“Azərbaycan
Respublikasının keçmiş prezidentinin və onun ailə
üzvlərinin təminatı haqqında”
Konstitusiya qanunu təsdiq edildi
Milli Məclisin iclasında
İyunun
12-də Milli Məclisin növbədənkənar
sessiyasının ilk iclası keçirildi. Dövlət
himni səsləndirildikdən sonra Milli Məclisin sədri
Oqtay Əsədov bildirib ki, 2011-ci ilin noyabr ayında parlamentin
qəbul etdiyi "Azərbaycan Respublikasının
keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı
haqqında" Konstitusiya qanunu prosedura uyğun olaraq 6 aydan
sonra yenidən təkrar səsverməyə
çıxarıldı.
Sənədlə
bağlı məlumat verən Milli Məclisin Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli bildirib ki, bu sənəd
Konstitusiya qanunu olduğu üçün 6 aydan sonra
ikinci səsverməyə çıxarıldı. Qanunda
deyilir ki, "keçmiş prezident" Konstitusiyaya uyğun
olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini
tutmuş və vəfat etmiş, həmçinin
Konstitusiyanın 104-cü maddəsinə uyğun olaraq səlahiyyətlərinə
xitam verilmiş şəxs hesab olunur. Keçmiş prezidentin
pensiyası prezident vəzifəsində olan şəxsin əsas
aylıq əməkhaqqının 50 faizinə bərabər
tutulur. Konstitusiyanın 107-ci maddəsinə uyğun olaraq
impiçment qaydasında vəzifəsindən
uzaqlaşdırılmış prezident bu qanunda nəzərdə
tutulmuş pensiyanı almaq hüququna malik deyildir.
Sənəddə
vəfat etmiş prezidentin həyat yoldaşına və
öhdəsində olan ailə üzvünə ödənməli
olan müavinət məsələsi də əksini tapıb.
Belə ki, keçmiş prezidentin vəfat etməsindən
sonra onun həyat yoldaşı və ya həyat yoldaşı
olmadıqda öhdəsində olan övladına aylıq
pensiyanın 50 faizi məbləğində aylıq müavinət
ödəniləcək. Keçmiş prezident səlahiyyət
müddəti zamanı vəfat etdikdə onun həyat
yoldaşına və öhdəsində olan
uşağına prezidentə ödənilməli olan pensiyaya
bərabər tutulan müavinət ödəniləcək.
Keçmiş prezidentə pensiya və digər ödənişlər
onun prezident vəzifəsini tərk etdiyi gündən vəfat
etdiyi günədək veriləcək. Keçmiş prezident
vəfat etdikdə isə müavinət onun həyat
yoldaşına, o da vəfat edibsə, öhdəsində olan
uşağa 18 yaşına çatdığı tarixədək
ödənilməlidir. Ümumilikdə pensiya və müavinətlərin
ödənilməsi və digər təminatlar dövlət
büdcəsində nəzərdə tutulacaqdır.
Keçmiş prezidentlərə ödənilən pensiya və
müavinət gəlir vergisinin tutulmasından azaddır.
Dövlət qulluğu üçün müəyyən
olunmuş tibb təminatı üzrə hər hansı qanun və
qaydaların müddəaları da keçmiş prezident və
onun ailə üzvlərinə şamil olunacaq. Qanunda
keçmiş prezidentlərə 3 nəfər təhlükəsizlik
heyəti, bir sürücü, bir xidməti avtomobilin
ayrılması, prezident vəzifəsində olan şəxsin
əsas aylıq əməkhaqqının 20 faizi məbləğində
nümayəndəlik xərclərinin ödənilməsi,
keçmiş prezident və onun həyat yoldaşına
ömürlük diplomatik pasport verilməsi də nəzərdə
tutulub. Keçmiş prezident seçilməmişdən əvvəl
və ya prezident səlahiyyətlərini icra edərkən
etdiyi hərəkətlərə görə inzibati və ya
cinayət məsuliyyətinə cəlb edilə bilməz.
Onun həyat yoldaşı da keçmiş prezidentin səlahiyyətlərini
icra etdiyi və ondan əvvəlki dövrlərdə etdiyi hərəkətlərə
görə inzibati və cinayət məsuliyyətinə cəlb
olunmayacaqdır. Keçmiş prezident və onun həyat
yoldaşı baş prokurorun razılığı olmadan
cinayət başında yaxalanma hallarından başqa, cinayət
məsuliyyətinə cəlb edilə, tutula, barəsində
məhkəmə qaydasında inzibati tənbeh tədbirləri
tətbiq edilə, axtarışa məruz qala, şəxsi
müayinə edilə bilməz.
