Bakıda Dünya Gömrük Təşkilatının Qlobal qalxan Proqramı çərçivəsində təlim keçirilir

 

 İyunun 11-də Bakıda Dünya Gömrük Təşkilatının (DGT) Bakıdakı Avropa regional ofisində təşkilatın "Qlobal qalxan" Proqramı çərçivəsində təlimə başlanılmışdır.

AzərTAc xəbər verir ki, ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan, Birləşmiş Ştatlar, Böyük Britaniya, Avstriya, Özbəkistan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Türkmənistandan gəlmiş gömrükçülər və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edirlər. Ölkələrin bir qismi, o cümlədən Azərbaycan təlimdə dinləyici qismində çıxış edir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev məlumat vermişdir ki, "Qlobal qalxan" Proqramı DGT tərəfindən 2009-cu ildən həyata keçirilir. Əsas məqsəd partlayıcı maddələrin, kimyəvi silahların, narkotik vasitələrin hazırlanmasında istifadə olunan prekursorların qanunsuz dövriyyəsinin qarşısının alınmasıdır.

DGT-nin Bakıdakı Avropa regional ofisinin rəhbəri Vitali Mikeladze  silahların, döyüş sursatlarının, partlayıcı maddələrin, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində daha effektiv mübarizə aparmaq üçün birgə fəaliyyətin vacibliyini  vurğulamışdır.

Tədbirdə iştirakçı ölkələrin nümayəndələri bu sahədə əldə olunmuş təcrübə və gömrük hüquqpozmalarının törədilməsinin qarşısının alınmasında istifadə olunan yeni üsullar barədə təqdimatlarla çıxış etmişlər.

Təlim iyunun 15-dək davam edəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 12 iyun.- S. 5.