Bakı Avropanın qəlbində sevgi məşəli yandırdı

 

 "Eurovision" musiqi və mədəniyyət yarışmasının Azərbaycan forması yüksək səviyyədə hazırlıq, qonaqpərvərlik ilə dünyanı heyran etdi, Bakı Avropanın qəlbində dostluq, anlaşma, sevgi məşəli yandırdı: "Qloballaşan dünyada mədəniyyət ən güclü siyasi vasitədir. Bakı bunun ən bariz nümunəsi idi, burada hər kəsə sevgi, hörmət, anlaşma, dostluq ikram edilirdi".

Mətbuat konfransında deyilən bu sözlərin müəllifi avstriyalı jurnalist Andreas idi. Yəqin ki, "Sağol Bakı", "Səni çox sevdim Azərbaycan!" nidalarını hələ çox eşidəcəyik. Həmin günlər paytaxtın mədəniyyət ocaqları, kino-teatrları, Opera və Balet Teatrı, muzeylər və başqa sənət məkanları gün ərzində fasiləsiz işlədilər. Çünki turistlərin özlərinin də dediyi kimi, Azərbaycanda əsl mədəniyyət bayramı idi, bu bayramdan heç kim kənarda qalmadı. Xarici qonaqlar da fürsəti fövtə vermir, Azərbaycanın mədəniyyəti, incəsənəti, tarixi, teatrı, muzeyləri ilə tanış olmaq üçün hər gün bu sənət ocaqlarının qonağı olurdular. Turistlərin ən çox üz tutduqları məkanlardan biri də Akademik Opera və Balet Teatrıdır. May ayı teatrın repertuarı olduqca zəngin idi. Burada Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik və müasir əsərləri tamaşaya qoyulub. Teatrdan öyrəndik ki, kollektiv gərgin iş rejimində çalışır: "Ayın əvvəlində dünya şöhrətli bəstəkarımız Qara Qarayevin "7 gözəl" baleti və "Leyli və Məcnun" operası təqdim edilib. Hər iki tamaşa yerli və xarici qonaqlar tərəfindən maraqla qarşılanıb. Xüsusilə "Leyli və Məcnun" operasına xarici qonaqlar heyranlıqla tamaşa ediblər. Sonrakı günlərdə Müslüm Maqomayevin "Şah İsmayıl" və Fikrət Əmirovun "Sevil" operaları təqdim olunub. Hər iki operanın tamaşaçıları daha çox xarici qonaqlar olublar. Ayın sonunadək "Traviata", "Jizel" və başqa əsərlər də oynanılacaq. Mayın 16-da V.A.Motsartın "Hamı belə edir" operasının premyerası oldu. Bu operanın quruluşçu rejissoru Ukraynanın incəsənət xadimi Nikolay Tretyakdır. O, Azərbaycan səhnəsində Motsartın ruhunu elə gözəl tutmuşdu ki, tamaşaçılar heyranlıqlarını ifadə etməkdən doymurdular".   

İspaniyalı Xose Rodrigeslə Opera Teatrı kassasının qarşısında rastlaşdıq. Tərcüməçisi dedi ki, Puççininin "Bohema" operası göstəriləcək, Xose ilə ora bilet alırıq. Xose deyir ki, Bakıya gəlməzdən öncə internetdən  Azərbaycan haqqında xeyli məlumat almışdım. Yazılırdı ki, Bakının opera teatrında dünya klassiklərinin opera və baletləri uğurla tamaşaya qoyulur: "Bakıya düşüb rahatlaşandan bir az sonra daha çox opera ilə maraqlandım. Binanın yerini tapmaq üçün əziyyət çəkmədim, möhtəşəmdir, klassik görünüşü var. Mayın 20-də Fikrət Əmirovun "Sevil", 23-də isə Müslüm Maqomayevin "Şah İsmayıl" operasına baxdım. Səhnə tərtibatı və aktyorların ifası əlaydı, sadəcə burada yuxarı oktavalı səslə az rastlaşdım. Ancaq heç şübhəm də yoxdur ki, Azərbaycanın opera teatrı təcrübəsi qədimdir. Mənə dedilər ki, bu ay teatrda  "Traviata", "Jizel", "Bohema" kimi dünya opera nümunələri göstəriləcək. Mənim Bakıda ən sevdiyim məkan Opera teatrıdır. Bu axşam N.Rimski-Korsakovun "Şəhrizad" simfonik süitası və Bizenin "Arlezianka" baleti tamaşaya qoyulacaq. "Bohema" isə şah əsəridir, ona indidən bilet almağa gəlmişəm. Mənə maraqlıdır, Azərbaycan tamaşaçısı Jizeli necə anlayır, çünki hər millətin özünə aid düşüncə tərzi, yaşam şərtləri var. İmkanım olsa başqa teatrlara da baş çəkəcəm, mən mədəniyyətin bu sahəsi ilə çox maraqlanıram."

