Şəxsiyyət
və zaman
Hələ universitet tələbəsi olanda şəxsiyyət haqqında ilk mülahizələri, bəlkə də qəbul etdiyimiz dəqiq formulu tanınmış bir filosofdan eşitmişdik. Yazı lövhəsinə çoxlu sayda yazdığı sıfırların zarafatla cəmini soruşardı. Bizdən cavab gözləməzdi. Deyərdi ki, lap sonsuz sayda sıfırlar bir-birinin ardınca düzülsə də, artımı yoxdur. Amma həmin sıfırların önünə hər hansı bir rəqəmi əlavə etsək, onun cəmi o qədər böyüyür ki, hətta hesablamaq çətin olur. Həmin sıfırları hərəkətə gətirən rəqəm cəmiyyət həyatı kontekstində həm də şəxsiyyətin funksiyasını yerinə yetirir. Daha doğrusu, cəmiyyət belə şəxsiyyətlərin oyaq ağlından, ayıq təfəkküründən faydalanmaqla öz tarixi taleyini, gələcəyini qurur.
Əsrlər, qərinələr ötsə də, vaxt, dəyişsə də, illərin yaddaşında şəxsiyyətin ağıl enerjisinin izi, onun möhtəşəmliyi, əbədi müasirliyi qalır. Tarixin ləngər vurduğu, dövrün, zəmanənin büdrədiyi məqamlarda əl tutub yapışdığımız ətək, qibləgah kimi inandığımız, güvəndiyimiz qüvvə həmin şəxsiyyətlərdir. Onlar o qədər yüksəkdə, zirvədə dayanır ki, heç bir kustar axın, zədəli əxlaq, zəmanə dələduzu monumental nüfuza çat və xal sala bilmir. Ona görə ki, şəxsiyyətin arxalandığı qüvvə nə onun vəzifəsidir, nə karyerası, nə də ki, daim hərəkətdə olan bürokratiya konveyeri. Şəxsiyyət ağlına, zəkasına, mənəvi kamilliyinə, bir də ona mandat və səlahiyyət verən xalqına, millətinə güvənir. Hansı çətinliklə, sıxıntı və əzabla üzləşsə də, axıradək sübut edir ki, xalq etimadında, güvəncində yanılmayıb.
Belə bir sınanmış mülahizə var ki, şəxsiyyəti mühit yetişdirir. Amma bunun da yanlış tərəfləri, mübahisə və polemika mövzusu olan məqamları var. Qeydsiz-şərtsiz sübut olunub ki, bəzən saraylarda, elitar mühit adlandırdığımız zahiri zənginlərin əhatəsində alaçıq əxlaqına tay olmayan mənəviyyatsız nəsil yetişir! Cəmiyyəti, sabahımızı onların geri zəkasının, harın və doyumsuz nəfsinin, sərvət hərislərinin ümidinə qoymaq günahdır. Bu günahı bölə-bölə, xırdalaya-xırdalaya heç kəs özündən və əhatəsindən zərrə qədər də uzaqlaşdıra bilməz. Ona görə ki, biz hər birimiz güzəştə və təslimçiliyə meyil etdikcə əsl şəxsiyyətin görə biləcəyi fundamental işlərə açıq və ya gizli zərbə vurmuş oluruq. Əlbəttə, zədəli əxlaqın, diletant düşüncənin, ortabab təfəkkürün ağrısını və acısını tək-tək adamlar yox, hamımız çəkirik. Karyeristin sayıqlığı isə bircə şeyə xidmət edir: özünə, vəzifəsinə, saxta şöhrətinə, ən nəhayət, yaxın əhatəsinə. Şəxsiyyətin böyüklüyü ondadır ki, hər cür cılız və dayaz ehkamları cəsarətlə inkar edir, bəşəri itkilərin qarşısını almaq, mahiyyətcə yeni və faydalı yaşam modelləri tapmaq barədə düşünür. Elə cəmiyyətdə şəxsiyyəti ucaldan və yüksəklikdə saxlayan da onun fitri qabiliyyəti, oyaq ağlı, çevik düşüncəsi, milli-tarixi dəyərlərə bağlılığıdır. Şəxsiyyətin həndəvərində dolanan şlyapa, qalstuk həvəskarları, zahiri bər-bəzək hərisləri nə qədər cəhd etsələr də, mənəvi dəyərlər həddini və səddini aşmaqda çətinlik çəkir, böyük meyarlara, ölçülərə şərik ola bilmirlər.
