Yüz il ayrı yaşasaq da, qardaş qardaşdı, qardaş!

 

Evlərinin önü yonca,

Yonca qalxıb dam boyunca,

Boyu uzun, beli incə...

 

Uşaqlı-böyüklü hamının əzbər bildiyi bu mahnı vaxt yaranıb? Demək çətindir. Bir onu bilirik ki, onun yaşı həsrətimizin yaşı qədərdir. Həsrətimizin yaşını isə, yəqin ki, heç vaxt bilə bilməyəcəyik...

Yüz illərdir Kərkük deyəndə içimizdən bir Füzuli ağrısı gəlib keçir. O ağrını azaltmaq, onun yanar dillərini soyutmaq üçün nələr etmədik? Nərminə Məmmədova ilə Sinan Səidin oxuduğu kərkük mahnıları bu həsrətimizi əlinə götürüb el-el, oba-oba dolaşdı, açmadığı qapı qalmadı. Xalq şairi Rəsul Rza ilə professor Qəzənfər Paşayevin, Lətif Bəndəroğlunun tədqiqatları, araşdırmaları necə böyük həqiqətləri ortaya çıxardı. Bu həqiqətin isə bircə adı var - Kərkük bizimdir, biz Kərkükünük. Bakıda "Azərbaycan-İraq mədəni əlaqələri: dünəni, bu günü gələcəyi" adlı ədəbi-bədii gecədə Kərkük ziyalılarından birinin dediyi kimi:

 

Yüz il ayrı yaşasaq da,

Qardaş qardaşdı, qardaş!

 

Artıq bir neçə gündür Azərbaycanda bir Kərkük sevinci yaşanmaqdadır. Bütün Azərbaycanı gəzəcək bu sevincin ilk göz yaşları Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında yaşandı. "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşəbbüsü təşkilatçılığı ilə Milli Qurtuluş Günü ilə bağlı keçirilən bu  ədəbi-bədii gecə tədbirlər silsiləsindən birincisi idi.

Tədbiri uzun illər İraqda çalışan oradakı soydaşlarımızın ədəbiyyatı, folkloru ilə bağlı çoxlu sayda kitabların araşdırmaların müəllifi professor Qəzənfər Paşayev açıq elan edib. O, Azərbaycan-İraq ədəbi, mədəni, tarixi əlaqələrindən, tədbirin əhəmiyyətindən danışdı. Qəzənfər Paşayev ulu öndərin vaxtilə İraq türkmənlərinin İstanbulda dərc olunan "Qardaşlıq" dərgisinə verdiyi müsahibəni yada salaraq onun bu fikrini xüsusi vurğuladı: "Biz bir bütövün hissələriyik."

Daha sonra millət vəkillərinin, ziyalıların qatıldığı gecədə çıxış edən Qənirə Paşayeva İraqla, Kərküklə bağlı xatirələrindən danışdı. Deputat Kərkükə ilk getdiyi anlardan, gördüklərindən, orda yaşayan soydaşlarımız, ədəbiyyatımız, mədəniyyətimiz haqqında belə dedi: "İraq bizə hər zaman uzaq, ki, iraq olub. Orada bizim öz qardaş bacılarımız yaşayır yaradır. Əminəm ki, dost-qardaş İraqla, o cümlədən bu ölkədə yaşayan təxminən 3 milyon canı canımızdan, qanı qanımızdan olan bacı-qardaşlarımızla əlaqələrimiz getdikcə daha da genişlənəcək güclənəcək".

Daha sonra İraqdan gələn məşhur türkmən musiqiçisi İsmail Tərzioğlu Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva ilə bir duet oxudu. Şəmistan Əlizamanlı Nuriyə Əhmədovanın səsləndirdiyi türkülər, İraq Kərkük sənətçilərinin çıxışları, Ağalar Bayramovun söylədiyi şeirlər qonaqlar tərəfindən alqışlarla qarşılandı.

İraqın Azərbaycandakı səfirinin qatıldığı bu tədbirdə iştirak edən qonaqlar  tədbiri yüksək səviyyədə qiymətləndirdilər,  iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə əmin olduqlarını söylədilər.

Qeyd edək ki, qonaqların Qarabağa - Xocavənd rayonuna səfəri, qaçqın məcburi köçkünlərlə görüş böyük konsert proqramının düzənlənməsi nəzərdə tutulub. Eyni zamanda onlar Tovuza Gəncəyə səfər edəcək, hərbçilər qarşısında konsert proqramı ilə çıxış edəcəklər. Qonaqların həmçinin Qubadakı "Soyqırım məzarlığı" ziyarət etməsi, ayrı-ayrı TV-lərdə çıxışlar da planlaşdırılır. Bir sözlə, Azərbaycanda neçə ildən sonra yenidən bir Kərkük rüzgarı əsməkdədir - rüzgar isə həmişə kədər gətirmir...

 

 

 Bəxtiyar QARACA

 

Azərbaycan.- 2012.- 13 iyun.- S. 2.