Teatrın mətbuat sözçüsü Şükufə xanım bildirdi ki, opera teatrının daimi tamaşaçıları daha çox xarici qonaqlar olur: "Mayın 28-də böyük bəstəkar Fikrət Əmirovun "Min bir gecə" baleti göstərildi, bu baletin  tamaşaçıları daim çox olur və bilet bir neçə gün öncədən satılıb qurtarmışdır. Mayın 30-da isə "Payatsi" və "Məzhəkəçilər" operası göstəriləcək, şübhə etmirik ki, yenə də xarici qonaqlarımız çox olacaq."

Aksel və Filiz Bekirsoylar da dediklərinə görə operasevərdirlər. Aksel bəy deyir ki, ötən il Bakıda olarkən "Koroğlu" operasına yeni quruluşda baxıb və yeni dekorasiyanı, gənc ifaçını çox bəyənib: "Bu ayın əvvəlində Bakıda idik, həyat yoldaşımla bərabər "Jizel" baletinə baxmağa gəlmişdik. Baş rolun ifaçısı Çinarə Əlizadə Moskvanın Böyük Teatrından dəvət olunmuşdu. O, əsəri elə gözəl yaratdı ki, hələ də dadı damağımızdan getməyib, səhnə tərtibatı da çox əla idi. Biz işimizlə bağlı tez-tez qardaş Azərbaycanda, Bakıda oluruq, hər dəfə gələndə Opera Teatrına gedirik, ruhumuz dincəlir. Qışda burada Çaykovskinin "Sonalar gölü"nə baxmışdıq, mükəmməl idi. Azərbaycan mədəniyyət sahəsində bir çox inkişaf etmiş Avropa ölkələrini geridə qoyur. Çox ölkələr var ki, onlarda opera-balet anlayışı azdır. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən körpüdür, burada fərqli mədəniyyətlər qovuşub bir gözəllik yaradır. Elə götürək "Eurovision" musiqi yarışmasını. Builki yarışmanın tayı-bərabəri yoxdur. Heç nə yaddan çıxmayıb, hər şey yüksək səviyyədə düşünülüb, təhlükəsizlikdən tutmuş, içdiymiz suya qədər. Bakı müsabiqəyə simvol seçdiyi məşəl kimi alışıb yanır və hər kəsin ürəyini isidir". 

Niderlandlı qonağımız Castin Doermand isə bir neçə muzeyimizi gəzib: "Mən Tarix muzeyində oldum. İstəsəydim axşamadək buranı gəzə bilərdim, amma başqa muzeyləri də görmək istəyirdim deyə, çox ləngimədim. Xalça muzeyində isə deyəsən beynəlxalq tədbir keçirilirdi, çoxlu xarici qonaqlar var idi, çoxlu da xalça. Xalçalar çox böyük, həm də gözəl idilər, belə gözəl xalçalar ömrümdə görməmişəm. Bakını və azərbaycanlıları tanımaq üçün keçirilən beynəlxalq mahnı müsabiqəsi mənə gözəl imkan verdi. Burada hamı qonaqpərvərdir, harada oluruqsa bizə yemək və içkilər təklif edirlər, hətta muzeylərdə də. Burada müxtəlif mədəniyyətlər qarışıq şəkildə zənginləşir. Hər gün həm Azərbaycanın milli musiqisini eşidir, folkloruna qulaq asır, həm də klassik bəstəkarların əsərlərini dinləyirik. Azərbaycan milli dəyərlərinə çox böyük önəm verən ölkə kimi hər bir turistin yaddaşına yazıldı. Ancaq bir-iki günə gözəl təəssüratlı günlərimiz bitəcək, vətənimizə qayıdacağıq, mən mətbuatımızda Bakıdan mütləq yazacam, "Tvitter"dəki dostlarıma burada gördüyüm möcüzələrdən danışacam".