Xalqın yaddaşında xilaskar və mötəbər şəxsiyyət kimi qalanlar zamanın ləngərindən keçib tarixi sima kimi əbədiyyət qazanırlar. Özü də belə status pay kimi verilmir. Bunun üçün şəxsiyyətin cəmiyyətdəki müstəsna missiyası bəşəri dəyərlər həddində qəbul olunmalıdır. Ötən əsrdə təkcə Azərbaycan ədəbi mühitində siyasi qalmaqalları, 37-ci ilin ehkamlarını, hədə-qorxularını üstələyən, cəsarəti gerçəkləşdirən güclü şəxsiyyətlər yetişib. Şərqin mətbuat və satira şedevri "Molla Nəsrəddin" də bu illərin eniş-yoxuşlarında çarpışırdı. Bu dəyərli jurnalın naşiri Mirzə Cəlil yaşadığı dövrün elə şəxsiyyətlərindən idi ki, onun intellektual gücü, tükənməyən enerjisi hələ neçə nəsillərin oyanış və dirçəliş yolunu işıqlandıracaq.
Şəxsiyyətin ucalığı, böyüklüyü bir də müdriklik və nüfuz amili ilə ölçülür. Belə şəxsiyyətlər potensial enerjisini kürsü və səlahiyyət savaşına yox, xalqı, milləti, cəmiyyəti bəşəri itkilərdən, ədavətsiz bölgülərdən, zərərli ambisiyalardan qorumaq yolunda sınayır. Azərbaycan xalqı ötən əsrin sonuncu onilliyində ən ciddi sınaqlarla üzləşdi. Hətta müstəqilliyin kövrək illərində xalqı yenidən əsarətə, ətalətə sürükləmək, imperiya əyalətinə çevirmək təhlükəsi var idi. Məhz həmin illərdə Azərbaycan xalqı doğru seçimi ilə öz xilaskarına üz tutdu - Heydər Əliyev hakimiyyətin ən yüksək kürsüsünə qayıtdı və bu qayıdışla hər şeydə dönüş, dirçəliş və tərəqqi yaratdı. Ən qısa zaman kəsiyində Azərbaycan etibarlı, zəmanətli dövlətçilik ənənələrinin təməl prinsipləri üzərində inkişaf yoluna qədəm qoydu. Dünyanın güc mərkəzləri sayılan dövlətlər heç bir diplomatik gedişlə siyasi arenada ölkəmizin maraqlarına qəsd edə bilmədilər. Böyük şəxsiyyətin ölçülü-biçili siyasi gedişləri dünya xəritəsində nəhəngliyinə güvənən qüvvələri açıq-aşkar mat qoyurdu. Xalq belə şəxsiyyətlərin zəkasına, nüfuzuna və çevik düşüncəsinə arxalananda öz varlığını, bütövlüyünü, ən nəhayət, müstəqilliyini hər cür qəsddən, itkilərdən və fəlakətdən qoruya bilir. Heydər Əliyev təpərli şəxsiyyət olduğunu ən adi məqamlarda da təsdiqləyir və öz gücünü qarşı tərəfə sübut edirdi.
