Ermənistan Azərbaycan
torpaqlarını işğaldan azad etməyincə, Türkiyə Ermənistanla
diplomatik və iqtisadi
əlaqələr qurmayacaqdır
Xəbər verdiyimiz kimi, iyunun 9-da Türkiyənin Qars şəhərində İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Türkiyənin Odalar və Borsalar Birliyinin və Xarici İqtisadi Əlaqələr Təşkilatının, Gürcüstanın "Invest in Georgia" Milli İnvestisiya Agentliyinin təşkilatçılığı ilə Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, artıq ikinci dəfədir ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli formatda biznes forum keçirilir və bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüşdür.
İqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti əvvəlcə Qars şəhərində yerləşən Heydər Əliyev adına parkda ümummilli liderimizin əziz xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə gül dəstələri düzmüşlər. Nümayəndə heyəti, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Qars şəhərində inşa etdirdiyi peşə liseyinin binasında aparılan tikinti işləri ilə də tanış olmuş, Azərbaycanın Qarsdakı Baş Konsulluğunda olmuşlar.
Sonra işinə başlayan Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunda Azərbaycan tərəfdən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov, eləcə də sənaye, kənd təsərrüfatı, tikinti, turizm, enerji, bank, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, logistika və digər sahələrdə fəaliyyət göstərən sahibkarların təmsil olunduğu nümayəndə heyəti iştirak etmişdir.
Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan üç ölkənin iştirakı ilə növbəti biznes forumun Qars şəhərində keçirilməsindən məmnunluğunu ifadə etmiş, bunun Azərbaycan-Türkiyə-Gürcüstan dostluğunun nümunəsi olduğunu qeyd etmiş, qonşu ölkələr arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə məlumat vermişdir. Türkiyəli nazir çıxışında bir daha vurğulamışdır ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, Türkiyə Ermənistanla diplomatik və iqtisadi əlaqələr qurmayacaqdır. Türkiyə daim qardaş Azərbaycanı dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir.
Qars valisi Ahmet Kara, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov və başqaları çıxış edərək, ölkələrimizin bölgələri, burada fəaliyyət göstərən sahibkarlar arasında əlaqələrin inkişaf etdiyini vurğulamışlar.
İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm Türkiyə, həm də Gürcüstanla siyasi və iqtisadi münasibətlərin davamlı olaraq inkişafına böyük önəm verdiyini və ölkə başçılarımızın səyləri nəticəsində əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini, Azərbaycan-Gürcüstan-Türkiyə regional əməkdaşlığının dünyada örnək olduğunu vurğulamışdır. Azərbaycan, Türkiyə və Gürcüstan arasında tərəfdaşlıq və dostluq münasibətləri, ölkələrimizin inkişafı və onlar arasında sıx əməkdaşlıq dünyanın diqqətindədir.
Azərbaycanlı nazir qeyd etmişdir ki, ölkələrimizin iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, böyük tranzit imkanları, eləcə də Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars transmilli layihələri regionu Avropa ilə Asiya arasında səmərəli iqtisadi əməkdaşlığın zəruri həlqəsinə çevirmişdir. Qeyd edilmişdir ki, Azərbaycanın və Mərkəzi Asiya regionunun enerji resursları Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarına nəql edilir, ölkələrimiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Regiona böyük marağın səbəblərindən biri də ölkələrimizin iqtisadi potensialıdır. Nazir Ş.Mustafayev demişdir ki, bu gün bir çox dünya ölkələrində yaşanan maliyyə problemlərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirir, inkişaf davam edir. Sevindirici haldır ki, həm Türkiyə, həm də Gürcüstan iqtisadiyyatı da yüksək nəticələr göstərir, bu ölkələrdə makroiqtisadi sabitlik hökm sürür. Vurğulanmışdır ki, Bakı-Tbilisi-Qars dəmir yolu və Trans Anadolu qaz boru xətti kimi yeni layihələr bu əməkdaşlığa əhəmiyyətli töhfə olacaqdır.