Yeri gəlmişkən, Xalça muzeyində olarkən öyrəndik ki, bir neçə gün öncə  Azərbaycan Xalçaları İctimai Birliyinin təşkilatçılığı ilə MDB ölkələri beynəlxalq dekorativ tətbiqi-sənət əsərlərinin sərgi-yarmarkası keçirilib. Azərbaycan, Orta Asiya, Ukrayna və Rusiya sənətkarlarının əsərləri sərgi-yarmarkada nümayiş olunur. Muzeyin işçisi Aygün xanım bildirdi ki, qonaqlar gözlədiyimizdən də çox idi: "Bu günlərdə şəhərimiz çox qonaqlı-qaralıdır. Neçə gündür ki, bütün muzeylər, o cümlədən Xalça muzeyi də bütün sutkanı işləyir, ayın sonuna qədər də belə olacaq, turistlər böyük maraq göstərirlər, qədim xalçaların tarixi, kimlər tərəfindən toxunması və hansı dövrə aid olduğunu öyrənmək istəyirlər. İngilis və rus dilini bilən mütəxəssislərimiz onlara hər şey barədə ətraflı məlumat verirlər. Xurcunları, başmaqları çox bəyənirlər. Necə deyərlər, muzeylərimiz hər gün xarici qonaqlarla dolub-daşır. Onlar heyranlıqlarını gizlətmirlər.  Biz də bundan çox məmnunuq, turistlərə Azərbaycan haqqında ətraflı məlumatlar veririk".      

Gürcüstanlı jurnalist Roman Kipiani də Opera Teatrında olub: "Mən az-çox bu sahəni bilirəm. Hətta bir neçə dəfə bu mövzuda yazmışam. Yadımdadır, ötən illərin birində Bakının Opera Teatrında baş rolun ifaçısını Gürcüstandan dəvət eləmişdilər, mən də gəlmişdim. O opera ustasının 5 oktava səsi var. Azərbaycanlı sənətkarlar onun səsini çox bəyənmişdilər. Bakıda Opera Teatrına getdim, Motsartın "Hamı belə edir" operasının premyerasına baxdım, oturmağa yer yox idi, daha çox xarici iş adamları, diplomatlar idilər. Opera çox gözəl alınmışdı. Mən daha çox Milli Parkı gəzirəm, çünki orada daha sərbəstəm, həm də eni-boyu bitmir, gəzirsən qurtarmır, axşamlar da möcüzəyə çevrilir, hər yanda işıqlar yanır, şəhəriniz axşamlar çox gözəl görünür".

Markos Kvelle də Bakıda olduğu günlərdə şəhərimizin mədəniyyət ocaqlarında çox olub, muzeylərimizi gəzib, dediyinə görə, dükan-bazarları da ələk-vələk edib: "Neçə gündür ki, hamı Bakıda gözəl şounun şahidi olur, böyük zövq alır. İnsanlarınız da elə mehribandır ki, sanki bizimlə dostlaşmağa, ünsiyyət yaratmağa can atırlar. Biz bundan çox məmnunuq. Elə bil ki, öz ölkəmdəyəm, heç bir təhlükə yoxdur. Qəribədir ki, təkcə polislər deyil, insanlar da bizim təhlükəsizliymiz üçün narahatdırlar. Pivə aldığım dükanın sahibi pul götürmədi, hədiyyə etdi, adını soruşdum, dedi ki, halal edirəm. Kabablar dadlıdır, türk lokantaları burada çoxdur, hər gün İskəndər kababı yeməli oluruq. Bunlardan Almaniyada da çoxdur. Opera Teatrının binasını kənardan görmüşəm, möhtəşəmdir, getməyə vaxtım olmayıb. Eşitdiyimə görə, Puççininin "Bohema" operası oynanılacaq, çalışacam ki, ora gedim. Əmin olun ki, mübaliğəsiz danışıram, bu günlər Bakıya gələn hər xarici insan vətəninə dönərkən ürəyində Bakıda alovlanan məşəlin bir parçasını aparacaq. İstəyirəm ki, bu məşəl sönməsin, dünyanı isitsin".

Xarici qonaqlarımızın bütün dediklərinə onu əlavə etmək olar ki, "Eurovision-2012"nin Azərbaycanda keçirilməsi Avropa insanına azərbaycanlıların mehribanlığı, qonaqpərvərliyi, qədim tarixi, füsunkar təbiəti, mentaliteti, millətin ecazkar Şərq mədəniyyəti, sürətlə inkişaf edən müasir ölkə ilə tanışlıq fürsəti verdi.    

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 1 iyun.- S. 9.