Bünövrə etibarlı olanda
Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışının 19-cu ili tamam olur. Hər il Azərbaycan xalqı tərəfindən bu tarix çox geniş şəkildə təntənə ilə qeyd olunur. Bu da səbəbsiz deyil. Çünki Heydər Əliyev bütün şüurlu həyatını xalqına, Azərbaycan dövlətinin möhkəmlənməsinə, inkişafına sərf edib. O, hələ 1969-cu ildə Azərbaycana ilk dəfə rəhbərliyə gəldiyi zaman xalqın ürəyində özünün məhəbbət və ehtiramını qazanmışdı. Ulu öndərin dərin intellekti, zəngin daxili aləmi, öz xalqına məhəbbəti hələ imperiya dövründə, müxtəlif maneələr mövcud olduğu vaxtlarda respublikamızın sosial-iqtisadi həyatında xarüqələr yaratmağa səbəb olmuş və nəticədə Azərbaycan keçmiş SSRİ-nin ən nüfuzlu, qüdrətli, güclü iqtisadi potensiala malik məkanlarından birinə çevrilmişdi.
Ulu öndərin həyat və fəaliyyəti hər kəsə öz xalqını, vətənini ürəkdən sevməyi öyrədən bir məktəbdir. O, doğma xalqını sonsuz məhəbbətlə sevdiyi üçün xalq da əbədiyaşar və fenomen bir şəxsiyyət kimi öz qəlbində onun əzəmətli heykəlini ucaltmışdır. Heydər Əliyev ilk dəfə hakimiyyətə gələndə Azərbaycanda bütün sahələrdə çox böyük bir gerilik var idi. Amma ümummilli lider hakimiyyət sükanı arxasına keçən kimi respublikada bütün sahələrdə çox böyük canlanma başladı, iqtisadi və sosial həyatda güclü inkişaf yarandı. Heydər Əliyev dövrünü təhlil edənlər istər siyasətçi, istərsə də elm xadimləri olsunlar, belə nəticəyə gəliblər ki, hazırda müsətqil Azərbaycan dövlətinin mövcudluğu, yaşaması və sivil bir ölkəyə çevrilməsi yalnız bu müdrik şəxsiyyətin hələ o zamanlar bünövrəsini qoyduğu sosial-iqtisadi islahatların sayəsində mümkün olmuşdur. Yaradılan iqtisadi potensial nəticəsində Azərbaycan SSRİ məkanında borcsuz respublikaya çevrilmişdi. İdarəetmədə ən zəruri amil düzgün kadr siyasətidir. Ulu öndər idarəetmədə kamilliyə nail olmaq üçün keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə hər il yüzlərlə gənci təhsil almağa göndərirdi. Bu tədbir bir ənənə halını almışdı. Bu gün ölkəmizdə idarəetmədə mütəxəssislərin tərkibinə nəzər yetirəndə görürük ki, Azərbaycanda kadr qıtlığı məhz həmin dövrdə aradan qaldırılıb. Bütün gələcək inkişaf və müstəqillik üçün həlledici əhəmiyyətə malik olan bu şərtləri ulu öndər əvvəlcədən görürdü və vaxtında həllinə qərar verirdi.
Heydər Əliyev Azərbaycana 34 il rəhbərlik edib. Bu idarəetmə bir-birindən kəskin surətdə fərqlənən iki dövrə bölünür. Ümummilli lider 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilərkən respublikaların müstəqil qərarlar qəbul etmək ixtiyarı yox dərəcəsində idi. Hər bir addım İttifaq rəhbərlərinin nəzarətində idi. Təbii ki, bu şəraitdə milli maraqların təmin olunmasından, milli özünüdərkdən söhbət gedə bilməzdi. Bununla belə, bu gün biz Azərbaycanın müstəqil olandan sonra hazırkı sürətli, davamlı sosial-iqtisadi inkişafının bünövrəsinin məhz o vaxtlar qoyulduğunu görürük. Həm də bu təməl elmi-nəzəri əsaslarla qoyulmuşdur. İmperiya qanunlarının hökm sürdüyü şəraitdə belə, Heydər Əliyev öz vətəni, xalqı üçün misilsiz işlər görüb! İllər ötdükcə bəlli olur ki, bu böyük və müdrik insan hələ ötən əsrin 70-ci illərində Azərbaycanın müstəqilliyini, strateji inkişaf yollarını görürmüş. Ulu öndərin bu uzaqgörənliyi onun siyasi fəaliyyətində də zaman-zaman özünü göstərmişdir.
