Acarıstan Muxtar Respublikasının nümayəndə
heyəti Duzdağ Fizioterapiya
Mərkəzinə baxmış, muxtar
respublikanın təhsil və mədəniyyət müəssisələri
ilə tanış olmuşdur
Naxçıvan Muxtar Respublikası nümayəndə heyətinin bu ilin yanvarında Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfəri zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhiyyə sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd etmişdir. Ali Məclisin Sədrinin tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən acarıstanlı aztəminatlı ailələrin uşaqlarının Naxçıvanın Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunması barədə təklifi razılıqla qarşılanmışdır.
AzərTAc xəbər verir ki, hazırda Acarıstan Muxtar Respublikasından astma-bronxit xəstəliyindən əziyyət çəkən 14 uşaq Duzdağ Fizioterapiya Mərkəzində Naxçıvan Muxtar Respublikasının hesabına 10 günlük müalicə kursu keçir.
İyunun 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvana işgüzar səfərə gələn Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti ilə birlikdə Duzdağ Fizioterapiya Mərkəzində olmuş, burada müalicə olunan acarıstanlı uşaqlarla görüşmüşdür.
Məlumat verilmişdir ki, Naxçıvan nadir dərman bitkiləri, şəfa bulaqları və təbii müalicə mərkəzləri ilə zəngin olan bir regiondur. 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan Duzdağ Fizioterapiya Mərkəzi də bu cür təbii müalicə mərkəzlərindəndir. Son illər əsaslı şəkildə yenidən qurulan bu xəstəxanadakı duz şaxtalarında bronxial astma və ağciyər bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidze uşaqların səhhəti ilə maraqlanmış, onlara hədiyyələr vermiş, tezliklə sağalmalarını arzulamış və xatirə şəkli çəkdirmişlər.
* * *
İyunun 9-da - səfərin ikinci günündə Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova və Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidzeyə ali təhsil ocağı haqqında məlumat verilmişdir.
Bildirilmişdir ki, 1967-ci ildə yaradılan və 45 ildir fəaliyyət göstərən Naxçıvan Dövlət Universiteti bu gün özünün yeni inkişaf mərhələsindədir. Son illər müasir tədris korpusları və meydançaları, idman kompleksi, tələbə yataqxanası, konservatoriya, elektron kitabxana, universitet xəstəxanası, tələbə sosial məişət kompleksi tikilmiş, geniş bir ərazidə zəngin maddi-texniki bazaya malik olan universitet şəhərciyi salınmışdır. Hazırda universitetdə 11 fakültə üzrə 5 minə yaxın tələbə təhsil alır. Onların 222 nəfəri xarici ölkə vətəndaşlarıdır. Naxçıvan Dövlət Universitetinin dünyanın aparıcı ali təhsil müəssisələri ilə geniş əməkdaşlıq əlaqələri vardır. Universitet zəngin maarifçilik ənənələrinə malik olan Naxçıvan diyarında yüksək ixtisaslı kadrların yetişdirilməsinə, elmi mühitin formalaşdırılmasına və bütövlükdə regionun tərəqqisinə öz müsbət təsirini göstərir. Onun məzunları bu gün Azərbaycanda milli dövlət quruculuğunun ən müxtəlif sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi, elmi və mədəni potensialının gücləndirilməsinə layiqli töhfə verirlər.
Konservatoriya binasının foyesində universitetin tələbələrinin müxtəlif mövzularda çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidzenin iştirakı ilə Naxçıvan Dövlət Universiteti ilə Şota Rustaveli adına Batumi Dövlət Universitetinin nümayəndələri arasında görüş keçirilmişdir.
Görüşdə hər iki universitet arasında qarşılıqlı elmi əlaqələrin yaradılması məsələləri müzakirə edilmiş, təhsil, elm, mədəniyyət və idman sahələrində əməkdaşlığın həyata keçirilməsi və əlaqələrin inkişafına dair əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Müqaviləni Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa Həbibbəyli və Şota Rustaveli adına Batumi Dövlət Universitetinin rektoru professor-doktor Alyoşa Bakuridze imzalamışlar.