"Təəssüflər olsun ki, regionda əməkdaşlığın genişləndirilməsinə ciddi təhdidlər də var və ən böyük təhdid Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, bütün qonşu ölkələrə torpaq iddialarıdır" - deyən Ş.Mustafayev məhz təcavüzkar siyasətin nəticəsində Ermənistanın bütün regional layihələrdən kənarda qaldığını diqqətə yetirmişdir. Bu işğalçı siyasətə son qoyulmayınca Ermənistanın hər hansı regional layihədə iştirakı mümkün olmayacaqdır.
Azərbaycanın iqtisadi inkişaf naziri qeyd etmişdir ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında möhkəm qanunvericilik bazasının formalaşması, hökumətlərarası komissiyaların, digər müxtəlif qurumların məhsuldar fəaliyyəti, müntəzəm olaraq biznes forumların, sərgilərin və digər tədbirlərin keçirilməsi iş adamları arasında əlaqələrin daha da genişlənməsinə əlverişli zəmin yaradır, ticarət dövriyyəsi və investisiya qoyuluşları artır. Belə ki, 2012-ci ilin ilk 4 ayı ərzində Azərbaycanın Türkiyə ilə xarici ticarət dövriyyəsi ötən illə müqayisədə 60 faiz, Gürcüstan ilə isə 15 faiz artmışdır.
Hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 1106 şirkət, Türkiyədə isə Azərbaycan sərmayələri əsasında 844 şirkət fəaliyyət göstərir. Türkiyənin Azərbaycana yatırdığı investisiyaları təxminən 1,9 milyard ABŞ dolları, ARDNŞ və digər Azərbaycan şirkətlərinin Türkiyəyə qoyduğu sərmayələr isə təxminən 4,5 milyard ABŞ dolları təşkil edir. 2018-ci ilədək təkcə ARDNŞ-in Türkiyədəki investisiyaları 17 milyard ABŞ dolları təşkil edəcəkdir. PETKİM-in həyata keçirəcəyi yeni layihə minlərlə iş yerinin yaradılmasına imkan verəcəkdir.
Gürcüstanla iqtisadi əlaqələrdən danışan iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirmişdir ki, bu ölkədə Azərbaycan sərmayələri əsasında 272 şirkət fəaliyyət göstərir və 1996-2011-ci illər ərzində onlar tərəfindən təxminən 454,5 milyon ABŞ dolları məbləğində investisiya qoyulmuşdur.
Nazir demişdir ki, biznes forumun iştirakçıları olan ölkələr arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Tədbir çərçivəsində müzakirə edilən məsələlər və aparılan ikitərəfli danışıqlar üç dost ölkə arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına öz töhfəsini verəcək, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsinə şərait yaradacaqdır.
Biznes forumun Qarsda keçirilməsinin əhəmiyyətini vurğulayan nazir qeyd etmişdir ki, Azərbaycan öz bölgələrinin inkişafında nə qədər maraqlıdırsa, Qarsın da inkişafında bir o qədər maraqlıdır. O, Azərbaycan iş adamlarını bu bölgədə fəal işləməyə, layihələr həyata keçirməyə, eyni zamanda növbəti üçtərəfli biznes forumda iştirak etmək üçün qarslı sahibkarları ölkəsinə dəvət etmişdir.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Vera Kobaliya isə çıxışında Gürcüstan, Azərbaycan və Türkiyə arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə və iş adamlarının əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayacaqlarına əminliyini vurğulamışdır. Bildirilmişdir ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə ölkələrimiz arasında iqtisadi əməkdaşlıq daha da genişlənəcəkdir.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.
Türkiyəyə səfər çərçivəsində iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər də keçirmişdir. Gürcüstanlı nazir Vera Kobaliya ilə keçirilmiş görüşdə ölkələrimiz arasındakı iqtisadi əlaqələrin inkişafı perspektivləri müzakirə edilmişdir.
Azərbaycan, Türkiyə və Gürcüstan nazirlərinin iştirakı ilə keçirilmiş üçtərəfli görüşdə isə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılmışdır. Vurğulanmışdır ki, bu günlərdə Trabzonda üç ölkənin xarici işlər nazirlərinin görüşlərinin keçirilməsi, Qarsda Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunun təşkil olunması ölkələrimiz arasında strateji əməkdaşlığın, mehriban qonşuluq və qardaşlığın nümunəsidir.
AzərTAc
Azərbaycan.- 2012.- 12 iyun.- S. 5.