Sonra
Konstitusiya qanununu təkrar səsverməyə
çıxarılaraq 106 səs lehinə olmaqla qəbul
edildi.
İclasda
"Ölkədən getmək, ölkəyə gəlmək
və pasportlar haqqında" qanunda dəyişikliklər
edilməsi barədə qanun layihəsi də müzakirəyə
çıxarıldı. Qanun layihəsini təqdim edən
Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki,
dəyişikliklər kifayət qədər geniş
müzakirələrə səbəb olub, müəyyən təkliflər
səsləndirilib və qanun layihəsi işlənilən
zaman proqressiv təkliflər nəzərə alınıb:
"Ümid edirik ki, bu dəyişikliklər gələcəkdə
pasport alınmasında problemlərin aradan
qaldırılmasına imkan verəcək".
Ümumvətəndaş
pasportlarının 1 yaşadək, 1-3 yaşadək, 3-18
yaşadək uşaqlara verilməsi təklif olunub. Pasportların
1 yaşadək uşaqlar üçün 1 illik, 1-3 yaşadək
uşaqlar üçün 3 illik, 3-18 yaşadək 5 illik, 18
yaşına çatmış şəxslər
üçün isə 10 illlik müddətə verilməsi
nəzərdə tutulur. Yeni sənəddə qeyd olunur ki,
xidməti pasportun alınması və dəyişdirilməsi
üçün dövlət rüsumu alınmayacaq. Pasportda
göstərilən məlumatlar sırasında pasportun
seriyası, vətəndaşla birgə gedən 18
yaşına çatmamış uşaqların soyadı,
adı, cinsi və doğulduğu tarix sözləri
çıxarılır, məlumatlar sırasına "fərdi
identifikasiya nömrəsi" və "etibarlılıq
müddəti" sözləri əlavə olunur.
Müzakirələr
zamanı çıxış edən deputatlar - Elmira Axundova,
Jalə Əliyeva, İlyas İsmayılov, Zahid Oruc, Flora
Qasımova bu dəyişikliklərlə bağlı
maraqlı fikirlər söylədilər, yeni təkliflər
irəli sürüblər. Bildirildi ki, uşaqlar
üçün pasport alma qaydaları sadələşdirilməlidir
və verilmə müddəti 10 gün olduğuna baxmayaraq,
uşaqlar nəzərə alınıb pasport 2-3 gün ərzində
verilməlidir. Sonra qanun layihəsinə edilən dəyişiklik
səsə qoyularaq qəbul edildi.
İclasda
"Ərazi quruluşu və inzibati ərazi
bölgüsü haqqında" qanuna dəyişikliklər
edilməsi barədə" qanun layihəsi müzakirəyə
çıxarıldı. Qanun layihəsini təqdim edən
parlamentin Regional məsələlər komitəsinin sədri
Arif Rəhimzadə bildirdi ki, dəyişikliklər inzibati ərazi
bölgüsü olmayan rayonlarda sahə inzibati ərazi dairələrinin
yaradılmasını nəzərdə tutur.
Layihədə
deyilir ki, dövlət hakimiyyəti orqanlarının əhaliyə
yaxınlaşması və idarəetmənin səmərəliliyinin
artırılması məqsədilə sahə inzibati ərazi
dairələri yaradılır. Sahə inzibati ərazi dairələri
əhalisi 20 min nəfərə qədər olan ərazilərdə
yaradılacaq. Müzakirələr zamanı
çıxış edən deputatlar Qüdrət Həsənquliyev,
Fərəc Quliyev, İlyas İsmayılov, Zahid Oruc və
Fazil Mustafa bildirdilər ki, yeni yaradılacaq qurumlar
üçün dövlət büdcəsindən əlavə
xərclər ayrılacaq. Deputatların bəzilərinin
fikrincə, yeni yaradılacaq qurumlar bələdiyyələrə
qarşı bir orqan olacaq. Deputat Tahir Rzayev, Fəzail
İbrahimli isə dedi ki, bu qurumlar ölkədə yeni iş
yerlərinin açılmasına, gənc kadrların işlə
təmin olunmısına və əhalinin icra strukturlarına
daha da yaxınlaşmasına yardımçı olacaq. Eyni
zamanda, bu, cox mühüm idarəetmə islahatıdır. Ona
görə da dəyişikliklər müsbət qiymətləndirilməlidir.