Müqavilədə müəllimlərin və tədqiqatçıların mübadiləsi, tələbələrin bakalavr, magistratura və doktorantura pillələri üzrə mübadilə proqramının həyata keçirilməsi, birgə təhsil proqramlarının icrası, tədqiqat layihələrinin və universitetlər arasında onlayn kitabxana xidmətinin təşkili, videodərslərin və videokonfransların, mədəniyyət və idman tədbirlərinin keçirilməsi və digər məsələlər öz əksini tapmışdır.
Sonra Naxçıvan Dövlət Universitetinin tələbələri konsert proqramı ilə çıxış etmişlər.
* * *
Həmin gün Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidze və onu müşayiət edən qonaqlar Naxçıvan Dövlət Xalça Muzeyində olmuş, nümayiş etdirilən eksponatlara baxmışlar.
Məlumat verilmişdir ki, muzeydə Gəncə-Qazax, Quba-Şirvan, Qarabağ, Təbriz-Naxçıvan xalçaçılıq məktəblərinə məxsus xalça nümunələri saxlanılır. Muzeyin fondunda 3500-dən artıq maddi-mədəniyyət nümunəsi vardır. Onlardan 323-ü xalçadır. Hazırda ekspozisiyada 308 eksponat nümayiş etdirilir. Muzeydəki eksponatlar müxtəlif xalçaçılıq məktəbləri üzrə qruplaşdırılmışdır. Burada xovlu xalçalar, məfrəş, palaz, cecim, kilim, sumax, keçə, həsir, süjetli və digər xalça növləri vardır. Xalçalardakı həndəsi və nəbati formalı naxışlar uzaq keçmişdən xəbər verən milli mədəniyyətimizin tarixini səciyyələndirir. Naxışları sadə, realist və mücərrəd olan xalçalar xalqımızın yaradıcılıq imkanlarının yüksək səviyyəsinin göstəricisidir.
Bildirilmişdir ki, zəngin təbiətə, əlverişli coğrafi şəraitə malik Naxçıvanda hələ qədim dövrlərdən xalçaçılıq sənətinin inkişafı üçün münbit şərait olmuşdur. Orta əsrlər ərəb müəllifləri Naxçıvanda xalçaçılığın geniş vüsət alması və bu ərazidə toxunan xalçaların şöhrət qazanması barədə öz əlyazmalarında dəyərli məlumatlar vermişlər. Naxçıvan xalçaları Azərbaycan xalça sənətini öz ənənəvi naxışları və elementləri, özünəməxsus şux rəng çalarları ilə zənginləşdirmiş və bu bölgədə xovsuz xalça növü geniş yayılmışdır. Muzeydə Təbriz-Naxçıvan qrupuna aid 150-yə qədər xalça nümayiş etdirilir.
Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidze muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.
* * *
Acarıstan nümayəndə heyəti səfər çərçivəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında da olmuşdur.
Məlumat verilmişdir ki, Azərbaycan teatrı salnaməsinə parlaq səhifələr yazan Naxçıvan Dövlət Musiqili Dram Teatrı zəngin sənət ənənələrinə malikdir. 1883-cü ildə fəaliyyətə başlamış teatrın repertuarında Azərbaycan ədəbi fikrinin böyük nümayəndələrinin son dərəcə qiymətli əsərləri ilə yanaşı, dünya dramaturgiyasının ən yaxşı nümunələri aparıcı yer tutmuşdur.
Qonaqlar Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestrinin ifasında konsert proqramına baxmışlar.
Konsert başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidze ifaçılarla görüşmüş, onları uğurlu çıxışa görə təbrik etmişlər.
Acarıstan Muxtar Respublikası hökumətinin sədri Naxçıvan Dövlət Filarmoniyasının kollektivini Batumidə konsert proqramı ilə çıxış etməyə dəvət etmişdir.
* * *
İyunun 9-da qonaqlar Heydər Əliyev Sarayında olmuşlar.
Bildirilmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə tikilən saray 2008-2009-cu illərdə əsaslı şəkildə təmir olunmuşdur. Binada 943 yerlik konsert və 276 yerlik konfrans salonları vardır. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Dövlət Filarmoniyası, Dövlət Rəsm Qalereyası və Film Fondu da sarayın binasında yerləşir. İkinci mərtəbədəki 198 yerlik konfrans zalında üç dildə sinxron tərcümə aparmaq mümkündür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidze və digər qonaqlar sarayın üçüncü mərtəbəsində yerləşən Naxçıvan Dövlət Rəsm Qalereyasına da baxmışlar.
Məlumat verilmişdir ki, Naxçıvanda rəssamlıq sənətinə böyük maraq olmuş, XII əsrdə Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən yaradılan Naxçıvan memarlıq məktəbinin təsiri altında memarlar, rəssamlar, heykəltəraşlar, xəttatlar, nəqqaşlar və digər dekorativ tətbiqi sənət ustaları yetişmişlər. Ötən əsrin əvvəllərində Naxçıvan Azərbaycan təsviri sənətinə milli-realist boyakarlıq janrının banisi Bəhruz Kəngərli kimi böyük rəssam bəxş etmişdir. Bu gün naxçıvanlı rəssamların əsərləri təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkələrinin sərgi salonlarında da nümayiş etdirilir.
1982-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə yaradılmış qalereyada Naxçıvan, həmçinin xarici ölkə rəssamlarının 300-dən artıq əsəri nümayiş olunur. Ekspozisiya zalındakı əsərlər Naxçıvan rəssamlıq məktəbinin zəngin ənənələrini və müasir inkişaf istiqamətlərini, Naxçıvan Muxtar Respublikasının bugünkü reallıqlarını dolğun əks etdirir.
* * *
Sonra Acarıstan nümayəndə heyəti "Əshabi-Kəhf" ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə gəlmişdir.
Məlumat verilmişdir ki, Naxçıvan şəhərindən 12 kilometr aralıda yerləşən "Əshabi-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin adı ərəb dilində "mağara sahibləri" deməkdir. Uzun illər bu abidənin dünyanın digər ölkələrində olduğu güman edilirdi. Lakin son dövrlər aparılmış araşdırmalar sübut etmişdir ki, islam dininin müqəddəs kitabı olan Qurani-Kərimin "Əl-Kəhf" surəsinin 9-27-ci ayələrində adıçəkilən Əshabi-Kəhf Naxçıvan ərazisindədir. "Əshabi-Kəhf" ziyarətgahı Dini-Mədəni Abidə Kompleksində yerləşən məscidin mehrabındakı kitabənin mərkəzi hissəsində də "Əl-Kəhf" surəsinin 9-12 və 17-18-ci ayələri həkk edilmişdir.
Dini-mədəni abidə kompleksində ilk dəfə ümummilli lider Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə abadlıq-bərpa işləri aparılmışdır. Ziyarətgahın girişində bu barədə məlumat verən kitabə qoyulmuşdur. Son illər də "Əshabi-Kəhf" ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin ərazisində yenidənqurma, bərpa və abadlıq işləri görülmüş, burada zəvvarlar üçün yaxşı şərait yaradılmış, rahat yol salınmış, yolboyu yaşıllaşdırma işləri aparılmış, məscid tikilmişdir. Hər il "Əshabi-Kəhf" ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə Azərbaycanın başqa bölgələrindən və xarici ölkələrdən zəvvarlar, turistlər və qonaqlar gəlir.
Həmin gün qonaqlar Şahbuz Dövlət Təbiət qoruğunda - Batabatda da olmuşlar.
* * *
İyunun 9-da Gürcüstanın Acarıstan Muxtar Respublikasının nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına iki günlük işgüzar səfəri başa çatmışdır.
Naxçıvan Beynəlxalq Hava
Limanında Acarıstan Muxtar
Respublikası hökumətinin sədri Levan
Varşalomidzeni Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov yola
salmışdır.
Azərbaycan.- 2012.- 12 iyun.- S. 6.