin inkişafına töhfə verəcəyini bildirmişdir.
Görüşdə Azərbaycanın Niderlandda, Niderlandın isə Azərbaycanda səfirliklərinin
fəaliyyətinin ölkələrimiz arasında münasibətlərin
inkişafına xidmət etdiyi qeyd olunmuşdur.
Azərbaycan.- 2012.- 12 iyun.- S. 4.