Milli
Məclis sədrinin müavini Bahar Muradova da bu məsələyə
münasibət bildirdi. Bahar Muradova yeni qurumun bələdiyyəyə
qarşı bir orqan kimi yaradılması təsəvvürünün
yanlış olduğunu vurğuladı: "Bu gün icra
hakimiyyəti institutunun təkmilləşməsinə ehtiyac
var. Heç zaman bu qurum ləğv edilməyəcək və
heç bir zaman yerli bələdiyyə orqanları ilə əvəz
olunmayacaq. Azərbaycan prezident üsul-idarəsi ilə idarə
olunur və onun da icra orqanları adıçəkilən
qurumlardır. Onlar daimi işlək qurumlar olacaqlar. Hazırda
bələdiyyə qurumlarına qarşı addımlar
atılmır, əksinə, bu qurumun öz fəaliyyətini
daha çevik və insanların mənafeyi naminə daha asan həyata
keçirilməsi yolları aranır. Ona görə də
hesab edirəm ki bu dəyişikliklər qəbul
olunmalıdır və onun yerinə yetirilməsi
üçün Azərbaycanın dövlət büdcəsində
kifayət qədər vəsait vardır".
Milli
Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov
isə diqqətə çatdırdı ki, yeni yaradılacaq
qurumlar icra strukturlarının
xalqa daha da yaxınlaşmasını təmin edəcək:
"Burada söhbət idarəetmənin təkmilləşdirilməsindən
gedir. Bələdiyyələrə gəlincə, gələcəkdə
onların da hüquqları artırılacaqdır. Ancaq
hazırda yerli icra strukturları ilə bağlı məsələlərdə
müəyyən qədər boşluqlar var. İyun
ayının 6-da Azərbaycan Prezidentinin fərmanı ilə
yerli idarəetmə orqanları haqqında Əsasnamə təsdiqlənib
və indi qanun buna uyğunlaşdırılır. Məqsəd
yalnız ondan ibarətdir ki, Azərbaycanda bütün
kateqoriyalardan ibarət insanların hüquq və
azadlıqlarının təminatı, o cümlədən
siyasi təminatı həllini tapsın".
Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul edildi.
İclasda "İstehsalat və məişət tullantıları haqqında" qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olundu. Birinci sənədlə baglı Muilli Məclis sədrinin müavini Valeh Ələsgərov, ikincisi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Dəyişikliklərə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunacaq. Həmçinin piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmir yol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə cərimə də müəyyənləşdirilir. Bu cür qanun pozuntusuna görə 20 manat cərimə tətbiq olunacaq (hazırda bu məbləğ 10 manatdır).
Müzakirələr zamanı deputatlardan Gövhər Baxşəliyeva, Qənirə Paşayeva, Elmira Axundova, Sahib Alıyev, İlham Əliyev, Fazil Mustafa, Bəxtiyar Əliyev, Astan Şahverdiyev, Rafael Cəbrayılov, Adil Əliyev, Musa Qasımlı, Sədaqət Vəliyeva çıxış edərək müxtəlif təkliflər səsləndirdilər. Bildirildi ki, bu dəyişiklik insanların sağlamlığının qorunmasına, sağlam həyat təminatına yönəlib. Eyni zamanda, cərimələrin artırılması insanların daha məsuliyyətli olmalarına şərait yaradacaq. Bununla bağlı əhalinin maarifləndirilməsi üçün sosial reklamların sayı coxalmalıdır. Bakı şəhərində piyada keçidlərinin sayı artmalıdır. Deputat Cavid Qurbanov isə bildirdi ki, yaxın zamanda Bakı şəhərində 54 yeni piyada keçidi tikiləcək.
Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edildi.
Günün ikinci yarısında Milli Məclis öz işini davam etdirdi. Deputatlar Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi, "Kommersiya sirri haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə təklif olunan dəyişiklikləri, eləcə də Şəhərsalma və Titinti Məcəlləsinin layihəsini ikinci oxunuşda təsdiq etdilər.