SSRİ süqut edən ərəfədə Moskvanın dəstəyi ilə ermənilər Ermənistandan yerli azərbaycanlı əhalini kütləvi zorakılığa məruz qoyaraq qovanda, Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində separatçılıq hərəkatı başlayanda, imperiyanın bilavasitə yardımı ilə baş verən hadisələr informasiya blokadasına alınanda ulu öndər Moskvada xalqının müdafiəsinə qalxdı, işğal, terror və soyqırımı hallarına qarşı etiraz səsini ucaldanların, Kommunist Partiyasını tərk edənlərin ilk sıralarında oldu. Kremlin ekstremistlərə və separatizmə açıq-aşkar dəstəyi, 1990-cı ilin 20 yanvarında Bakıda qanlı qırğın törətməsi Heydər Əliyev kimi ürəyi millət üçün döyünən vətən oğlunun səbrini tükətməyə bilməzdi. O, bütün dünya qarşısında qəti etiraz səsini ucaltdı və mərkəzi ittiham etdi. Vaxtilə Sov.İKP MK Siyasi Bürosunun üzvü olmuş, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifədə işləmiş Heydər Əliyevin etiraz səsi bütün dünyaya səs saldı. Eyni zamanda, xalqın ürəyinə təpər gəldi, mücadilə dönməz xarakter aldı. Azadlıq mücahidləri daha da mətinləşdi, öz liderinin "mübarizədən dönmə, yalnız irəli!" mesajını aldı və Heydər Əliyev ideyalarından güc alan xalq sonacan inamla, əzmlə mübarizə apardı və qalib gəldi.
Dövlət müstəqilliyinin iqtisadi bünövrəsi Heydər Əliyevin hakimiyyətə ilk gəlişi ilə qoyulmuşsa, həqiqi azadlıq tariximiz də onun Azərbaycana qayıdışı ilə, ölkənin taleyüklü problemlərinin həllini öz çiyinlərinə götürdüyü vaxtdan başlanır. Müstəqil, gənc Azərbaycan dövlətinə rəhbərlik etdiyi 10 il ərzində ümummilli liderin necə daxili və xarici təhlükələrin qarşısını aldığı, müstəqilliyimizi necə qətiyyətlə qoruduğu təkcə xalqımıza deyil, bütün dünyaya məlumdur. Daxili sabitliyin bərqərar olması, dövlət quruculuğu, dövlətçiliyin möhkəmlənməsi, demokratik və hüquqi islahatların həyata keçirilməsi, neft amilindən Azərbaycanın milli maraqlarına uyğun istifadə edilməsi üçün dünyanın aparıcı şirkətləri ilə "Əsrin müqaviləsi"nin bağlanması, ölkəmizin dünyanın aparıcı dövlətləri ilə səmərəli əməkdaşlığı, ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunması, həmçinin beynəlxalq əhəmiyyətli nəhəng transmilli layihələrin reallaşması ümummilli liderin əvəzsiz xidmətləridir. Bu bünövrə üzərində daim genişlənən və qarşılıqlı maraqlara əsaslanan beynəlxalq əməkdaşlıq müstəqilliyimizin əbədiliyinin göstəricisidir. Heç təsadüfi deyil ki, dünyanın məşhur siyasi və ictimai xadimləri həmişə Heydər Əliyev haqqında yüksək fikirdə olmuşlar. Fransanın sabiq prezidenti Jak Şirak demişdir: "Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirirəm".
