Azərbaycan dilində yenicə çapdan çıxmış Avropa İnsan Hüquqları Məhkəməsi adlı dərs vəsaitinin təqdimatı olmuşdur

 

 Avropa Şurasının (AŞ) Fransanın Strasburq şəhərindəki iqamətgahında "İrqçilikdözümsüzlük əleyhinə Avropa Komissiyasının ayrı-seçkiliklə mübarizə halları" mövzuna həsr olunmuş ikigünlük seminar keçirilmişdir.

Seminara Avropa Şurasının  üzvü olan dövlətlərin ombudsmanları və onların nümayəndələri, beynəlxalq ekspertlər, Avropa İttifaqının və AŞ-ın rəhbər vəzifəli şəxsləri qatılmışlar.

Beynəlxalq seminarın işində Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri Zaur Əliyev iştirak etmişdir.

Ombudsman Aparatından AzərTAc-a bildirmişlər ki, Z.Əliyev seminarda "Ayrı-seçkiliyin qarşısının alınması sahəsində Azərbaycan ombudsmanının fəaliyyəti" mövzusunda məruzə etmişdir.

Məruzədə qeyd olunmuşdur ki, insan hüquqları üzrə müvəkkil milli qanunvericilikdə, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, o cümlədən "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının təbliği istiqamətində müntəzəm olaraq maarifləndirmə işi aparır. Bu sahədə işin mühüm hissəsini isə Milli Fəaliyyət Planı və Milli Fəaliyyət Proqramı üzrə həyata keçirilən maarifləndirmə tədbirləri təşkil edir.

Həmin Proqramda Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulduğu, müvafiq beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və milli qanunvericiliyin beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi kimi mühüm vəzifələrin irəli sürüldüyü qeyd olunmuşdur.

Səfər çərçivəsində Z.Əliyev Avropa İnsan Hüquqları Məhkəməsində olmuş, qurumun kitabxanasında onun müəllifi olduğu, ikinci nəşri Azərbaycan dilində yenicə çapdan çıxmış "Avropa İnsan Hüquqları Məhkəməsi" adlı dərs vəsaitinin təqdimatı keçirilmişdir.

Dərs vəsaitinin elmi redaktoru Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili, professor Elmira Süleymanova, "Ön söz"ün müəllifi Avropa İnsan Hüquqları Məhkəməsinin keçmiş sədri, professor Jan-Pol Kostadır.

Təqdimat mərasimində Avropa Məhkəməsinin əməkdaşları, Strasburq Universitetinin insan hüquqları fakültəsinin tələbə və məzunları iştirak etmişlər.

 

 

Azərbaycan.- 2012.- 12 iyun.- S. 7.