1994-cü ildə Moskvada MDB dövlət başçılarının görüşü keçirilirdi. Həmin görüşdə Azərbaycan Prezidenti Heydər Əliyev də iştirak edirdi. Kremlin iclas zalında hər bir dövlət başçısı üçün xüsusi yer ayrılmışdı. Azərbaycan televiziyasının çəkiliş qrupu da həmin toplantıdan süjet hazırlayırdı. Hadisənin canlı şahidi kimi bir məqamı yaxşı xatırlayıram. Azərbaycan Prezidenti iclas zalına daxil olanda müxtəlif ölkələrin mətbuat təmsilçiləri onu müsahib seçməyə daha çox meyil və maraq göstərirdilər. Böyük şəxsiyyətin hər şeyə - ən adi detallara ciddi diqqət yetirdiyinin şahidi olduq. Nədənsə, Azərbaycan nümayəndə heyətinin yeri sonuncu sıraya düşmüşdü. Heydər Əliyev ona ayrılan yerə yaxınlaşıb bir anlıq zala nəzər saldı. Sonra nümayəndələrə üz tutaraq dərhal iradını bildirdi: "Əgər kürsü bölgüsü əlifba sırası ilə təyin olunubsa, nəyə görə Azərbaycan axırıncı yerə düşüb? Məsləhət görürəm ki, növbəti toplantılarda belə savadsızlığa yer verilməsin". Biz onda gördük ki, MDB dövlət başçılarının çoxu öz yerini Azərbaycan Prezidentinə təklif etdi. Amma Heydər Əliyev yenə də yumorunu gizlətmədi: "Bu saray mənə yaxşı tanışdır. Ona görə də hansı səmtdə otursam da, hər tərəfi və hər kəsi yaxşı görürəm..." Belə kəsərli, arqumentli cavab Azərbaycan təmsilçilərində böyük qürur və iftixar yaratdı. Fəxr edirdik ki, tanınmış diplomatın, nüfuzlu şəxsyiyətin rəhbərlik etdiyi ölkədə yaşayırıq!
Azərbaycan Prezidenti ünsiyyətdə qarşı tərəfə öz xalqının, millətinin qədərsiz təəssübkeşi olduğunu dərhal hiss etdirir, belə məqamlarda bəzən sərt mövqe nümayiş etdirməkdən də çəkinmirdi. Yenə Rusiya səfərlərinin birində - Moskvadakı xarici ölkə səfirlərinin bir neçəsi ilə görüş keçirilirdi. Həmin görüşdə coğrafi meridiana görə daha böyük olan ölkələrdən birinin səfiri Azərbaycan haqqında danışanda bu dövlətin ərazicə kiçikliyini dəfələrlə vurğuladı. Nədənsə, diplomatın bu siyasi gedişi Azərbaycan Prezidentini qane etmədi və dərhal tərcüməçi vasitəsilə səfirin mövqeyinə münasibət bildirdi: "Sizin ölkə haqqında təəssüratım genişdir. Mən hələ Sovetlər Birliyinin rəhbərlərindən biri olanda sizin dövlətin başçısı mənə tez-tez müraciət edərdi. Bəzən həlli çətin olan problemlərdə geniş məsləhətlər alardı. Dövlətin kiçikliyinin, böyüklüyünün fərqi yoxdur. Gərək idarəetmədə xırdalanma olmasın". Bu xatırlatma az qala səfirin özünü cılızlaşdırdı, qarşısındakı dövlət adamının nəhəng siyasətçi olduğunu dərk etdi.
Tarixi təcrübə sübut edir ki, çevik siyasətçilər öz ənənələrini davam etdirən layiqli nəsil yetişdirmək üçün də ardıcıllıqla çalışır, xalqın taleyini etibarlı davamçılarına ümid edirlər. Yeni nəsil isə ənənəni ən çevik yeniliklərlə zənginləşdirir, sərbəst təfəkkürə, müstəqil düşüncəyə, bəşəri dəyərlərə üstünlük verməklə daha ciddi layihələrə, qlobal dəyişmələrə meydan verir. Yaratdığı yeni ənənələrlə həm varislik prinsiplərini qoruyur, həm də nəsillər arasında pozulmaz rabitə, çevik əlaqə yaradır. Belə olanda intellektual inqilabın, mərhələli dəyişikliklərin, irimiqyaslı sosial və siyasi proseslərin yüksək nəticələrini xalq qədərincə dəyərləndirir və ona tərəfdar çıxır. Elə Azərbaycan Prezidenti İlham Əliyevin varislik ənənələrini ləyaqətlə, xalqın etimadına uyğun davam etdirməsi bir daha sübut edir ki, böyük şəxsiyyətlər yaxın və uzaq gələcəyin də konturlarını dəqiqliklə cıza bilir. Həm də cəmiyyətin, millətin mənafeyi əsas meyar, ciddi prinsip kimi qəbul olunur. Belə olanda şəxsiyyətlə xalq arasında ünsiyyət səmimiyyəti inam və etibar üçün zəmanətli təminat yaradır.
Bəşir
ŞƏRİFLİ
Azərbaycan.- 2012.- 13 iyun.- S. 2.