Ulu öndərin müəyyənləşdirdiyi strateji inkişaf kursunun əsasında milli mənafelərin nəzərə alınması, düzgün beynəlxalq siyasi-iqtisadi təhlil, dünya dövlətləri ilə qarşılıqlı mənafeli əməkdaşlığın genişlənməsi durur. Siyasi və sosial-iqtisadi layihələri elmi-təcrübi əsaslarla həyata keçirən dövlət, təbii ki, davamlı və sabit inkişaf yoluna çıxmalıdır. Azərbaycanda inkişaf məhz bu istiqamətdədir. Ulu öndər iqtisadiyyatın çoxsahəli və çoxşaxəli inkişafı üçün möhkəm hüquqi və praktiki zəmin yaratmışdır. Ümummilli lider hakimiyyətə qayıdanda ölkədə sosialist iqtisadi formasiyası dağılmış, bazar iqtisadiyyatı qurulmamışdı. Liberal iqtisadiyyatın bərqərar olması üçün isə xeyli sərmayə tələb olunurdu. Amma bunun üçün ilk növbədə ölkəyə xarici sərmayə cəlb etmək lazım idi. Ermənistan Azərbaycanla müharibə edirdi. Qeyri-sabit bölgəyə isə heç bir investor sərmayə qoymaq istəməzdi. Bundan başqa, ölkədə olan təbii sərvətlərin kəmiyyəti barədə də investorlar maraqlı idilər. Ulu öndər vaxt itirməmək üçün siyasi və iqtisadi tədbirləri paralel surətdə apardı. Nəhəng beynəlxalq şirkətlərlə danışıqlar aparılması ilə yanaşı, 1994-cü ildə cəbhədə atəşkəsə nail olundu. Bu isə öz növbəsində bütün diqqəti dövlət quruculuğunun möhkəmləndirilməsinə, neft strategiyasının elmi-praktiki baxımdan işlənərək həyata keçirilməsinə, hüquqi, demokratik, iqtisadi islahatların yubanmadan reallaşmasına şərait yaratdı.
Heydər Əliyevin yürütdüyü daxili və xarici siyasət vəhdət təşkil edirdi. Ulu öndər dünyanın müxtəlif dövlətləri ilə geniş, qarşılıqlı səmərəli iqtisadi və siyasi əməkdaşlıq əlaqələri yaratmaqla Azərbaycanın həm sosial-iqtisadi inkişafına, həm də siyasi əlaqələrinin möhkəmlənməsinə çalışırdı. Və ümummilli lider məqsədinə çox böyük uğurla nail olurdu. Bu qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq digər tərəfin də mənafeyinə uyğun olduğu üçün əlaqələrimizin sərhədləri daim genişlənirdi. Prezident kimi Heydər Əliyevin çoxsaylı xarici səfərləri həmin ölkələrlə sıx, geniş, çoxtərəfli siyasi, iqtisadi əlaqələrin yaranmasına səbəb olurdu. Artıq Azərbaycanın Avratlantik məkanda mühüm beynəlxalq tranzit ölkə və Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi regionda aparıcı mövqeyə malik olacağı heç kimdə şübhə doğurmurdu. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ulu öndərin iki ölkə arasında yaratdığı əməkdaşlığın əhəmiyyəti barədə dediyi sözlər bu baxımdan çox xarakterikdir: "Uzun illər Heydər Əliyevin səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir".