"Kommersiya sirri haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqda Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Dəyişikliyə əsasən, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar artıq kommersiya sirri sayılacaq. Müzakirələrdə çıxış edən deputatlar Qüdrət Həsənquliyev, Asim Mollazadə, İqbal Ağazadə və Fazil Mustafa qanuna nəzərdə tutulan dəyişikliklərlə bağlı öz təkliflərini söylədilər. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı isə bildirdi ki, Azərbaycanda hansısa bir qanuna dəyişiklik edilərkən hər hansı Avropa ölkəsi ilə müqayisə aparılmamalıdır: "Biz niyə Avropadan soruşmalıyıq ki, nəyi nə cür qəbul etməliyik?! İstənilən Avropa ölkələrində kommersiya sirri ilə bağlı qanunlarda bizim müddəalardan da kəskin müddəalar var". Mübariz Qurbanlı hesab edir ki, hər hansı qanun qəbul edəndə Avropa strukturlarından icazə alınmamalıdır: "Biz qanunu bu formada qəbul etməliyik. Bu, Azərbaycanda iqtisadi maraqlara, ayrı-ayrı şirkətlərin, sahibkarların maraqlarına uyğundur". Vitse-spiker Valeh Ələsgərov bildirdi ki, şirkətin statusu, fəaliyyəti, təsisçiləri ilə bağlı məlumatlar kommersiya sirri kimi saxlanılır və bu, dünyada da belədir: "Şirkət tərəfindən cəlb edilən podratçılar, subpodratçılar, ekspertlər müvafiq öhdəliklər götürürlər. Şirkətin məxfi hesab etdiyi məlumatlar, təsisçilər haqqında məlumatlar başqa şirkətlərə o vaxt açıqlanır ki, bu məlumatlar yayılmasın. Əgər xaricdə hər hansı şirkət fond birjasında səhmlərini saxlayırsa, o haqda təsisçiləri və nizamnamə kapitalı barədə məlumat açılmır. O cümlədən, hansısa ailənin şirkəti varsa, 100 ildir ki, fəaliyyət göstərirsə, bu barədə məlumat açıqlanmır. Vergi qurumları, bank və digər qurumlar da bu məlumatları açıqlaya bilməz. Əslində, bu, indiyə qədər mövcud olan qeyri-müəyyənliyi aradan götürür". Deputatların təkliflərinə münasibət bildirən Ziyad Səmədzadə isə diqqətə çatdırdı ki, biznes məlumatlarının açıqlanması üçün qanun kifayət qədər şəffaflıq yaradır: "Bu dəyişikliklər Azərbaycanda sahibkarlıq mühitini qətiyyən məhdudlaşdırmır. Bu gün Azərbaycanda sahibkarlar mənfəətlərini ödəyirlərsə, vergi verirlərsə, bu, o deməkdir ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün münbit şərait var. Bu dəyişiklik də sahibkarlığın inkişafına yönəlib. Təsis məlumatları 8 bənddən ibarətdir və yalnız biri kommersiya sirri sayılır". Daha sonra qanun layihəsinə edilən dəyişiklik səsverməyə çıxarıldı və qəbul edildi.
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə edilən dəyişikliyə əsasən kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar sorğu əsasında qanunla məhkəmə, istintaq, təhqiqat orqanlarına, əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunla müəyyən edilmiş hallarda monitorinq orqanına, kommersiya hüquqi şəxsin digər təsisçilərinə, eləcə də şəxsin razılığı ilə üçüncü şəxsə verilə bilər. Qanun layihəsinə edilən dəyişiklik qəbul edildi.
"İnformasiya əldə etmək haqqında" qanuna təklif olunan dəyişikliyi təqdim edən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, təklif olunan əlavədə deyilir: "İnformasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərinin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın". Əli Hüseynli diqqətə çatdırdı ki, belə bir müddəa ölkəmizdə qəbul olunmuş "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya qanununda öz əksini tapıb. "İnformasiya əldə etmək haqqında" qanuna təklif olunan əlavə isə onun daha da təkmilləşdirilmiş formasıdır. Müzakirələr zamanı deputatlardan İqbal Ağazadə, Zahid Oruc, Rafael Cəbrayılov, Aqil Abbas, Mübariz Qurbanlı və Aydın Mirzəzadə çıxış edərək öz təklif və fikirlərini səsləndirdilər. Dəyişiklik səsə qoyularaq təsdiq edildi.
Sonra iclasda Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi.
Əli Hüseynli dedi ki, Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi Milli Məclisin müvafiq işçi qrupu tərəfindən hazırlanıb. Layihə ilə bağlı ictimai müzakirələr aparılıb. Həm komitə iclaslarında, həm də plenar iclasda sənədin ilk oxunuşunun müzakirəsi zamanı deputatların səsləndirdikləri təkliflərin bir çoxu nəzərə alınaraq layihəyə daxil edildi. Bu təkliflər layihənin daha da təkmilləşdirilməsinə xidmət edib. Müzakirələrdə çıxış edən deputatlar Tahir Rzayev, Gülçöhrə Məmmədova, Leyla Abdullayeva, Bəxtiyar Əliyev, Ağalar Vəliyev və Azər Badamov qeyd etdilər ki, bu məcəllə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edəcək. Deputatlar sənədin əhəmiyyətini yüksək dəyərləndirdilər, məcəllənin çox əhatəli hazırlandığını, üçüncü oxunuşa qədər bugünkü təkliflərin də nəzərə alınmasının vacibliyini qeyd etdilər. Müzakirələrin sonunda məcəllə ikinci oxunuşda qəbul edildi. Bununla da, Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başa çatdı.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.- 2012.- 13 iyun.- S. 1; 3.