Şıxalıağalı: tarixi keçmişdən bu günə kitabı qədim yurd yerinin dünənini və bu gününü özündə yaşadır

 

 Hər bir yurdun tarixi keçmişini, layiqli insanlarını, milli-mənəvi dəyərlərini kitab halında oxucuya təqdim etmək vacib olduğu qədər də təqdirəlayiqdir. Ən azı ona görə ki, bu kitabların hər səhifəsi bütövlükdə Vətənimiz Azərbaycanı, onun şanlı tarixini təbliğ etməklə yanaşı, yurdumuzun dəyərli vətəndaşlarını, mərd, igid insanlarını tanıdır gələcək nəsillərə. Nəticədə belə insanların ömür yolu hər bir oxucu üçün əsl örnəyə çevrilir. Artıq qəhrəman, vətənsevər, hünərli insanların obrazlarını nağıllarda axtarmağa ehtiyac qalmır.

Bu baxımdan Həsən Təhməzlinin Bakıdakı "MBM" mətbəəsində nəfis şəkildə çapdan çıxmış "Şıxalıağalı: tarixi keçmişdən bu günə" kitabının işıq üzü görməsi olduqca təqdirəlayiqdir.

AzərTAc xəbər verir ki, kitabda hazırda düşmən tapdağı altında olan Cəbrayıl rayonunun Şıxalıağalı kəndinin tarixi keçmişindən, müdrik insanlarından, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarını qurban vermiş şəhidlərin ömür yolundan bəhs olunur. Kitabda həmçinin etnoqrafik məsələlər, kəndin yazıb-yaradan adamları haqqında məlumatlar, onların yaradıcılığından nümunələr də öz əksini tapmışdır.

Digər müəlliflərdən fərqli olaraq, H.Təhməzli bu kitabı bir başqasına deyil, doğulub boya-başa çatdığı, bu gün isə həsrəti ilə qovurulduğu doğma kəndinin bərəkətli torpaqlarına, şır-şır axan sularına, şəfalı havasına, halal ocaqlarına ithaf etmişdir.

Müəllif kitabın yazılma səbəbini dünyaya göz açdığı kəndə sonsuz vurğunluğu, bu yurdun müdrik, ağıllı, mərd, ləyaqətli, əməksevər adamları ilə hər zaman fəxr etməsi ilə əsaslandırır. O deyir: "Öz uşaqlığımı bu şirin sulu, saf havalı, yaşıllığa qərq olmuş kənddə keçirmiş, bu xeyirxah insanlar arasında böyümüş, onlardan görüb-götürmüşəm. Ağsaqqala hörmət, ağbirçəyə ehtiram, uşaqlara qayğı və diqqəti görmüş və öyrənmişəm. Bu kişilərin örnəyə çevrilmiş həyatlarının, xeyirxah işlərinin unudulmamasına çalışmışam. Çalışmışam ki, bizdən sonra gələnlər də onları hörmətlə ansın, xeyirxahlıq və minnətdarlıqla xatırlasınlar".

Müəllifin zəhmətini yüksək qiymətləndirən kitaba "Ön söz"ün müəllifi, tanınmış tədqiqatçı Maarif Teymur isə yazır ki, kitabda olan tutarlı və təkzibedilməz faktlar həm Cəbrayıl rayonunun, həm də Şıxalıağalı kəndinin tezliklə öz sakinlərinə qaytarılacağına ümid verir.

Kitabda Azərbaycanın tarixinə qısa nəzər salan müəllif həmçinin onun ayrılmaz tərkib hissəsi olan Cəbrayılla da bağlı məlumat vermişdir.

Tarixi faktların dili ilə Şıxalıağalı kəndinin keçmişinə və bu gününə nəzər salan müəllifin "Şıx Alı ağa haqqında nə bilirik?", "Zamanın vicdanı olan kişilər", "Ömrün ötən günləri", "Bəhmən Quliyevin dediklərindən" və bir-birindən maraqlı digər yazıları insanı mərhəmətə, böyüklüyə, mərdliyə, düzlüyə səsləyir.

Kitabda həmçinin kəndlərin kameral siyahısı, keçmiş sovetlər dövründə bəy nəslindən olan insanların başına gətirilən müsibətlər, soylu-köklü nəsillərin şəcərəsi, insanların məşğul olduqları kənd təsərrüfatı sahələri, yer adları, qədim inanclar, ovsunlar, xalq oyunları, geyimlərlə yanaşı, Cənubi Azərbaycanda yaşayan şıxalıağalılar haqqında da məlumat verilmişdir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu sanballı kitab vətənsevər ziyalının öz doğma torpağına ən böyük töhfəsi kimi qiymətləndirilə bilər.

 

 

Azərbaycan.- 2012.- 12 iyun.- S. 7.