Heydər Əliyevin müəllifi olduğu neft strategiyası artıq öz bəhrəsini verməyə başlayıb. Neft sektorundan gələn gəliri qeyri-neft bölməsinə yönəltməklə digər sahələr də inkişaf etdirilir. Nəticədə ölkə iqtisadiyyatının neft amilindən asılılığı sürətlə azalır. Olduqca təqdirəlayiq və fərəhli haldır ki, artıq Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil, siyasi sahədə müstəqil siyasət yürüdür. Təbii ki, bugünkü qloballaşan dünyada başqa dövlətlərdən tədric olmaq da mümkün deyil. Odur ki, Azərbaycan rəhbərliyi təcridetmə yox, dost və yaxın tərəfdaş qazanmaqla öz mövqelərini möhkəmləndirmək siyasəti həyata keçirir. Ölkəmizin strateji tərəfdaşlarının artması bunun təsdiqidir. Çünki bir dövlətin digər ölkədə həyati əhəmiyyətə malik mənafeləri olanda və bu qarşılıqlı səmərə verəndə onlar strateji tərəfdaşa çevrilirlər. İndi Azərbaycan son dərəcə mühüm geosiyasi məkana və ölkəyə çevrilib. Bu isə, öz növbəsində, milli maraqlarımızın təminatına və təhlükəsizliyimizin möhkəmlənməsinə xidmət edir.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə nüfuzu da artmışdır. Hazırda ölkəmiz regionun lider dövlətidir. Bu gün Azərbaycan dünyada ən islahatçı, iqtisadiyyatı hərtərəfli və dinamik inkişaf edən, regionda qüdrətli, söz sahibi olan ölkə hesab olunur.
Hazırda bölgələrimizdə də Qərb standartlarına cavab verən sənaye və emal müəssisələri, təhsil və səhiyyə ocaqları, müasir infrastruktur yaradılır. Regional inkişafa dair ikinci Dövlət Proqramı uğurla həyata keçirilir. Bütün bunlar ölkə iqtisadiyyatının qüdrətlənməsinə, insanların rifah halının daha da yaxşılaşmasına xidmət edir.
Qlobal iqtisadi böhranın yaratdığı fəsadlar hələ də davam edir. Hətta dünyanın ən inkişaf etmiş ölkələri bu tənəzzüldən qaça bilmirlər. Lakin ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursu böyük uğur və bacarıqla davam etdirən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz inkişaf tempini qoruyub saxlayır. İqtisadi yüksəliş, məhsuldarlığın artması, dünya iqtisadiyyatına özünəməxsus yolla sürətlə inteqrasiya xalqımızın rifah halının da yüksəlməsi ilə müşayiət olunur.
Azərbaycan bu gün dünyada həm də ən islahatçı ölkə kimi qəbul edilir. Bu, Prezident İlham Əliyevin güclü, prinsipial siyasi iradəsi, gələcək perspektivi aydın təsəvvür etməyə imkan verən intellekti, doğru və reallığa əsaslanan siyasət yürütməsi və vaxtında düzgün qərarlar qəbul edə bilməsi nəticəsində mümkün olub. Ölkə rəhbəri öz fəaliyyətində müstəqillik prinsipini əsas tutur, milli mənafeyə xidmət edən siyasət yeridir.
Dövlət başçısı çıxışlarında dönə-dönə vurğulayır ki, əldə olunan nəticələr yaxın məqsəddir, son hədəf deyil: "Hesab edirəm ki, Azərbaycan artıq özünü dünyada, dünyanın iqtisadi-maliyyə bazarlarında daha da qabarıq şəkildə göstərməlidir. Azərbaycan artıq qlobal məsələlərin həllində siyasi güc kimi iştirak edir. Biz maliyyə resurslarımızı nəzərə alaraq maliyyə gücü kimi də iştirak etməliyik... Hazırda Azərbaycan donor ölkəsinə çevrilir və bu, yeni dövrdür. Biz buna hazırıq. Yəni, bu dövrü biz başlayırıq və bu, bizim təşəbbüsümüzdür. Bu təşəbbüs bizə həm iqtisadi, həm siyasi dividendlər gətirir və gələcəkdə daha da çox gətirəcəkdir".
Rasim NƏBİYEV,
Azərbaycan İctimai-Siyasi
Universitetinin rektoru,
iqtisad elmləri doktoru,
professor
Azərbaycan.- 2012.- 13 iyun.- S. 2.