Azərbaycanın
tolerantlıq mühiti yüksək qiymətləndirilmişdir
Roma Papası II İohann Pavelin Azərbaycana səfərinin 10-cu ildönümü münasibətilə Bakıdakı Katolik kilsəsi tərəfindən keçirilmiş mərasimdə iştirak etmək üçün Vatikandan ölkəmizə gəlmiş kardinal Fernando Filoni iyunun 11-də Təzəpir məscid kompleksində olmuşdur.
AzərTAc xəbər verir ki, Təzəpir məscidi ilə tanışlıq zamanı qonağa Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsinin hazırlanması barədə məlumat verilmişdir. Vurğulanmışdır ki, həmin layihə əsasında burada onun ilkin görkəminə qaytarılması məqsədilə əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi əksini tapmışdır. Məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunmuşdur. Təzəpir məscidinin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir.
Bildirilmişdir ki, kompleksdə Bakı İslam Universitetinin tədris korpusu yerləşir. Korpusun hər mərtəbəsində 10 sinif otağı olmaqla 250 tələbənin təhsil alması üçün hər cür şərait yaradılmışdır.
Kardinal Fernando Filoni Qafqaz Müsəlmanları İdarəsinin konfrans zalı ilə də tanış olmuşdur.
Komplekslə tanışlıqdan sonra Fernando Filoni Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşmüşdür.
Görüşdə ikitərəfli münasibətlər, tolerantlıq, dinlərarası əlaqələr və digər dini məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Şeyxülislam ölkəmizdə din və dövlət münasibətləri barədə məlumat vermiş, Azərbaycanda dilindən, dinindən asılı olmayaraq, bütün xalqların nümayəndələrinin dostluq şəraitində yaşadığını vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, ölkəmizdə dini dözümlülük və tolerantlıq ümummilli lider Heydər Əliyevin dövlət-din konsepsiyasına uyğun olaraq təcəssüm tapmışdır. Hazırda Prezident İlham Əliyev bu kursu uğurla davam etdirir.
A.Paşazadə kardinal Fernando Filoni Roma Papası II İohann Pavelin ulu öndər Heydər Əliyevin dəvəti ilə 2002-ci il mayın 22-də Azərbaycana səfərinin 10-cu ildönümü münasibətilə təbrik etmişdir.
Fernando Filoni
Azərbaycanın tolerantlıq mühitini
yüksək qiymətləndirmiş, ölkəmiz və Vatikan arasında münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırmış,
bunun üçün
dövlətimizə minnətdarlığını bildirmişdir.
Azərbaycan.- 2012.- 12 iyun.- S. 6.