Mətbuatın inkişafına göstərilən dövlət yardımlarının həcmi ildən-ilə artmaqdadır

 

 İyunun 11-də Nizami Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri (KİV) arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

"Dəyirmi masa"nın işində KİV nümayəndələri ilə yanaşı,  bələdiyyə sədrləri, rayonun idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişlər.

Rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov rayonda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərindən danışmış, jurnalistlərə rayonun ictimai-siyasi və sosial-iqtisadi həyatında baş verən yenilikləri işıqlandırmaları üçün bütün imkanların yaradıldığını bildirmişdir.

KİVDF-nin sədri Vüqar Səfərov Azərbaycan mətbuatının inkişafı tarixinə toxunaraq bildirmişdir ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa olunsa da, insanlar azad şəkildə informasiya əldə edə bilmirdilər. Çünki sovet dövründən qalmış mətbuat üzərindəki senzura buna imkan vermirdi. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 1998-ci ildə senzura idarəsini ləğv edərək mətbuatın sərbəst fəaliyyətinə imkan yaratmışdır.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hər il mətbuata maddi yardım göstərir və bu yardımların həcmi ildən-ilə artmaqdadır.

Bu gün Azərbaycanda 300-dən artıq qəzet nəşr olunur və müstəqil fəaliyyət göstərir. Prezidentin jurnalistlərə göstərdiyi diqqət və qayğının nəticəsində dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılmış və mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onlar üçün yaşayış binasının tikintisinə başlanmışdır. Hazırda binanın tikintisi davam etdirilir və 2013-cü ildə istifadəyə veriləcəkdir.

Sonra müzakirələr aparılmış və mətbuat nümayəndələrinin sualları cavablandırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 12 iyun.- S. 5.