Niderland Azərbaycan ilə parlamentlərarası əlaqələrin inkişafına böyük önəm verir

 

 Niderland Krallığına rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 11-də bu ölkənin parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri xanım Nebahat Albayrak və komissiyanın üzvləri De Roon, OrmelTen Broeke ilə görüşmüşdür. 

Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, Elmar Məmmədyarov Azərbaycanın qanunverici orqanlar arasında əlaqələrin genişlənməsində maraqlı olduğunu, bu yaxınlarda Milli Məclisdə Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yeni tərkibinin təsdiq edildiyini bildirmiş, hər iki ölkənin deputatlarının qarşılıqlı səfərlərinin təşkilinin vacibliyini vurğulamışdır. Nazir həmçinin Niderland parlamentinin deputatlarını Avropa Şurası Parlament Assambleyası çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə daha sıx əməkdaşlığa çağırmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan E.Məmmədyarov torpaqlarımızın 20 faizinin hələ də işğal altında qalması faktını deputatların diqqətinə çatdırmış, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin ölkəmizin haqq işi olduğunu bildirmişdir.

Xanım Nebahat Albayrak Niderland Krallığına ilk rəsmi səfəri çərçivəsində Elmar Məmmədyarovun ölkə parlamentində də görüş keçirməsindən məmnunluğunu bildirmişdir.

Niderlandın Azərbaycan ilə parlamentlərarası əlaqələrin inkişafına böyük önəm verdiyi qeyd edilən görüşdə deputatlar Azərbaycanda sürətli iqtisadi inkişafın müşahidə olunduğunu bildirmişlər.

Yaxın Şərqdə gedən proseslərlə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə Elmar Məmmədyarov Azərbaycanın BMT Təhlükəsizlik Şurasında fəaliyyəti ilə bağlı deputatların suallarını cavablandırmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 12 iyun.- S. 4.