“The National İnterest”:
Vaşinqton Qafqazdan nə istəyir?
Vaşinqtondakı
nüfuzlu beyin mərkəzlərindən biri
olan "Milli Maraqlar Mərkəzi"nin
beynəlxalq münasibətlərdə
aktual məsələləri
işıqlandıran "The National İnterest" jurnalında
ABŞ dövlət katibi
Hillari Klintonun Cənubi Qafqaz bölgəsinə son səfəri
barədə təhlili
məqalə verilmişdir.
Strateji və Beynəlxalq Araşdırmalar
Mərkəzinin Rusiya
və Avrasiya proqramları üzrə tədqiqatçısı Sergey Markedonovun "Vaşinqton
Qafqazdan nə istəyir?" sərlövhəli
yazısında bölgədə
maraqları olan böyük dövlətlərin
Azərbaycan, Ermənistan
və Gürcüstana
yanaşmasını və
xarici siyasət qərarlarının arxasında
duran səbəblər
araşdırılmışdır.
Xanım
Klintonun bu dəfəki səfərinin
onun dövlət katibi vəzifəsində Qafqaza, çox güman, son səfərinin olduğunu
xatırladan müəllif
bildirir ki, Amerika baş diplomatının bölgə
turnesi bir sıra vacib məsələləri gündəmə
gətirmiş və
ABŞ ilə Rusiya arasında bölgə ilə bağlı prinsipial fərqləri ortaya çıxarmışdır. Belə ki, Rusiya, İran və Türkiyədən fərqli
olaraq Qafqazın geosiyasəti ABŞ-dan uzaq məsafədə olan bir problemdir.
Rusiya üçün Cənubi
Qafqazda sabitliyin hər hansı formada pozulması isə Şimali Qafqazda proseslərin qızışması deməkdir.
Rusiya burada baş verənləri, Qərbin düşündüyü kimi,
"nostalji" və
ya "sabiq imperial hisslər"lə deyil, ölkənin daxili problemlərinin Cənubi Qafqazdakı davamı kimi qəbul edir. Mülahizələrini
davam etdirən tədqiqatçı, Türkiyənin
yeni xarici siyasət doktrinasını
sınaqdan çıxarmaq
üçün
Qafqazı bir vasitə kimi qiymətləndirdiyini bildirir.
İran isə bu bölgəyə
öz sərhədləri
yaxınlığında xaricdən
potensial müdaxilə
təhdidi kimi və bölgədə onun artan qüvvəsinə
çətinlik yaradan
bir amil kimi baxır.
Bu cür yanaşmalardan fərqli olaraq ABŞ siyasəti üçün
Qafqaz təcrid olunmuş şəkildə
maraqlı deyil, əksinə, geniş xarici siyasət və təhlükəsizlik
məsələləri üzrə
iş aparmaq üçün forum kimi xidmət edir. Məsələn, Gürcüstan
ABŞ siyasətçiləri tərəfindən keçmiş
sovet dövlətləri
arasında "zəif
bənd" kimi qiymətləndirilir və
Rusiyanın Avrasiya bölgəsində təsirini
bərpa etmək üçün ondan alət kimi istifadə edəcəyindən
ehtiyatlanırlar.
Ermənistan və Azərbaycana gəldikdə isə bu ölkələr Birləşmiş Ştatların
Yaxın Şərq siyasətinin geniş kontekstində rol oynayır. İslam dünyasında olduqca
aşağı dəstəyi
olan Amerika Azərbaycanın dünyəvi
hakimiyyəti ilə münasibətlərin möhkəmləndirilməsində
maraqlıdır. Bununla yanaşı,
Azərbaycanın postsovet
dövlət quruculuğu
təcrübəsi digər
müsəlman ölkələrinə
ideoloji model kimi xidmət edə bilər.
Ermənistandan isə Dövlət Departamenti Ankaraya qarşı təsir vasitəsi kimi istifadə edir. Bu mənada, Hillari Klintonun 2010-cu ildəki səfəri çərçivəsində
Yerevanda "soyqırımı"
memorialını ziyarət
etməsi təsadüfi
deyildi.
Tədqiqatçının fikrincə, Gürcüstandakı
münaqişələrdən fərqli olaraq, Dağlıq Qarabağ məsələsində Vaşinqton
Moskva ilə geniş əməkdaşlıq
potensialı görür. Cənubi
Qafqazdakı bu münaqişənin həlli
prosesində neo-sovet bərpası təhlükəsini
hiss etməyən Vaşinqton
Ermənistan-Azərbaycan qarşıdurmasının
nizama salınmasında
məsuliyyəti Moskva
ilə bölüşməyə
hazırdır.
Sergey Markedonovun gəldiyi nəticə budur ki, Vaşinqtonun Qafqazda marağı bəllidir, lakin bu maraq bir
məsələyə bağlı
deyil - geniş xarici siyasət layihələrinin, o cümlədən Rusiya ilə münasibətlərin
bərpası, Yaxın
Şərq məsələlərinin,
İran və Türkiyə problemlərinin
həllinin bir hissədir. Göründüyü kimi, Moskva,
Tehran və Ankaranın
Cənubi Qafqaz bölgəsinə bir cür, Vaşinqtonun isə müxtəlif yanaşması barədə
danışmaq olar. Lakin tədqiqatçı hesab edir ki,
burada daha uğurlu olmaq üçün Avrasiya qüvvələri, xüsusilə
də, Rusiya dar düşüncədən
kənara çıxıb
Qafqazdakı həssas
çətinlikləri geniş
geosiyasi mənada görməyi bacarmalıdır.
Şəfəq AKİFQIZI
Azərbaycan.- 2012.- 13 iyun.- S. 4.