ABŞ azərbaycanlıları Konqres üzvlərindən Dağlıq Qarabağla bağlı rəsmi və birmənalı mövqe bildirməyi tələb edirlər
Birləşmiş Ştatlarda yaşayan azərbaycanlılar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində son günlər atəşkəs rejiminin intensiv pozulması halları və insan tələfatından narahatdırlar.
ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) məktub kampaniyasına başlayaraq Konqres üzvlərini bu məsələyə diqqəti artırmağa çağırmışdır. Nümayəndələr Palatası və Senat üzvləri, eləcə də xarici siyasətlə bağlı yerli icra strukturları və KİV-lərə göndərilən məktublarda vurğulanır ki, Azərbaycanın Ermənistan tərəfindən davamlı işğalına laqeyd münasibət yolverilməzdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün bölgənin inkişafı və demokratikləşməsinin surətini azaldaraq dünyanın bu mühüm hissəsində qlobal təhlükəsizliyə təhdidə çevrilmişdir. Geniş təbii ehtiyatlara malik Azərbaycan ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyində mühüm rol oynayır: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum kəmərləri Xəzərin Azərbaycan sektorunun neft və qazını Gürcüstandan keçirərək Qərb bazarlarına nəql edir. Əfqanıstanda, ondan əvvəl isə İraq və Kosovoda sülhməramlı əməliyyatlarda Azərbaycan ABŞ ilə strateji tərəfdaşlıq edir".
USAN üzvləri məktub kampaniyasında cəbhə xəttində atəşkəs rejiminin Ermənistan tərəfindən mütəmadi şəkildə pozulması hallarının tam xronologiyası təqdim edilərək belə faktların sonuncularından biri - iyunun 5-də Ermənistan ordusunun Azərbaycanın Qazax bölgəsindəki mövqelərinə hücum cəhdlərinin insan tələfatı ilə nəticələndiyini diqqətə çatdırmışlar. Soydaşlarımız xatırlatmışlar ki, 1991-94-cü illərdə Ermənistan xarici havadarlarının köməyi ilə Azərbaycana hərbi təcavüz etmişdir. 1993-cü ilin aprel-noyabr aylarında BMT Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamə ilə erməni qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrindən çıxarılması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasını tələb etmişdir. 2008-ci il martın 14-də BMT Baş Məclisi beynəlxalq icmanın mövqeyini bir daha ortaya qoyaraq Azərbaycanın ərazi bütövlüyünə dəstəyini vurğulamış, qəbul etdiyi müvafiq qətnamə ilə Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən erməni qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Bununla yanaşı, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamenti də hər il öz hesabatlarında Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığını göstərir. Çikaqoda keçirilən NATO-nun son zirvə toplantısında da Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edilmişdir. Lakin Ermənistan bunların hamısına biganə yanaşır, işğalçılıq və zorakılıq siyasətini, etnik təmizləmə və müharibə cinayətlərini davam etdirir.
USAN kampaniyası ilə ABŞ azərbaycanlıları Konqresdəki nümayəndələrindən Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünə rəsmi və birmənalı şəkildə dəstək vermələrini tələb etmişlər. Soydaşlarımız hesab edirlər ki, ABŞ Ermənistana hər hansı yardım göstərərkən BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrini nəzərə almalı, 2013-cü maliyyə ilində Ermənistana müxtəlif proqramlar üzrə hərbi yardımı dayandırmalıdır. Nəinki Ermənistana, Dağlıq Qarabağa və Gürcüstanın Cavaxetiya bölgəsinə Azərbaycan və Gürcüstanın mərkəzi hakimiyyətindən kənar hər hansı birbaşa ABŞ yardımı göstərilməməlidir. Məktub kampaniyasında həmçinin Azərbaycan ərazilərinə təcavüz və işğalında iştirak edən erməni rəsmilərinin ABŞ-a və ABŞ rəsmiləri ilə görüşlərə buraxılmaması tələb edilmişdir.
Şəfəq
AKİFQIZI
Azərbaycan.- 2012.- 12 iyun.- S. 6.